🇦🇿

Boladi Kəndinin Şəhidləri

Lənkəran rayonu Boladi kəndinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladları. Onların xatirəsi əbədi yaşayacaq.

14 Şəhid
Boladi Kənd
Lənkəran Rayon

Şəhidlərimiz

İlyas Qasımov

İlyas Qasımov

Əsgər
Doğum: 23.01.1974 | Şəhidlik: 12.09.1992

Qasımov İlyas Həşim oğlu 1974-cü il yanvar ayının 23-də Lənkaran rayon Boladi kəndində anadan olmuşdur. O, orta məktəbi Boladi kənd 1 saylı orta məktəbində oxuyub bitirmişdir. Sonradan 134 saylı peşə məktəbini bitirən İlyas kiçik yaşlarından anasını itirmişdir. 1992-ci ildə hərbi xidmətə çağrılmış İlyas döyüşlərin ən qızğın gedən yerində – Gəncə alayında xidmətə başlamışdır. Şiddətli döyüşlərin birində bir neçə əsgərimiz mühasirəyə düşür və yemək, su, silah-sursat tamamilə bitir. İlyas cəbhə yoldaşları ilə birgə çətinlikdə olan döyüş yoldaşlarına kömək etmək üçün yola düşür. Mühasirədə olan dostlarını qurtarmaq uğrunda gedən ölüm-dirim mübarizəsinin nəticəsi olaraq avqust ayının 31-i onlar cəbhə yoldaşlarını mühasirədən çıxarmağa nail ola bilirlər. İlyas bir neçə güllə yarası ilə Gəncə hospitalına çatdırılır. Təcili cərrahiyyə əməliyyatı aparılır. Sonrakı günlərdə də bir neçə dəfə əməliyyat olunsa da, həkimlərin səyi bir nəticə vermir. İlyas Qasımov sentyabrın 12-si şəhidlik zirvəsinə ucalır. “Hər şey yaxşı olacaq darıxmayın” Qardaşı – Qasımov Ağakişi müəllim İlyas evin sonbeşiyi idi. Sakit təbiətli, sözəbaxan, zarafatcıl biri idi. Onunla son dəfə görüşümüz elə yaralı vəziyyətində oldu. Atamla birgə yanına getmişdik. Gəncədə hospitalda idi. Güllə İlyasin qoluna dəyib, mədəaltı vəzisinə girib parçalamışdı. 2 dəfə əməliyyat olunmuşdu. Amma buna baxmayaraq sentyabr ayının 12-si gözlərini əbədi olaraq bu dünyaya yumdu. Hər zaman bizə təsəlli olar, gülə-gülə “hər şey yaxşı olacaq darıxmayın” deyərdi. İlyasın yaxşı xüsusiyyətlərindən biri də o idi ki, yalan danışmazdı və yalan danışan insanlardan acığı gələrdi. Hər zaman İlyası vətənpərvər biri kimi tanıdıq, vətənini çox sevirdi. Səni çox gözlədim Bacısı - Nəsibə xanım Ən əziz bir qardaş idi. Mən onun böyük bacısıyam. O, mənim üçün dünyalar qədər əzizdir. Mehriban və şən uşaq idi. Təkcə mənimlə deyil, bütün bacı –qardaşlarla mehriban idi. Özü gülərüzlü idi, istəyərdi, hamının üzünü güldürsün. Təzə ailə qurmuşdum, yoldaşım Rusiyada idi. İlyas tez-tez gəlib bizdə qalırdı. Bişirdiyim yeməkləri çox sevərdi. Mənə çox köməyi dəyirdi. İşlərimdə kömək olurdu. Əsgərlik yaşı çatanda o vaxt müharibə olduğu üçün biz – bacılar da hamı kimi narahat idik. Ona çox dedik ki, getmə, atamız onu əsgərlikdən saxlatmaq istəyirdi, amma İlyas dedi ki, mən getməliyəm. Əsgər getməyinə 2 gün qalırdı, bizə gəlmişdi, əlində iki oyuncaq silah gətirmişdi. Bizim oğlanlar o vaxt 4-5 yaşlarında idilər. Hərəsinə birini verib dedi ki, dayı sizin üçün silah alıb, bununla erməniləri vurarsız. Bu xatirə indi də oğlanlarımın yadındadır. Son görüşümüzü heç vaxt unutmuram. Gəncədə hospitalda yaralı olduğu vaxt onu görməyə getmişdik. Biz ora çatanda onu əməliyyatdan təzə çıxartmışdılar. Məni görən kimi gözləri doldu və dedi ki, səni çox gözlədim, niyə gec gəldin? Onun bu sözləri məni çox kövrəltdi. İndi də o səhnə, o söz yadımdan çıxmır. Ümumiyyətlə, mən çox ağlayırdım. Masallıda olmağımıza baxmayaraq tez-tez İlyasın məzarı üstünə gedərdim. Bir dəfə yuxuda onu körpəlik yaşındakı kimi anamın qucağında gördüm. Gördüm anam da, İlyas da gülürlər. Sanki mənə təsəlli vermək istəyirdilər ki, az ağlayım. Hər kəsə təsəlli verirdi Qardaşı – Qasımov Şirbala Mənim 9 yaşım İlyasın 7 yaşı olanda anamızı itirdik. Əzab-əziyyətlə böyüdük. İlyasın xatirələri çoxdur, istər anamla, istər uşaqlığımız ilə. Elə xatirələri var ki, nə danışmaqla, nə də başqa bir vasitə ilə canlandırmaq olmaz. Onun danışığı, davranışı, yerişi, səsi – hamısı gözümün önündədir. Çox mərd insan idi. Sözü bir dəfə deyərdi və sözünün üstündə durardı, sözünün ağası idi. Söz verib əməl edərdi. Uşaqlara qarşı mehriban idi, çox sevərdi uşaqları. Ağır güllə yarası almışdı. Dediyinə görə, onlar da mühasirəyə düşmüşdülər. Xəstəxanada yatdı bir neçə gün. Əməliyyat olundu bir neçə dəfə. O zamanlar səhiyyə indiki kimi deyildi, zəif idi. Nə qədər çalışsalar da, İlyası qurtara bilmədilər. Şəhid olandan bu yana bir dəfə yuxuma girib. Təzə evlənmişdim o vaxt. Yuxuma girdi. Çox yüksək bir yerdə oturmuşdu. Qeyri adi bir yer idi. Mənimlə danışdı. Soruşdum yerin necədi, İlyas? Gülümsəyərək mənə dedi: “Sən mənim üçün narahat olma”. Ondan sonra heç vaxt onu yuxumda görməmişəm. Son görüşümüz xəstəxanada oldu. Son günlərini yaşayırdı. Biz bilirdik, vəziyyəti yaxşı deyil, amma o, hər kəsə təsəlli verirdi, “yaxşı olacam, məndən ötrü nigaran olmayın” deyirdi. Yaralanmasına baxmayaraq heç vaxt şikayət etmədi. Kimsənin narahat olmasını ağlamasını istəmirdi. Biz onu o vəziyyətdə görüb narahat olub ağlayırdıq, amma o, bizə təskinlik verirdi “niyə ağlayırsız, mənə nə olub ki, yaxşıyam Şükür Allaha” deyirdi. 1992-ci ildə İlyas rəhmətə gedəndən sonra atam çox əziyyət çəkdi, onun yoxluğuna dözə bilmirdi. Gecə-gündüz ağlayırdı. 1994-cü ildə atam da vəfat etdi. Demişdi sizə gələrəm, səninlə qalaram Bacısı – Zeynəb xanım İlyas evimizin axırıncı uşağı idi. Hamı onu çox istəyirdi. Anasız böyüdü. O, 7 yaşında olanda anamız rəhmətə getdi. Biz bacılar çalışmışıq, ona anasızlığı hiss etdirməyək, amma bu, çox çətin idi. Biz evləndikdən sonra ona həmişə deyərdim ki, gəl bizdə qal. O da deyərdi ki, gələrəm. Son dəfə xəstəxanada gördüm qardaşımı, əməliyyat olunmuşdu. Deyirdi: “Bacı, darıxma, hər şey yaxşı olacaq. Buradan çıxıb sizə gələrəm, səninlə qalaram”. Qismət olmadı... İlyas çox sakit, mehriban, həm də çox zirək idi. Hamıya kömək etməyə can atardı. Uşaqlığını xatırlayıram, məktəbdən gələndə gördüklərini, onun üçün yenilik olan hadisələri bizə danışardı. Elə də çox danışan deyildi. Çox vaxt sakit qalıb susardı. Bir dəfə uşaqlarla çayda çimərkən kiminsə uşağı boğulurmuş. İlyas özünü atıb o uşağı xilas etmişdi. Bircə gün onu görmək fürsəti olsaydı, həyatda nəyim varsa, ona fəda etməyə hazıram. Həmişə qəlbimizdədir. Kəndə gələndə həmişə onun qəbri üstə gedib onu ziyarət edirəm. Çox əzab əziyyətlə böyüdü. Uşaqlıq dostu – Fuad İlyas mənimlə həm məhəllə uşağı idi, həm də dostum idi. Onun haqqında nə qədər danışsam, azdır. O, 1974-cü il yanvar ayının 23-də dünyaya gəlib, mən isə 25-də dünyaya gəlmişəm. Ad günülərimizi çox zaman birlikdə qeyd edərdik. O günləri tez-tez xatırlayıram. Xoş günlərimiz keçib İlyasla. Çox erkən yaşlarda – 7 yaşında anasını itirdi. İlyas çox vaxt anasızlıq dərdi çəkirdi. Zarafatcıl olmasına baxmayaraq gözlərindəki o kədər hiss olunurdu. Çox əzab-əziyyətlə böyüdü. Cəsarətli, güclü biri idi. Güləşərdik, uşaq davaları edərdik. Çox güclü idi, bizə qalib gələrdi. Birlikdə hərbi xidmətə getdik, eyni hərbi hissədə qulluq edirdik. Son dəfə hərbi hissədə gördüm İlyası. Sonradan bizi bölüşdürdülər, ondan xəbərim olmadı. Allah rəhmət eləsin İlyasa. Şəhidlik zirvəsinə ucaldı. Bütün cavanlara tövsiyə edirəm ki, onun kimi cəsur, mərd, çalışqan olsunlar.

Nahir Axundov

Nahir Axundov

Kəşfiyyatçı
Doğum: 01.03.1974 | Şəhidlik: 19.10.1992

Axundov Nahir Ənvər oğlu 1974-cü il martın 1-də Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. Orta təhsilini indi öz adını daşıyan Boladi kənd 1 saylı orta məktəbində almışdır. Nahir Lənkəran hərbi komissarlığının nəzdində sürücülük məktəbini bitirdikdən sonra Milli Ordu sıralarına çağırılıb. Kəşfiyyatçılar dəstəsində xidmət edib. İlk döyüşə atılmağı 1992-ci il avqust ayının axırlarında Laçın rayonunda baş tutmuşdur. Həmin il oktyabr ayının 19-da Laçın rayonunun Sarıbala yüksəkliyi uğrunda döyüşlərdə xüsusi igidlik göstərmişdir. Az sonra yaralanmış və çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmamışdır. 1992-ci il oktyabırın 21-də doğma yurdunda – Boladi kəndində torpağa tapşırılmışdır. Gecələri onun xəyalı ilə yatıram ki, yuxuma girsin... Anası - Azadə xanım Nahiri son dəfə burada qapıda yola saldıq, getdi. Həmin gecə qatarla yola düşdü. Daha onu görmədim. Tez-tez məktub yazardı bizə. Başağrısı olduğu üçün tez-tez bizdən dərman istəyərdi... Deyərdi, yerim yaxşıdır, amma başım tez-tez ağrayır. Saf uşaq idi, həmişə gülürdü, gülərüzlü idi... Məktəb illərində də gülərüzlü bir uşaq idi. Müəllimləri bəzən onun gülməyinə irad tutardılar, deyərdilər, bu uşaq elə həmişə gülür... Çox vaxt gecələri onun xəyalı ilə yatıram ki, yuxuma girsin. Amma heç yuxuma girmir. Heç vaxt deməzdi, “bunu istəmirəm, onu istəyirəm”. Nə desəydik, nə iş tapşırsaydıq, deyərdi: “Baş üstə”. Mənə yalan danışmağını, dediklərimi qulaq ardına vurmağını, yaxud pis uşaqlara qoşulub evə gec gəlməsini heç vaxt görmədim. Yalan deməyi bacarmazdı Qardaşı – Nahid Axundov Məndən 5 yaş kiçik idi. Uşaqlıq illəri yadımdadır. Saf uşaq idi, saflığı onun ən spesifik xüsusiyyəti idi. Atasını çox sevirdi... Düzlüyü, dürüstlüyü sevərdi. Yalan deməyi bacarmazdı... Biz bəzən uşaq şıltaqlığı ilə nəsə yalan danışardıq, amma o danışa bilməzdi. Yalan deməyi bacarmazdı. Martın 1-də 1992-ci ildə 18 yaşı tamam olmuşdu, o vaxtı Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinə apardıq, dedilər, sabah gələrsiz. 2-3 dəfə getdik, sonuncu dəfə qəbul etdilər. Biz özümüz də təyin elədik ki, onları avtobusda da ancaq oturacaqların sayına görə götürürdülər. Bildik ki, uzaq yerə gedirlər. Amma sonradan öyrəndik, əslində Nahir Bakıda kəşfiyyat bölməsinə düşübmüş, həmin hərbi hissəyə deyil, onları birbaşa döyüş bölgəsinə aparmışdılar. Bir neçə məktubları gəlmişdi, yazırdı, Goranboydayam. Sonra yazdı ki, Laçındayam, yerimiz yaxşıdır, hər şey yaxşıdır. Müdafiə Naziri də onları yoxlamağa gəlib. Sonradan məktubları gəlmədi. Sən demə, daha qabağa aparıblarmış. Xəstəlik kağızı düzəltməyi özünə sığışdırmadı Bacısı - Nahidə xanım Məktəbə onunla birlikdə gedərdik, birlikdə gələrdik. Çox xatirələrimiz var onunla. Çox həvəsli idi hərbiyə getməyə. Mənə yadigar ancaq ikimizin birgə çəkdirdiyimiz şəkil qalıb. İndi o şəkilə baxanda deyirəm, nə yaxşı ki bu şəkili çəkdirdik... Həyatsevər bir qardaş idi, əsgər getməyə çox həvəsli idi. Vətənpərvər idi. Yoldaşlarının çoxu xəstəlik kağızı alırdılar, ona da demişdilər ki, sən də xəstəlik kağızı düzəlt. O, özünə sığışdırmadı. Bir-iki dəfə yuxuda görmüşəm, çağırmışam, demişəm, bizim yanımıza gəl. Deyib, gələ bilmərəm... Deyirlər, şəhidlər Allahın sevdiyi bəndələrdir. Allah yəqin ki, Nahiri də çox sevirmiş. Bizdən aldı, öz yanına apardı. Sonuncu görüşümüz həyətimizdə olub, onu yola salanda hamımız görüşdük, yola saldıq. Onun haqqında danışmaq asan deyil. Adamı qəhər boğur. Bircə təsəllimiz budur ki, Vətən uğrunda şəhid olub. Əslində, elə bizim uğrumuzda şəhid olub. Bu, onu göstərir ki, o, bizləri çox sevdiyi üçün şəhid olub. “Onun mərdliyi igidliyi elə uşaqlıqdan özünü göstərirdi.” Uşaqlıq dostu - Zəfər Rzayev Uşaqlıq dostum Nahir haqqında danışmaq çox çətindir. Biz xarakter cəhətdən fərqli insanlar idik. Mənim dalaşqan, etirazçı xarakterim var idi, amma o isə çox sülhpərvər, mülayim təbiətli bir uşaq idi. Heç vaxt münaqişə üçün zəmin yaratmaz, qalmaqaldan xoşu gəlməzdi. Amma nə vaxt mənimlə olsaydı, mənə görə münaqişəyə düşər və dalaşardı. Mənə görə döyülsə də, məni heç vaxt atıb qaçmazdı. Tez-tez onunla balıq ovuna gedərdik. Bir dəfə də balıq tutmağa getmişdik. Uşaq olduğumuza baxmayaraq çox uzaq məsafəyə – kəndimizdən qıraq bir əraziyə çıxdıq. O da mənim təkidimlə oldu. Elə oldu ki, biz balıq tuta da bilmədik. Sonda həmin kəndin uşaqları ilə mübahisəmiz düşdü. Onlar 8-10 nəfər, biz 2 nəfər idik. Bizi yaxşıca döydülər. Biz o ərazidən ayrıldıq, evə qayıdırdıq. Yolboyu Nahir mənimlə heç nə danışmadı. Bir kəlmə də kəsmədi. Hətta mən ona dedim ki, o uşaqlar mənə görə bizi döydülər, sən qaçıb gedə bilərdin, niyə getmədin? O isə heç nə olmamış kimi söhbətin mövzusunu dəyişdi və dedi, gedək çayda çimək... Onun mərdliyi, igidliyi elə uşaqlıqdan özünü göstərirdi. Elə vaxt olurdu ki, Nahir balıq çox tutardı, mən isə az. Öz tutduğu balıqları mənimlə tən yarı bölərdi. Səxavət cəhətdən də çox zəngin idi. Çox vaxt fikirli, düşüncəli gəzərdi. Etiraz edə bilmirdi. Sanki çox deyiləsi sözü var idi, amma susmağa üstünlük verirdi. Hərbi xidmətə getmək məsələsində onu evdən saxlatmaq istəyirdilər. Müəyyən sağlamlıq problemi də var idi. O isə hərbi xidmətdən yayınmağa heç cür razı olmadı. Baş ağrıları, baş gicəllənməsi var idi. Hətta həmin ərəfədə bir dəfə kəndin girişində başı gicəllənib kanala düşmüşdü. Paltarları yaş idi, evinə getmədi ki, evdəkiləri xəbər tutmasın. Bizə gəlmişdi. Məndən də xahiş etdi ki, bunu heç kimə deməyim. Çünki Nahir valideynlərinə onun hərbi xidmətə getməməsi üçün əsas vermək istəmirdi. Əsgərlikdən yayınan həmyaşıdlarına da pis baxırdı. Mənim kitaba olan sevgim onun sayəsində yaranıb. O, kitabları çox sevərdi, kitabxanalara abunə olmuşdu. Mən də onun vasitəsilə kitabxanalarla, kitablarla tanış oldum. Onun oxuyub tövsiyə etdiyi kitabları mən də alıb oxuyardım. Onun şəhid xəbəri gələndə sanki dünyam dağıldı. Heç cür qəbul edə bilmirdim Nahirin yoxluğunu. Birlikdə gələcəklə bağlı çox arzularımız var idi. Çox təəsüf edirəm ki, onun kimi bir oğul əlimizdən çıxdı. Məktəbimizin onun adına olması da təsadüfi deyildi. O məktəbdən yetişən hərbçilər, zabitlər, şəhidlər, qazilər sanki elə onun davamçıları oldular. Şəhid Nahir Axundovun adından ilham aldılar. Döyüşdən qaçmaq kişilik deyil. Sinif yoldaşı – Eldəniz Qasımov Şəhid Nahir Axundovla hazırlıq sinfindən başlayaraq 9-cu sinfə kimi bir yerdə oxumuşuq. Uşaqlığımız bir yerdə keçib, onlara gedib-gəlirdik. Zarafatlaşardıq, dərslərimizi çox vaxtı onlarda hazırlayardıq. Çox yaxşı savadı var idi. Zarafatcıl, deyib-gülən bir insan idi. Kəndimizin Seyyidoba məhəlləsində sevdiyi bir qız var idi. Onunla axşamçağılar həmin məhəlləyə gedərdik. Həm də çox utancaq idi. Bir dəfə qızın atası ilə rastlaşdıq, az qala yaxalanacaqdıq... Əsgərliyə gedəndən sonra mənə məktublar yazardı, mən də cavab yazardım ona, hal-əhval tutardım. O, bir müddət desant qüvvələrində xidmət etdi, paraşutla tullandıqlarını məktublarında yazırdı. Heç vaxt xidmətin çətinliklərindən yazmazdı, yazırdı ki, kişi kimi vətənə xidmət etmək lazımdır. Bir dəfə yazmışdı ki, kənddən olan bəzi əsgərlərimiz qorxaq kimi qaçıblar ordudan, adımızı batırırlar. Döyüşdən qaçmaq kişilikdən deyil. Bu cümlələr çox yadımda qalıb. Ümumiyyətlə, Nahir mərd oğul idi. Vətəni çox sevərdi. Onun məktublarını son 2 ilə kimi saxlayırdım, şəhid qardaşımın xatirəsi olaraq tez-tez oxuyurdum. Rusiyaya köçəndən o məktubları harada qoyduğumu xatırlamıram. Mən tələbə olan vaxtı eşitdim ki, Nahir şəhid olub. Eşitdiyimə görə, Laçında snayper gülləsindən həyatını dəyişib, səhəri gün kəndə gəldim, məclisində oldum. Mənim üçün çox çətin idi uşaqlıq və məktəb illərimin dostunu itirmək... Özü bilərək imtahandan kəsildi Uşaqlıq dostu – Axundov İdrak müəllim Ali məktəbə birlikdə hazırlaşırdıq. O, biləndə ki, ali məktəbə qəbul olanları orduya aparmırlar, bilərəkdən imtahandan kəsildi. Riyaziyyat fənnini çox gözəl bilirdi. Amma özü bilərək imtahandan kəsildi ki, həmən ili hərbi xidmətə gedə bilsin. Elə də oldu və o, hərbi xidmətə yollandı. Ondan sonra Nahiri görmək mənə nəsib olmadı. Əsl dost və çox gözəl insan idi. Dostluğu bacaran bir dost idi. Allah ona hər cür gözəl xüsusiyyət nəsib etmişdi. Harasa gedəndə mən yarım saat da geciksəydim, səbirlə gözləyərdi və heç deyinməzdi ki, niyə gecikirsən. O cür insanlar, bəlkə, hər 100 ildə bir dəfə gəlir dünyaya. Gözəl ailədə böyümüşdü, gözəl tərbiyə almışdı. Nahirlə mən fəxr edirəm. Fəxr edirəm ki, onun kimi bir qəhrəmanla dost olmuşam. Düşünürəm ki, hər kəs onunla fəxr etməlidir, məxsusən, kəndimizin gəncləri, cavanları Nahir kimi igidləri unutmamalıdırlar. Mənə ilk dəfə balıq tutmağı o öyrədib Uşaqlıq dostu - Hacı Nail Çox gülərüzlü idi Nahir. Uşaqlıq və yeniyetməlik illərimiz birgə keçib. Həmişə o vaxtkı kalxoz sahələrinə birlikdə gedib-gələrdik. Yadımdadır, mənə ilk dəfə balıq tutmağı o öyrədib. Onunla balıq tutmağa gedərdik. Əsl dost, əsl yol yoldaşı idi. Sadiqliyi, səbri, təmkini onu həmişə digərlərindən fərqləndirirdi. Nizam-intizam, dürüstlük cəhətdən də hamımızdan üstün idi. Məsələn, çoxları əkin sahələrinə işləməyə gələrdi, işi yarımçıq qoyub balıq tutmağa gedərdilər. Nahir isə nəzarət edən olmasa da, heç vaxt işini yarımçıq buraxıb getməzdi, öz üzərinə düşən işi tamamilə işləyib bitirərdi, sonra balıq tutmağa və digər məqsədlər üçün gedərdi. Ümumiyyətlə, o, günü başlayarkən evdən hansı məqsədlə çıxardısa, elə bütün günü o məqsədə xidmət edərdi. Çox heyif ki, o cür gözəl insan indi aramızda yoxdur. Düşünürəm ki, hal-hazırda cəmiyyətin Nahir kimi gülərüzlü, səmimi, mehriban, dürüst insanlara ehtiyacı var. Allah rəhmət etsin bütün şəhidlərimizi. Allah məqamlarını uca etsin.

Səfərəli Nəcəfov

Səfərəli Nəcəfov

Tank sürücüsü
Doğum: 15.03.1973 | Şəhidlik: 27.09.1993

Nəcəfov Səfərəli Rafiq oğlu 1973-cü il martın 15-də Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. Orta təhsilini Boladi kənd 1 saylı orta məktəbində almış və 1990-cı ildə həmin məktəbi bitirmişdir. Lənkərandakı sürücülük məktəbinə yazılmış və o məktəbi bitirdikdən sonra hərbi xidmətə Ukraynada başlamışdır. Səfərəli hərbi xidmətdə özünün savadı və bacarığı ilə seçilmiş əsgərlərdən olub. Tank sürücüsü ixtisası üzrə təlim və tədris almışdır. Sonralar Sovet dövlətinin dağılması ilə əlaqədar Vətənə qayıdaraq Milli Ordumuzda xidmətə başlamış, 1992-1993-cü illərdə gedən döyüşlərə qatılaraq mərdliklə vuruşmuşdur. 1993-cü il sentyabrın 27-də Ağcəbədi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Əsgərlikdən sonra ali təhsil alacağını arzulayırdı. Qardaşı - Maarif Nəcəfov Hər bir xüsusiyyəti, xarakteri – hamısı gözümün önündədir. Heç vaxt unutmadım, unutmaq olmur. Orta məktəbi bitirdikdən sonra Bakıda Xalq Təsərrüfatı İnstitutuna sənəd vermişdi, amma qəbul olunmadı. Rayonda sürücülük məktəbini bitirmişdi. 1991-ci ilin iyul ayında hərbi xidmətə yola düşdü. Ukraynanın Dnepropetrovsk şəhərində xidmətə başladı. 1992-ci ilin fevral ayında mənə məktub yazmışdı ki, azərbaycanlı əsgərlərin hamısı ölkəyə qayıdır. Mən də 2-3 gün müddətində Ukraynaya getdim, onu hərbi hissədən götürdüm, hərbi biletini də aldım birlikdə Azərbaycana qayıtdıq. Sonradan Azərbaycan Milli Ordusuna çağırış oldu. Səfərəlini biz rəhmətlik babamla apardıq, yola saldıq. Əvvəlki Prişib rayonundakı hərbi hissəyə düşmüşdü. “БТР” sürücüsü idi, yaxşı başı çıxırdı texnikadan. Bizdən xəbərsiz onu da döyüşlərə cəlb etmişdilər. Elə döyüşdə də “БТР” ilə şəhid olduğu deyildi. Çox mülayim, sadə qəlbli biri idi, heç əsəbiləşməzdi. Nə deyərdik, deyərdi: “Baş üstə”. Uşaqları çox sevərdi. O vaxt oğlum təzə doğulmuşdu, onunla çox oyanayardı, çox vaxt keçirərdi. Tamam başqa biri idi, bizim hamımızdan fərqli idi. Əsgərlikdən sonra ali təhsil alacağını arzulayırdı. Deyirdi, qayıdıb gəlib, təzədən imtahan verərəm. Təəssüf ki, qismət olmadı. Yaşamağa daha çox layiq biri idi. Özümü çox günahkar hiss edirəm ki, onu qoruya bilmədim. Allah bütün şəhidlərimizə rəhmət etsin. Elə bil, Allah onu Özü üçün yaratmışdı Bacısı - Hacər xanım Çox sakit bir uşaq idi. Çox az danışardı. Sakit təbiətli idi. Tamam başqa cür insan idi. Elə bil, Allah onu özü üçün yaratmışdı. Düzdür, məndən çox kiçik olub, amma uşaqlığı yadımdadır. Hərbi xidmətə də əvvəl Ukraynada başlamışdı. Sonradan Azərbaycanda döyüş başladı, o da gəldi və döyüşlərə qatıldı. Bir dəfə 2-3 günlük gəlmişdi, gördük ki, onun halı yaxşı deyil. Döyüşçü yoldaşları onun gözünün önündə şəhid olmuşdu. Səhv etmirəmsə, mina partlayışı nəticəsində dostları şəhid olmuşdu. Səfərəli də çox üzgün, məyus halda idi. Elə son danışıqları da dostlarının partlayış zamanı necə tikə-tikə olması, ətrafa səpələnməsi barədə idi. Sanki şəhid olacağını bilirdi. O, yenidən getdikdən sonra şəhidlik xəbəri gəldi. Anamız cavan yaşlarda rəhmətə getdi. Səfərəli uşaq idi. Anasızlıq ona çox təsir etmişdi. Bir bacı kimi həmişə ondan razı olmuşuq Bacısı – Həşimova Aygün Çox ağıllı, kamallı bir qardaş olub bizim üçün. Elə uşaqlıq vaxtında da sözəbaxan uşaq olub. Bir sözümüzü iki etməzdi. Heç olmayıb ki, bizim xətrimizə dəysin. Çox səmimi və gülərüzlü idi. Deyirdi, mən həyatdan tez köçəcəyəm. Bir dəfə Ukraynada əsgərlikdən qayıdandan sonra babam onu paltar almağa aparırdı. Dedi, paltara ehtiyac yoxdur, mən onları geyinə bilməyəcəyəm. Biz dedik, niyə belə danışırsan? Etiraz etdik. Dedi, bu, düz sözdür, görəcəksiz. Elə o deyən kimi də oldu. Bir az keçməmiş Səfərəliyə çağırış gəldi və müharibəyə getdi. O gedişlə biz daha onu görmədik. Şəhid olduğu xəbəri gəldi. Qısa-konkret sözlər danışardı, uzun-uzun danışmazdı, həmişə xəyallara, düşüncələrə dalardı. O qədər az danışan idi ki, indi onun sözlərini xatırlamağa belə çətinlik çəkirəm. Ancaq onun susqun baxışları, təklikdə sakitcə oturub düşünməsi yadıma gəlir. Bir söz soruşardıq, güclə, düşünüb-düşünüb sonra cavab verərdi. Çox təmkinli, səbirli idi. Adam onun o qədər səbirli olmasına təəccüb edirdi. Bir bacı kimi həmişə ondan razı olmuşuq. Bizə kobud söz desin, ya kobud davransın, heç vaxt belə şey olmayıb. Çox mülayim xasiyyətli, ürəyi yumşaq olmağı onun ən gözəl xüsusiyyəti idi. Bəlkə də, şəhidlik elə bu xüsusiyyətinə görə məhz ona nəsib oldu. Bu gün mən də bir şəhid bacısı kimi qardaşımla fəxr edirəm. Bütün şəhidlərimizə Allah rəhmət etsin. Dedi, bilmirəm səni bir də görərəm ya yox... Bacısı - Ülviyyə xanım Çox ürəyi yanan qardaş idi. Əlindən hər iş gəlirdi, hər işə qaçırdı. İstəyərdi, hamıya kömək eləsin. Çox şad biri idi, uşaqlıq illərimiz onun sayəsində zarafat və deyib-gülməklə keçib. Hind filmlərini, hind musiqilərini sevərdi. Hərdən bizim üçün hind mahnılarından da oxuyardı. Hətta öz səsini kasetə yazmışdı. Bir dəfə dedi ki, mən olmayanda bu səsə qulaq asarsız, məni xatırlayarsız. Biz o vaxt bu sözü zarafat kimi qəbul etmişdik. Amma qardaşım döyüşlər gedən ərəfədə 2-3 günlük evə gəlmişdi. Biz baxdıq ki, əvvəlki şən-zarafatcıl Səfərəlidən bir əsər-əlamət qalmayıb. Çox üzgün idi, cəbhə yoldaşlarının onun gözü önündə minaya düşməsi və parça-parça olması onu çox sarsıtmışdı. Heç üzü gülmürdü. Elə hey şəhid olacağını deyirdi. “2 dəfə ölümdən qurtulmuşam, 3-cü dəfə, yəqin ki, növbə mənimdir” – dediyini də xatırlayıram. Son dəfə gedəndə bərk qucaqladı məni, elə sıxdı ki, dedim: “Sümüklərim sındı, niyə belə edirsən?” Dedi: “Bilmirəm, səni bir də görərəm, ya yox”... Biz birlikdə böyümüşdük. Bütün sirlərimizi, dərdlərimizi birgə bölüşürdük. Mənə çox dəstək olurdu. Təkcə mənə deyil, elə qonşu uşaqlara da. Qonşuların da hər işinə, hər köməyinə gedərdi. Onun arzusu hamımızı birlikdə mehriban, xoşbəxt görmək idi. Mehribanlığa çox önəm verərdi. Hətta qonşuları da ailə üzvümüz kimi bilirdi. Ayrı-seçkilik etməzdi heç zaman. Bir xüsusiyyəti də var idi, saatlarla və çox düşünərdi. Dostunun, yoldaşının qayğısına qalardı. Uşaqlıq dostu - Hacı Rövşən Bağırov Səfərəli gözəl və sadiq dost idi. Sakit təbiətli olması ilə seçilirdi. Dostunun, yoldaşının qayğısına qalardı. Vətənə olan sevgisi çox idi. Birgə uşaqlıq illərimiz olub. Çox xatirələrimiz var onunla... Ümumiyyətlə, Səfərəli ilə keçirdiyimiz hər gün maraqlı olurdu. Bir dəfə məktəbliykən üzümün təzə-təzə yetişdiyi vaxt onların həyətindəki üzüm ağacına çıxmışdıq. Elə təzəcə üzüm dərib yeməyə başlamışdıq, Səfərəlinin babası Ərəb kişi gəldi, oturdu həmin biz çıxdığımız ağacın altında. Biz də qorxumuzdan səsimizi çıxara bilmədik. Təqribən 1, ya 2 saat ağacda səssizcə oturduq ki, Səfərəlinin babası getsin, sonra düşək. Özümüzü ağacda güclə saxlayırdıq. Gülmək tuturdu, qorxumuzdan gülə də bilmirdik. Sonda babası gedəndən sonra, nəhayət ki, ağacdan düşə bildik. Səfərəlinin özü ilə hər dəfə bu xatirəni danışıb gülərdik. Çox belə şirin xatirələrimiz var. Onun şəhid olması mənə çox pis təsir etdi. Səfərəli, həqiqətən, başqa cür bir insan idi. Çox fərqli idi. Onun kimi gözəl xasiyyətli insanlar çox az gəlir dünyaya, çox tez də gedirlər. Allah hər bəndəsinə də şəhidlik nəsib etmir... Şəhidlər bizim qürur yerimizdir. Həm həyatlarından, həm də ölümlərindən çoxlu ibrət götürmək olar. Arzulayıram ki, gənc nəsillərimiz əziz şəhidlərimizi unutmasın, həyatlarında onların gözəl xüsusiyyətlərini, fədakarlıqlarını tətbiq edə bilsinlər. O günlər heç vaxt yadımdan çıxmaz Sinif və əsgərlik yoldaşı – İlkin Səmədov Səfərəli ilə bir sinifdə oxumuşuq. Riyaziyyat təmayüllü idik. Əlaçı, dərslərini yaxşı oxuyan şagird idi. Çox gözəl xasiyyətə malik idi. Səbirli, təmkinli, hər sözə baş qoşmayan, heç kəsin qəlbinə dəyməyən bir yoldaş olub. Onunla ikimiz həmişə birlikdə olardıq, dərslərimizə birlikdə çalışardıq, xasiyyətimiz də uyğun gəlirdi. Şit zarafatlar etməzdi. Məktəbi birlikdə bitirdik. Ali məktəbə sənəd vermişdik. İkimiz də imtahandan kəsildik, qəbul ola bilmədik. Elə birlikdə hərbi xidmətə yola düşdük və xidmətə də eyni yerdə başladıq. Səfərəli ilə Ukraynanın Desna şəhərində bir müddət bir bölükdə təlim keçdik və 6 aylıq hərbi hazırlıq məktəbində birlikdə oxuduq. Sanki onunla xasiyyətimiz kimi taleyimiz də eyni idi. Səfərəli orada da öz biliyi, savadı ilə seçilirdi. Tank sürücüsü ixtisasını öyrənirdik. 6 aylıq hazırlıq başa çatandan sonra biz ayrılası olduq. Hərəmiz bir şəhərə və hərbi hissələrə göndərildik. Daha mən Səfərəlini orada görə bilmədim. Hərbi xidmətimizin yarısı keçmişdi, bizə xəbər etdilər ki, Sovet hökuməti dağıldığına görə Azərbaycana dönməliyik. Bir neçə gün içində bütün Azərbaycan vətəndaşı olan əsgərləri Azərbaycana gətirdilər. Bizim qayıdanda, yəni 1993-cü ildə Qarabağda döyüşlər gedirdi. Bizi Azərbaycandakı hərbi hissələrə yerləşdirdilər. O ərəfədə Səfərəlini bircə dəfə görə bildim. Təsadüfi görüşüb tez də ayrıldıq. Elə o mənim onunla son görüşüm oldu. Sonradan Səfərəli qardaşımın şəhidlik xəbərini eşitdim. Çox təsir etdi mənə, uşaqlıq illərimin dostunu, əsgər yoldaşımı itirmək asan deyildi. Qəriblikdə və həm də xidmət dövründə birgə olmaq başqa bir hisdir. Heç bir yaxının, heç bir doğmanın olmadığı bir yerdə biz Səfərəli ilə bir-birimizə ən yaxın dost olduq. Çətin günlərimizi birlikdə keçirtdik. Bir-birimizə təsəlli olduq, dəstək olduq. O günlər heç vaxt yadımdan çıxmaz. Allah Səfərəli və onun kimi bütün şəhid qardaşlarımıza rəhmət etsin.

Şahlar Mirzəyev

Şahlar Mirzəyev

Əsgər
Doğum: 02.02.1973 | Şəhidlik: 1993

Mirzəyev Şahlar Rəhmət oğlu 1973-cü ildə fevral ayının 2-də Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. O, orta təhsilini Boladi kənd 1 saylı orta məktəbində almış, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Bakıda Daxili Qoşunlarda xidmətə başlayan Şahlar Mirzəyev 1993-cü ilin fevral ayında həmən vaxt döyüşlərin qızğın getdiyi Ağdam rayonuna, oradan da Ağdərəyə getmişdir. Başgüneytəpə deyilən dağlıq ərazidə, əsas döyüşlərin getdiyi yerdə şəhid olduğu ehtimal edilir. Çünki həmən döyüşdə yaralandığı əsgər yoldaşları tərəfindən deyilsə də, heç bir hospitalda, heç bir xəstəxanada bu haqda məlumat alınmayıb. Çox morqları, xəstəxanaları gəzdim Qardaşı - İzzət Mirzəyev Şahlar bizim ən kiçiyimiz idi, nə qulluq deyirdik, edirdi. Çox mülayim uşaq idi, həmişə də gülərdi. Yadımdadır, xidmət müddətdində onun yanına getmişdim. Komandirindən iki günlük icazə almışdım ki, aparım evə, iki gün istirahət etsin. Ona deyəndə ki, sənin üçün icazə almışam, baxdı mənə, güldü, dedi: “Evdə nə işim var”? Mərdliyini elə uşaqlıq illərindən də bütün ailəyə sübut etmişdi. Hamı onu qoçaq, mərd, zəhmətkeş biri kimi tanıyırdı. Onun itkisi bizim üçün çox çətin oldu. Çox morqları, xəstəxanaları gəzdim öz qardaşım üçün... Onu heç yerdə tapa bilmədim. Yüzlərlə üzü bilinməyən, bədəni tanınmaz halda olan meyitlərin içində çox axtardım onu, qardaşımın əlamətləri olanı, ona az da olsa, oxşayanı görmədim. O günlər bizim üçün, ailəmiz üçün çox çətin günlər idi. İndi də bəzən düşünürük ki, bəlkə, gələcək... Biz indi də gözləyirik... İtkin düşmək daha ağırdır Bacısı - Xanım Əliyeva Çox vətənpərvər bir oğlan idi. Ağıllı, mehriban və gülərüzlü idi. Çox vaxt mənim köməyimə çatardı... Evdə sonuncu uşaq idi, hamının ona ərki çatardı, qulluğa göndərərdilər. Heç kimə etiraz etməzdi. Nə deyərdin, onu da edərdi. Heç kimin sözündən çıxmazdı. Atamla anam elə hey onun yolunu gözlədilər. Elə onun həsrəti ilə dünyadan köçdülər. Biz indi də gözləyirik... İtkin düşmək daha ağırdır, digər şəhidlərin məzarı var, yaxınları gedib təsəlli tapırlar, biz heç yerə gedə bilmirik. Sadəcə ruhuna salavat və Quran oxutdurub hədiyyə edirəm. Əlimdən bu gəlir, başqa nə edə bilərəm ki... Bacılar üçün çətindir cavan qardaşın itkisi... Sonuncu dəfə onu əsgərə yola salanda görmüşəm. Onun üçün corab və köynək almışdım. Bilmədim, geyinə bildi, ya yox... Ata-anasını çox istəyirdi Qardaşı - Aşur Mirzəyev Ona nə desəydik, xətrinə dəyməzdi. Kin saxlamazdı, sadə uşaq idi. 1992-ci ildə vaxtı çatdı, hərbi xidmətə getdi. 1993-cü ildə onu Ağdama apardılar. Onunla son görüşümüz yadımdadır, Bakıda, daha dəqiq desəm, Biləcəridə idilər, biz oraya getmişdik. Dedik, sənin üçün icazə alaq, 1-2 gün evdə dincəl. Dedi: “Nə danışırsan? 1-2 günə bizi Qarabağa döyüşə aparırlar, əsgər yoldaşlarım cəbhəyə getdiyi halda mən evə gəlim? Heç vaxt ola bilməz. Hamı necə, mən də elə”. Bir dəfə soraqlaşdıq, bizə dedilər, onları Ağdama aparıblar. Daha onu görmədik. Çox işgüzar bir uşaq idi, təmizkar idi, heç vaxt heç kəsin qəlbinə dəyməzdi. Ata-anasını çox istəyirdi, onların xidmətində durardı. Nə valideynlərini, nə də bacı-qardaşını heç vaxt incitməzdi. Kimsə deyə bilməz ki, Şahlar bizim xətrimizə dəyib. Qardaşımın məzarı da yoxdur Bacısı - Şahbacı Cabbarova Şahları əsgərliyə yola salandan onun həsrətindəyik. Hətta istəyirəm, onu heç olmasa yuxuda görüm, yuxuma da gəlmir. Çox mehriban uşaq idi, hamının köməyinə çatardı. Mənim üçün çox əziyyəti olub. Bacılarını, ümumiyyətlə, çox sevərdi. Tez-tez gələrdi bizə. Mənim işlərimi görərdi, ev işlərimə kömək edərdi, hətta uşaqlarım körpə idi, uşaq da saxlayardı mənim üçün. Balaca uşaqları çox sevərdi. Onun kimi qardaşı itirmək çox ağırdır bizim üçün. Heç bir təsəllimiz yoxdur... Qardaşımın məzarı da yoxdur. Şəhidin qəbri olar, yaxınları gedib ziyarət edər, bizim isə gedəcəyimz heç yerimiz yoxdur. Buna baxmayaraq Şahlar heç vaxt bizim yadımızdan çıxmır və heç vaxt da çıxmaz... Tez-tez yuxularıma gəlir və sağ olduğunu deyir. Qardaşı oğlu - Hikmət Mirzəyev Xaraktercə çox sakit idi. Bizdə coşmaq, dalaşmaq kimi hallar olurdu, amma onda belə xüsusiyyətlər yox idi. Mülayim xasiyyətli idi. Heç kimin qəlbinə dəyməzdi. Son dəfə Bakıda daxili qoşunların hərbi hissəsində görüşdük. Növbədə idi, onu başqa əsgərlə dəyişdilər, nəzarət buraxılış məntəqəsinə gəldi, vaxt az verdilər deyə az danışa bildik. Orada dedi ki, Qarabağa gedəcəyik. Həmin görüşü heç unutmuram. Uşaqlıqda bir dəfə onunla mübahisə etdim, səbəbkar mən idim, mənə görə onu pioner düşərgəsinə qoymadılar. İndi onu düşünəndə özümü bağışlaya bilmirəm. Düzdür, uşaq ağlımız olub, amma həmin anları yad edəndə nəsə pis oluram, onun pioner düşərgəsinə getməməsinə mən səbəb oldum. Şahlar son anlarda bir yaralı əsgər yoldaşına bizim ev nömrəmizi və atamın adını vermişdi. Həmin əsgər hospitaldan zəng vurmuşdu. Dedi ki, Şahlar yaralı idi, biraz kömək etdim, özüm də yaralı olduğuma görə onu çıxarda bilmədim. Özü dedi ki, məni burax, get. Ev nömrənizi də Şahlar verdi. O zəngdən sonra atam bütün hospitalları, morqları axtardı, Şahları tapa bilmədi. Onu çox axtardıq. Hətta mən özüm də döyüşdə olmuşam. Bizim postlarda yüzlərlə hərbi əsirləri dəyişmə prosesi oldu. Elə orada da gözlərim onu axtarırdı. Deyirdim, bəlkə, Şahlar da əsirlikdədir, bəlkə, qayıdar. Hələ də onun sağ qalmasına, nə vaxtsa qayıtmasına ümid edirəm. Tez-tez yuxularıma gəlir və sağ olduğunu deyir. Döyüş yoldaşı cənazəsini qara basdırıb... Bacısı oğlu - Namik Əlizadə Dayım haqqında xatirələr uşaqlıq illərimə təsadüf edir. Balacaboy, dolu oğlan idi. Evin sonbeşiyi olduğu üçün bütün işləri o görür, böyüklərin qulluğunda dururdu. Bizim evimizə həmişə velosipedlə gəlməyi yadımdadır. Uşaq olduğum üçün velosipeddən əl çəkmirdim və o da yorulmadan məni gəzdirirdi. Uşaq düşüncəmlə onun xaraktercə necə olduğunu ayırd edə bilməzdim. Bir dayı kimi mənə qarşı həmişə mehriban idi. Ancaq mərd oğlan olduğunu da eşitmişəm. Hərhalda Allahın seçilmişlərindəndir. Səmimi danışsam, hamı döyüşə ürəklə getmir. Yəni hər hansı formada ya qorxub, ya da vətən sevgisi olmayanlar müharibədən yayınmağa çalışırlar. O vaxt qohumlardan da belə bir insan var idi. Dayım Şahlar həmin o qohumumuza çox əsəbiləşmişdi. Yadımdadır ki, yay vaxtı idi, ləmədə oturmuşduq. Dayımın həmin adama talışca belə dediyini xatırlayıram: “Kişi də əsgərlikdən qaçar? Kişi vətən üçün axıra qədər döyüşməlidir. Kişi ol." Heç yadımdan çıxmayacaq xatirə dayımın əsgərlik qonaqlığı idi ki, səhəri əsgərliyə yola salacaqdıq. Həmin gecə mən təkidlə dayımın yanında qalmaq istədim. Həmin gecə dayımın yanında yatdım. Bu da Allahın bir hikməti idi ki, 7 yaşlı uşaq belə təkid etsin. Sanki onu bir daha görə bilməyəcəyim uşaqlıq ruhuma əyan olmuşdu. Səhəri dayımı əsgərliyə, yəni döyüşə yola saldıq. 1992-ci il döyüşlərin qızğın vaxtı idi. Bu, həqiqətən də, dayımla son görüşümüz oldu. Onu görməyim daha mümkün olmadı. Dayım Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bir döyüş yoldaşının dediyinə görə, şəhid olduğu an yanında olub. Cənazəsini qara basdırıb ki, qayıdanda götürsün. Qızğın döyüşlər olduğundan onu götürmək imkanı olmayıb. Şübhəsiz ki, şəhidlər Allahın seçilmişləridir. Ola bilsin, elə xüsusiyyətləri olub ki, onu ancaq Allah görüb. Mən onu mərd insan kimi yadımda saxlamışam.

Şamil Ağayev

Şamil Ağayev

Əsgər
Doğum: 08.09.1972 | Şəhidlik: 1992

Ağayev Şamil Fərman oğlu 1972-ci il sentyabr ayının 8-də Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. Orta təhsilini Boladi kənd 1 saylı orta məktəbində bitirdikdən sonra bir müddət Nizami adına savxozda çalışmışdır. 18 yaşı tamam olduqdan sonra 1992-ci ilin yanvarında Milli Orduda xidmətə başlamışdır. Şamilin həmən ilin oktyabr ayında Laçının Şişqaya, Fərəcan, Güləbirt, Quşçular kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olması ehtimal olunur. Çünkü həmən döyüşlərdən sonra ondan heç bir xəbər alınmamışdır. Harada nəyə ehtiyac olurdusa, o orada idi Qardaşı - Safail müəllim Şamil evimizin kiçiyi idi, şirin uşaq idi. Nə deyərdik, “baş üstə” deyib əməl edərdi. Çox mehriban idi. Ailədəki digər qardaşlardan tam fərqli idi. Bütün hərəkətləri ilə evdəkilərin hamısına özünü sevdirə bilmişdi. Cəbhədə olanda da çox mərd və şücaətli olub. Əvvəlcə, Fizuli rayonu ərazisində vuruşublar. Komandirləri danışır ki, Şamil harada, nəyə ehtiyac olurdusa, o orada idi. Tank sürməyə ehtiyac olanda tank sürürdü, “БТР” sürməyə ehtiyac olanda “БТР” sürürdü. Onun gözündə ölüm qorxusu deyə bir şey yox idi. Sonrakı döyüşləri Qubadlıda olduğu deyilirdi. Bütün döyüşlərdə canla-başla vuruşmuşdu. Bunları bizə Lənkərana gələn onların komandir heyəti danışmışdı. Elə bilirəm ki, Şamil dünyadan köçsəydi, ruhu heç olmazsa, bir dəfə bizim yuxumuza gələrdi. Onun sağ olduğuna hələ də ümidim var. Onun məzarına yığışıb ağlamaq imkanımız olmadı Qardaşı - Nadir müəllim Qardaşım Şamillə bağlı ən son xatirələrim onunla əsgər geyimində olarkən görüşdüyümüz gün idi. Lənkəranda “Avtoşkola” deyilən yerdə özünümüdafiə batalyonunda xidmət edirdi. Mən Ali Hərbi Məktəbin 5-ci kursunda oxuyurdum. Təhsilimi bitirməyə 6 ay qalmışdı. Çox təəssüf ki, məni zabit geyimində görmək Şamilə nəsib olmadı. O vaxt onun görüşünə nişanlımla birlikdə getmişdik. Xidməti yerində bizi görmək ona çox xoş olmuşdu. Hiss edirdik ki, bizi gördüyü üçün çox sevincli idi. Hey zarafatlaşırdı, deyib-gülürdü. Biz onun hərbi hissədə nə çətinliyi, nə problemi olduğunu soruşub maraqlansaq da, o, mövzudan uzaqlaşmaq üçün “hər şey qaydasındadır” deyib, başqa zarafatlar edirdi. Yadımdan heç vaxt çıxmaz, görüşdən sonra nişanlım mənə dedi ki, yaxşı ki Şamillə görüşdük, eynimiz açıldı, dedik-güldük, yoxsa sən heç gülmürsən. Həqiqətən də, mən çox özünə qapanan, xasiyyətcə qaraqabağam. Şamil isə bizdən fərqli olaraq deyib-gülən, zarafatcıl idi. Amma deyib-gülmədiyi vaxtlar da olub. 1990-cı il 20 yanvar hadisəsindən sonra Bakıda onunla görüşmüşdüm. O vaxt heç gülmürdü və Bakıdakı dəhşətli hadisələr onu da çox sarsıtmışdı. Binalardakı güllə izlərini mənə göstərirdi və mən onun gözlərindəki o qığılcımı, o atəşi görürdüm. Bəlkə də, həmin o qığılcım, o atəş onu şəhidlik zirvəsinə aparacaq ilk əlamətlər idi. Şamillə bağlı ağrılı bir məqam da odur ki, nə atamız, nə anamız, nə də bizim heç birimizin onun məzarına yığışıb ağlamaq imkanımız olmadı və bu gün də yoxdur... Göz yaşlarım imkan vermir... Bacısı – Elnaz xanım Şamil çox yaxşı qardaş olub. Bacı qayğısı çəkən, mehribanlığı ilə həmişə seçilən bir qardaş idi. Deyib-güməyi olsa da, bir o qədər də sakit təbiətli idi. Çox mərd idi. Hər kəsin yardımına yetişərdi. Bir gün yadımdadır, bəzənib sevdiyi qızla görüşə gedəcəkdi. O, evdən çıxan zaman mən qəfildən mətbəxdə əlimi bıçaqla kəsdim. Həmin vaxt Şamil qayıtdı, mənə ilk yardım etdi, əlimə yod tökərkən onun da əlləri yoda bulaşdı. Heç buna fikir vermədən, kefini pozmadan evdən çıxdı. O, əsgər gedəndə mən Azərbaycanda deyildim. Çox təəssüflənirəm ki, onu görə bilmədim. O qədər ürək sözü var ki... Bizim onunla yaş fərqimiz az olub, ona görə onunla evdə çox vaxt keçirmişəm. Həmən günləri – uşaqlığımızı xatırlamaq mənim üçün həm çox şirindir, həm də ağrılıdır. Ümumiyyətlə, Şamillə bağlı xatirələrim çoxdur, amma göz yaşlarım imkan vermir. Hamı ilə öz əziz adamı kimi mehriban idi Sinif rəhbəri - Seydəmir müəllim Şamilin sinif rəhbəri olduğum illərdə mən onu əziz bir şagirdim kimi sevmişəm. Ucaboylu, yaraşıqlı bir oğlan idi. Onun gözəl xüsusiyyətləri çox idi. Dostlarını sevən idi, sinif yoldaşları ilə rəftarı çox yaxşı idi. Müəllimləri də heç vaxt ondan narazılıq etməyiblər. Vətənpərvərliyi danışıqlarında hiss olunurdu. Elə kəndimiz barədə də çox qürurla danışardı. Elinə, obasına bağlı bir şagird idi. Onda yoldaşlarına qarşı kin, qəzəb görmədim. Hətta deyə bilərəm ki, kimisə sevməmək kimi bir xüsusiyyəti yox idi. Hamı ilə öz əziz adamı kimi mehriban idi. Adətən, əksəriyyət bu cür olur ki, kimsə qabağa gedəndə paxıllıq, qısqanclıq yaranır. Şamildə isə əksinə idi, o istəyərdi, hamı qabağa getsin, hamı yaxşı olsun. Qisməti belə oldu ki, Allah ona şəhidlik nəsib etdi. Yəqin bilirəm ki, Şamil döyüşlərdə də qəhrəmanlıq göstərib. Çünki o, elə yaşayışı, rəftarı ilə bir qəhrəmanlıq nümünəsi idi. Elə şagird olanda da igidliyi, mərdliyi hiss olunurdu. Allah onu rəhmət etsin, ruhu şad olsun. İnanmıram ki, onun kimi adam kiməsə ziyan vura bilərdi Qardaşı oğlu –Aqil müəllim Bizim ailənin birinci nəvəsi idim deyə hamı məni çox istəyirdi. Şamil əmim isə məni daha çox istəyirdi. Mənə çox vaxt ayırardı. Demək olar ki, həmişə mənimlə olardı. 4-5 yaşlarımda olmağıma baxmayaraq mənimlə uşaq kimi oynayardı. Mənimlə olarkən tez-tez dediyi söz bu idi: “Kişi ağlamaz”. Çox istiqanlı, aktiv, hərəkətli biri idi. Digər əmilərim kimi deyildi, o elə bil, çox başqa bir adam idi. Yardımsevər olduğunu, yəqin ki, eşitmisiz, bunu hamı danışır. Çox şən, zarafatcıl, pozitiv biri idi. İnanmıram ki, onun kimi adam kiməsə ziyan vura bilərdi. Son dəfə xidmətə gedərkən ailə hamısı yığılmışdı, hərə bir təklif, söz deyirdi ki, onu xidmətdən yayındırsınlar. O isə deyirdi ki, biz gələcək nəsillərə nə cavab verəcəyik, deməzlər ki, bir kişi çıxmadı, getsin, vuruşsun? Döyüşə gedəndən sonra bir neçə dəfə evdəkilərlə danışmışdı. Ondan xəbərlər eşidirdik. Yüksək döyüş bacarığı nümayiş etdirdiyi haqda məlumatlar alırdıq. Sonradan xəbərlər kəsildi, heç kim bir məlumat vermədi. Atam, əmilərim onu çox axtardılar. Axtarışlar bir nəticə vermədi. Bu gün də onun şəhid olması, yaxud itkin düşməsi haqqında müəmmalar var. Bu müəmmalar babamla nənəmə çox pis təsir etdi. Onlar əmimin yolunu gözləyərək dünyadan köçdülər. Sanki ailədəki sevinc və xoşbəxtlik əmimlə bərabər uçub, getdi.

Nail Cabbarov

Nail Cabbarov

Əsgər
Doğum: 08.11.1974 | Şəhidlik: 01.1994

Cabbarov Nail Zakir oğlu 1974-cü il noyabr ayının 8-də Lənkəran rayonu Boladi kəndində anadan olmuş, 1991-ci ildə Boladi kənd 1 saylı orta məktəbini bitirmişdir. 1993-cü ildən Milli Ordu sıralarında xidmət etməyə başlamışdır. Nail Füzuli rayonu ərazisində gedən döyüşlərdə dəfələrlə iştirak etmişdir. Rəsmi olaraq itkin düşdüyü qeyd olunsa da, əsgər yoldaşlarının dediyinə görə, 1994-cü ilin yanvar ayında Nail Cabbarov ərzaq maşını ilə əsgərlərə ərzaq apararkən maşın tank əleyhinə minaya düşmüş və partlamışdır. Partlayışdan sonra cəsədini də əldə etmək mümkün olmamışdır. Mən necə ağlamayım axı? Anası Minarə xanım Nail məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşdü. Biz də hamı kimi balamızı yola saldıq, hamı kimi sağ-salamat qarşılamaq arzusu ilə… Amma bizimki gəlmədi… Heç məzuniyyətə də gəlmədi. Çoxu deyir, gələcək darıxmayın. Necə gələcək, sağ olsaydı, indiyə kimi gəlmişdi, ya da bir xəbəri çıxmışdı. Çox yerləri gəzdim oğlum üçün, heç yerdən bir xəbər ala bilmədim. Çox sakit uşaq idi, heç vaxt sözümdən çıxmazdı, ya sözümün üstünə söz deməzdi. Anasıyam deyə demirəm bunları, istəyirsiz, qonşulardan, yaxud dostlarından soruşun. Heç kim deməz ki, Nail kiminsə xətrinə dəyib, kimisə incidib. Əlində olan son tikəsini də yoldaşları ilə bölüşərdi. Şirindil, mehriban və zəhmətkeş uşaq idi. Məktəbə də gedərdi, gəlib həyətdə də işləyərdi, axşamüstü heyvanların arxasınca da o gedərdi. Mənə deyirlər ki, çox ağlayırsan, ağlama, bəsdir. Mən necə ağlamayım axı? Balamın məzarı da yoxdur. . . Onun böyük və təmiz ürəyi var idi Qardaşı - Aqil Cabbarov Nail istəyirdi, hərbiçi olsun, arzusu var idi. Hətta hərbi xidmətə də könüllü getmişdi. Sonradan onun komandirləri ilə görüşümüz oldu. Onlar da deyirdi ki, Nail hərbidə qalmaq istəyirdi, rütbə almaq istəyirdi. Ancaq Allah ona bundan da artıq rütbə olan şəhidlik nəsib etdi. Baş çavuş olduğu müddətdə düşmən üzərinə “basqın”da fəal iştirak edib. Füzuli rayonu istiqamətində bir neçə döyüşdə iştirak etmişdir. Onun böyük və təmiz ürəyi var idi. Son dəfə Neftçalada hərbi hissədə olarkən görüşünə getmişdim, orada görüşdüm. O vaxt 6-7 ayın əsgəri idi. Cəbhə bölgəsinə gedəndən sonra daha onu görmək nəsib olmadı. Nailin olduğu maşının tank əleyhinə minaya düşdüyü sonradan bəlli oldu. Həmin maşında olanlardan biri sağ qalmışdı, o da bir neçə yerdən yaralı olub, ayağının birini itirib. Həmin o əsgər danışdı ki, maşında 6 nəfər idik. Nail maşın cavabdehi idi, sürücü ilə bərabər öndə oturmuşdular, biz 4 nəfər arxada yük yerində idik. Mina partlayışı nəticəsində əsgərlərin demək olar ki, tikələri hərə bir tərəfdə idi. Qardaşımın şəhid olmasına hələ də inana bilmirəm Bacısı – Minayə xanım Yaxşı uşaq idi, yaxşı qardaş idi. Məktəb illəri də yadımdadır, çox sakit bir uşaq idi. Hamı ilə mehriban idi. Mən heç inanmıram onun ölümünə. Elə bilirəm ki, bir vaxt gələcək, qapıdan içəri girəcək. Hələ də gözləyirəm. Həmişə onun sözünü danışırıq, xatırlayırıq tez-tez, amma yuxuma heç vaxt gəlməyib. Ürəyimizi boşaldacaq, “Yasin” oxutduracaq bir məzarı da yoxdur. Hərdən nəvələrimi məktəbə aparanda məktəbin foyesindəki şəhidlər lövhəsində Nailin şəklinin önündə qalıb ağlayıram, ürəyimi boşaldıram. Ondan xatirə ancaq 2-3 şəkli qalıb, vəssalam. Allah bütün şəhidlərə rəhmət etsin. Ancaq mən öz qardaşımın şəhid olmasına hələ də inana bilmirəm. Tarix fənninə marağı çox idi. Bacısı - Ayna xanım Nail çox mehriban və ağıllı uşaq idi. Dərslərini çox yaxşı oxuyardı. Riyaziyyat dərsini çox sevərdi. Savadlı idi. Ev işlərində də həm bizə, həm də valideynlərimizə kömək edirdi. Bizim çoxlu mal-qaramız vardı. Nail heyvanları çölə aparıb-gətirərdi. Kitabları da özü ilə götürərdi, orada oxuyardı. Sakit və mülayim xasiyyəti var idi. Həm ailədə, həm də digər uşaqlarla rəftarı çox gözəl idi. Heç vaxt kobudluq etməzdi. Uşaq vaxtı televizorda sual-cavab oyunu olardı, atam deyərdi, kim cavab versə, ona pul hədiyyəsi verəcəyəm. Nail hamımızdan çox pul qazanardı. Tarix fənninə də çox marağı var idi. Universitetə sənəd vermişdi, amma kəsildi. Məyus olmuşdu. Sonra hərbi xidmətə çağırış oldu, Naili əsgərliyə yola saldıq. Elə sonuncu dəfə onda görüşüb yola salmışıq. Xoş arzular, sağ-salamat qayıtmağı üçün dualar etmişik. Amma qardaşım qayıda bilmədi. Heç telefonda da danışa bilməmişik. O vaxt indiki kimi telefon da yox idi. Bakıda Qırmızı Aypara Cəmiyyətinin dəstəyi ilə çox axtarışlar etdik, qardaşlarım da çox axtardılar, heç bir nəticə olmadı, sonda şəhid olması ilə bağlı xəbəri təsdiqlədilər. Şəhid xəbəri təsdiq olunanda Novruz bayramı ərəfəsi idi, səhv etmirəmsə, Çərşənbə axşamı idi. Həmin gün çox pis gün oldu. Atam, anam çox pis vəziyyətdə idilər. Hərbiçi olmaq arzusu da var idi. Digər qardaşım hərbiçi oldu, Nailə isə daha üstün şəhidlik zirvəsi nəsib oldu. Allah bütün şəhidlərimizi rəhmət etsin. Xidməti bitirim, ali məktəbə sənəd verəcəyəm Sinif yoldaşı - İdrak Axundov Nail ilə sinif yoldaşı olmuşuq. Çox sakit, mülayim təbiətli bir uşaq idi. Dərsləri yaxşı oxuyardı. Həm sinif, həm də məktəb tədbirlərində fəal iştirak edərdi. Heç kimin xətrinə dəyməzdi. Boyu balaca olsa da, böyük ürəyi var idi. Sonuncu dəfə onu kənddə kiminsə toyunda gördüm. Deyirdi, xidməti bitirim, ali məktəbə sənəd verəcəyəm. Alınmasa, gedərəm Rusiyaya – qardaşımın yanına... Bakıda idim, onun itkin olduğu xəbərini eşitdim. Çox pis oldum. Nail, yaşamağa layiq bir oğlan idi. Arzuları, hədəfləri var idi. Elə bilirəm, Nail kimi oğullar və digər şəhidlərimiz də yaşasaydı, insanlara çox fayda verərdilər. Necə ki, ölümləri ilə faydalı oldular. Onlar Azərbaycan Respublikasının bütövlüyü və suverenliyi uğrunda canlarından keçdilər. Biz öz əmin-amanlığımızı, rahatlığımızı onlara borcluyuq. Allah hamısına rəhmət etsin.

Elşən Rəhmanov

Elşən Rəhmanov

Əsgər
Doğum: 06.12.1975 | Şəhidlik: 1994

Rəhmanov Elşən Aydəmir oğlu 1975-ci il dekabr ayının 6-da anadan olmuş, 1992-ci ildə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildən Milli Ordu sıralarına xidmətə başlayıb. İlk olaraq, Bakıda Pirəkəşkül qəsəbəsindəki hərbi hissədə xidmət etsə də, sonradan Füzuli rayonuna köçürülmüşdür. Bir müddətdən sonra Tərtər rayonu ərazisində gedən döyüşlərə qatılmışdır. Döyüşə qatıldıqdan bir müddət sonra Elşəndən xəbər alınmayıb. 1994-cü ildən itkin düşmüş Elşənin axtarılması üçün ailəsi, valideynləri çox çalışsa da, bu axtarışlar nəticəsiz qalmışdır. Bir gün onu gerçəkdə görmək həvəsindəyəm Atası – Aydəmir Rəhmanov Orduya getmək həvəsində idi. Hərbi xidmətə sevə-sevə getdi. Əvvəlcə, Bakıda xidmətə başladı. Yanına getmişdik. “Hər şey yaxşıdı” – deyirdi. Sonradan xəbər elədi ki, bizi Füzuliyə aparırlar. Bir müddət sonra Füzuliyə getdim. Əlixanlı kəndi ərazisində xidmətdə idilər. Orada Elşənlə görüşdüm. Sən demə, bu, bizim son görüşümüz idi. Evə qayıtdıqdan sonra az keçmədi, xəbər gəldi ki, onları Tərtərə – cəbhə bölgəsinə aparıblar. Ondan xəbər gəlməyəndə narahat olduq. 1994-cü il idi. Tərtər rayonuna yola düşdüm. Axtarış edib, hərbi hissəni tapdıq. Bizi əraziyə buraxmadılar. Elə girişdə bir sutka gözlədik. Sonda gəlib xəbər verdilər ki, bu əsgər yoxdur, yəqin ki, qabaqdadırlar, onlarla əlaqəmiz alınmır. 1-2 gün səbir edin, sizə xəbər verərik. Orada, o ərazidə bir “qaraj”ın işçisi məni evinə qonaq apardı. Bir gecə onların evində qaldım. Səhəri yenə hərbi hissənin qabağına getdim. Yenə xeyli gözlədikdən sonra dedilər ki, bu əsgərdən heç bir xəbər yoxdur. Evə qayıtdım, sonra bir neçə dəfə də həmin hərbi hissəyə getdim, heç bir xəbər yox idi. Hələ də ondan heç bir xəbər yoxdur. Baxmayaraq ki, itkin düşdüyü və şəhid olduğu rəsmi şəkildə təsdiqlənib, biz hələ də onun yolunu gözləyirik. Hər işimə, köməyimə çatardı, sözəbaxan uşaq idi. Təsərrüfat işlərində həmişə mənim yanımda olardı. Heç yadımdan çıxmır... Yuxuma da gəlir bəzi vaxtlar. Yuxuda görürəm, çiynində avtomat var, -“qabağa gedirik, torpaqları alırıq”,- deyir. Bir gün onu gerçəkdə görmək həvəsindəyəm. Bilmirəm, mənə nəsib olacaq, ya yox. Onu görsəm, Allaha sonsuz şükür edərəm. Şəhid atası olaraq, həm dövlətdən, həm də millətdən çox razıyam. Hər yerdə hörmətimizi saxlayırlar. Allah hamıdan razı olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin. Yuxumda gördüm, evin bir küncündə oturub, soyuğudur, büzüşüb... Anası - Bəsirə xanım Çox sakit uşaq idi, ağıllı, mərifətli, öz yerini bilən, sözünün yerini bilən bir uşaq idi. Utancaq, abırlı və həyalı idi. Biri evə qonaq gəlsəydi, utanardı, gedib gizlənərdi. Məni çox istəyərdi. Ömrümün sonuna qədər onu unutmaram. Şəklinə baxıb nəfəs alıram. Mən onları əziyyətlə böyütmüşəm. Gedərdim bir yerə, qayıdanda görərdim, Elşən çıxıb yol üstə məni gözləyir. Mənə tez-tez deyərdi: “Mama, səni çox istəyirəm”. Bu sözü məni çox yandırır. Çox ürəyiyanan, mehriban bir uşaq idi, qonşular–kim, nə qulluq deyərdi, onların köməyinə çatardı. Qonşularımız indi də onun ölümü ilə barışmırlar, qurban boyun almışdılar Elşənin sağ-salamat gəlməsi üçün... Hərbi xidmətə həvəsli idi. Hamı qaçıb gizlənən vaxt o dedi ki, mən mütləq getməliyəm. Pirəkəşküldə olanda onun görüşünə getmişdik. Soyuq-şaxta olmağına baxmayaraq öz əynindəki buşlatı çıxartdı, sərdi yerə, dedi: “Mama, yerdə oturma”. Nə qədər dedim, sənə soyuq olar, qəbul etmədi. Elə həmin görüşümüz Elşənlə son görüşümüz oldu. Daha balamı görə bilmədim. Ayrılanda biz yola düşdükdən sonra bir neçə dəfə arxaya çevrilib baxdım, gördüm, o da qalıb arxamızca baxır. O baxışları və o ayrılığı heç yadımdan çıxmır. Yuxularıma tez-tez gələrdi. Biz onun ölümünə inana bilmirdik. Heç indi də inana bilmirik. Həmişə gözləyirdik ki, nə vaxtsa gələcək. Yuxumda gördüm, evin bir küncündə oturub, soyuğudur, büzüşüb, əynində də heç nə yoxdur. Ayıldım, dedim: “İlahi, bu nə yuxudur?!” Biz onun ruhuna heç “Quran”, “Yasin” oxumurduq, çünki sağ olduğunu düşünürdük, nə vaxtsa gələcəyinə ümidli idik. Bir gün gələcəyini bilsəm, özüm onun ayağının altına yıxılaram, canımı onun yoluna qurban verərəm. Ona o qədər deyəcəyim ürək sözlərim var ki, nə qədər danışsam, qurtarmaz. Cəmi bircə şəkli qalıb yadigar, hər gün onun şəkli ilə danışıram. O qədər düşüncəli, başadüşən uşaq idi ki, məktəbi bitirəndə də hamı “vinetka” çəkdirirdi, o gəldi, dedi: “Mama, yoxluqdu, kasıblıqdı, niyə o qədər pulu şəkil çəkdirməyə verək”, - dedim, “Sən çəkdir, narahat olma, biz verərik”. Elə bildim, çəkdirib. Sonradan bildim ki, çəkdirməyib. Bizi düşünüb, ailəmizi, yoxluğu, kasıblığımızı düşünüb... Atası ona pul verərdi xərcləməyə, gətirib verərdi mənə... Xərcləməzdi... Həmin anları heç vaxt unutmuram. Qardaşı - Mais Rəhmanov Elşən unikal bir uşaq idi. Demək olar ki, mənfi cəhəti yox idi, mən heç vaxt görmədim. Çox mehriban, yardımsevər, zəhmətkeş bir oğlan idi. Uşaq olmasına baxmayaraq bütün işlərə kömək edərdi. Heç kim onu bu işlərə məcbur etmirdi. Özü sevirdi iş görməyi. Bikar qalmazdı, həmişə özünü bir işlə məşğul edərdi. Elşəni sonuncu dəfə 1992-ci ildə görmüşəm. Mən 18 yaşımdan Rusiyada oluram. Həmin vaxt dostlardan birinin toyuna gəlmişdim. Yadıma gəlir, mən Rusiyaya qayıdanda diplomatımı küçəyə qədər gətirdi. Maşına minəndə sonuncu dəfə onunla görüşdüm, qucaqlaşdım, yola düşdüm. Həmin anları heç vaxt unutmuram. Uşaqlıq illərində Elşənlə birgə əkin sahəmizdə ləm düzəltmişdik. Əkin sahələrini qoruyardıq. Elşən evdən yemək-içmək gətirərdi, çıxardıq ləmdə iki nəfər yemək yeyərdik, çay içərdik. Külək əsərdi, ləzzət edərdi. Elşən ləmin o küləyini çox sevərdi. Bəzən yay tətilində gedərdik, Liman şəhərində, babamgildə qalardıq. Çox xoş və şirin uşaqlıq xatirələrimiz var. Onun şəhid xəbəri təsdiq olunanda, mənə bu xəbər gələndə Moskvada idim, çox dəhşət sarsıldım. Əlimdəki çay stəkanı əlimdən düşdü, çilik-çilik oldu. Heç cür qəbul edə bilmirdim, indi də qəbul edə bilmirəm. İçimdə bir hiss var ki, mən onunla bir gün görüşəcəyəm. Bir bacı kimi, öz dilimə gətirə bilmirəm ki... Bacısı - Tünzalə İsgəndərova Qardaşım Elşən barəsində söz deməklə bitməz. Çox sakit, tərbiyəli, utancaq bir uşaq idi. Özünü çox ağır və ədəbli aparardı. Böyük-kiçik yeri bilməyi, ədəb-ərkanı indi də onu tanıyan hər kəs tərəfindən danışılır. Nəinki mənim, hətta ailəmizdə heç kimin xətrinə dəyməmişdi. Əsgərliyə yola salanda sanki o, özü də bizi son dəfə görürmüş kimi qəmli idi. Maşına minəndə də son dəfə çevrilib, bizə, həyətimizə baxması indiyə qədər yadımdadır. Çox danışan deyildi, sakit dayanardı, danışanları dinləyərdi, özü heç nə danışmazdı. Adamı yandıran odur ki, onun o susqunluğuna görə heç bir sözü yadımızda qalmayıb. Şəkli də çox deyil, bircə dənə şəkli var, onunla təsəlli tapırıq. Bir bacı kimi öz dilimə gətirə bilmirəm ki, Allah onu rəhmət etsin. İnana bilmirəm onun ölümünə. Elə bilirəm, bir gün sağ olduğu xəbəri gələcək. Heç olmasa, məzarı olsaydı, bəlkə, inanmaq olardı. Məzarının olmaması da bizə başqa bir dərd olub. Bizim indi onu yad etmək üçün gedəcək bir yerimiz yoxdur... Son dəfə məni qucaqlayıb öpməsi heç vaxt yadımdan çıxmır Qardaşı - Aqşin Rəhmanov Elşən məndən 7 il böyük olub, uşaqlıq illərimin şirin xatirələri onunla olub. O dövrdə uşaq oyuncaqları indiki kimi çox deyildi, amma Elşən mənim üçün ev şəraitində taxtadan və digər materiallardan oyuncaq düzəldirdi. Mənim üçün çox dəyərli olan o oyuncaqları indi də ondan yadigar saxlamışam. Çox sakit və səssiz bir xarakterə malik idi. Danışmaqla heç arası yox idi. Qısa, konkret kəlmələrlə bir-iki cümlə işlədərdi, vəssalam. Çox danışan adamlardan da xoşu gəlməzdi. Dərsdən gələrdi, heç bikar qalmazdı. Həmişə istəyərdi, faydalı nəsə düzəltsin. O vaxt əl arabası düzəltmişdi, bizim ailə də, qonşular da aparıb istifadə edirdilər. O arabanı da xatirə olaraq saxlamışıq. Son görüşümüz onunla hərbi hissədə olub. Son dəfə məni qucaqlayıb öpməsi heç vaxt yadımdan çıxmır və çıxmayacaq. Yuxularıma çox gəlib, amma bir dəfə mən əsgərliyə təzə getmişdim, bir gecə yatdım, yuxuda Elşəni gördüm. Gördüm, bizim hərbi hissənin qabağına gəlib, əvvəlki kimi yenə sakit dayanmışdı. Amma mən onu çağırdım, qışqırdım. Öz səsimə ayıldım. Həmin günün səhəri onun adını qoluma “döymə” etdirdim. O, çox təmiz, saf biri idi. Dürüst idi. Heç vaxt yalan danışmazdı. Allah hər kəsə şəhidlik nəsib etmir, fikrimcə, Allah öz bəndələrinin içində də məhz Elşən kimi saf, təmiz oğlanları seçir. Elşən kimi bir dostu, qardaşı itirmək çox ağırdır Uşaqlıq dostu, bibisi oğlu - İlham İbrahimov Elşən, ilk növbədə gözəl insan, gözəl dost, gözəl dayıoğlu idi. Uşaqlıq və yeniyetməlik illərimiz birlikdə keçib. Məktəbə də birlikdə gedirdik. Bizim çox gözəl bir ədəbiyyat müəllimimiz vardı, Ağa müəllim. O, bizi: məni , Elşəni, bir başqa dostumuzla üçümüzü birlikdə görəndə bizə "3 müşketyor" deyərdi. Çox xoş günlərimiz olub Elşən ilə... Son dəfə onun əsgərlik yığıncağında olduq, sonra da Elşəni xidmətə yola saldıq. Daha onu görmək nəsib olmadı. Onda vətənpərvərlik hissi güclü idi. Həm də cəsur, mərd uşaq idi. Hər kəsin yardımına tələsərdi. Sakit təbiətli olsa da, ətrafdakıların problemlərinə, dərdlərinə biganə qalmazdı. Bu gözəl xasiyyətləri elə bilirəm ki, onu Allah qatında yüksəltdi və ona şəhidlik zirvəsi nəsib oldu. Onun itkin düşməsi və sonradan şəhid olması xəbəri təsdiqləndiyi vaxt bir müddət özümə gələ bilmədim. Elşən kimi bir dostu, qardaşı itirmək çox ağırdır. Həmişə onun xatirəsi bizim üçün əzizdir, bundan sonra da daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Hər kəsin köməyinə yetişərdi Sinif yoldaşı - Cəfərov Tahir Elşən çox yaxşı, cəsur bir oğul idi. İgidliyi, vətənpərvərliyi elə uşaqlıq və gənclik illərində hiss olunurdu. Heç nədən qorxusu olmazdı. Ürəyində daim Vətən sevgisi var idi. Sonuncu dəfə onu 1993-cü ildə xidmətə yola salmaq üçün yığışmışdıq. Yolasalma münasibətilə onun üçün qonaqlıq keçirtdik. Xoş arzularımızı, xeyir-dualarımızı etdik. Sağ-salamat qayıdacağını arzuladıq. Həmin gün Elşənlə son günümüz, son görüşümüz oldu. Ondan sonra əlaqəmiz kəsildi. Məktəb illərindən çox xatirələrimiz var. Uşaqlıq dövrümüzün xoş xatirələri... Elşən çox yardımsevər idi, hər kəsin köməyinə yetişərdi. Qohum-qonşu, dost-tanış, bir sözlə, hamıya nəsə bir faydası olsun istəyərdi. Hamıya can yandırardı. Elə bu xasiyyətinə görə, etdiyi yaxşılıqlara görə Allah məhz ona şəhidlik nəsib etdi. Həqiqətən, şəhidlik ali rütbədir, hər kəsə nəsib olmur. Onun şəhidlik xəbəri bizləri çox incitdi. Bu üzüntünü sözlərlə, cümlələrlə yazmaq mümkün deyil. Bu çox acıverici bir hissdir. Allah yaxınlarına səbir versin.

Bahadur Həsənov

Bahadur Həsənov

Baş leytenant
Doğum: 13.03.1963 | Şəhidlik: 14.07.1995

Həsənov Bahadur Tehran oğlu 1963-cü il martın 13-də Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. 1970-1980-ci illərdə Boladi 1 saylı orta məktəbində oxumuşdur. 1981-ci ildə Bakı Dənizçilik məktəbini, 1984-cü ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirmişdir. İlk dəfə dənizə çıxışı “Şair Sabir” teploxodunda motorçu vəzifəsində olub. Sonralar mexanik vəzifəsində çalışıb. “Sergey Kirov”, “Səməd Vurğun”, “Qara Qarayev” və başqa gəmilərdə də müxtəlif vəzifələrdə çalışmışdır. 1993-cü ilin noyabr ayında könüllü olaraq cəbhəyə yola düşür. Bahadur bir neçə qanlı döyüşdə baş leytenant rütbəsi ilə iştirak edir, qəhrəman bir zabit kimi… Əsgərlərin dediyinə görə, tapşırıq verib, qıraqdan müşahidə edən zabit deyildi, özü də bizimlə birgə çalışardı. Bahadurun Xəzər Dəniz Gəmiçiliyində kadrlar şöbəsindən müvəqqəti ordudan azad olunması haqda qərarı var imiş. Atası bu sənədi hərbi komisarlıqda təsdiqlətdirib hərbi hissəyə yollanır. Hərbi hissə komandiri sənədlə tanış olduqdan sonra Bahaduru xidmətdən azad etmək istəyir. Lakin bu qəhrəman zabit imtina edir. Deyir: “Buraya könüllü gəlmişəm, torpaqlarımızı azad etməmiş qayıtmayacağam”. Elə də oldu, həqiqətən də, qayıtmadı… 1995-ci il iyulun 14-ü Füzuli rayonu “Harami düzü” adlanan yerdə növbəti tapşırığı yerinə yetirməyə getmişdilər. Baş leytenant yenə də ən öndə idi. Qəfil mina partlayışı, bu vətən oğlunu, elinin-obasının, cəbhə yoldaşlarının sevimlisi olan Bahaduru şəhidliyə qovuşdurdu. Ana, mən gedirəm, bəlkə, bir-birimizi görmədik... Anası - Tacı xanım Könüllü ərizə verdi, Qarabağa döyüşə getdi. Bir müddət sonra xəstələndiyi üçün məzuniyyətə gəlmişdi. Məzuniyyəti bitəndə getdi, bütün dostları, yoldaşları ilə görüşdü, gəldi. Mənə dedi, -“Ana, mən gedirəm, bəlkə, bir-birimizi görmədik”,-sıxdı məni sinəsinə, bərk-bərk qucaqladı. Elə bil, ona əyan olunmuşdu, şəhid olacaq. Həmişə bu sözləri deyərdi ki, mən getməyim döyüşə, sən getmə, o getməsin, bəs kim torpaqlarımızı azad edəcək? Zabit idi, tabeliyində əsgərləri var idi. Bütün yoldaşları – hamı onun haqqında çox gözəl sözlər danışırlar. Bahadur orta məktəbdə də çox savadlı, tərbiyəli bir oğul idi. Əvvəllər tez-tez yuxuma gələrdi, indi daha görmürəm onu... Oğlum böyüyəndə mənə sual verəcək, ata, müharibə vaxtı sən harada idin? Həyat yoldaşı - Mətanət xanım 1993-cü il noyabrın 19-u idi, Hüseynin 4 yaşı, Zeynəbin 1 yaşı var idi. Evdə axşama yemək hazırlayırdım. Evə zəng gəldi, bir xanım idi. Yoldaşım cəbhəyə yola düşərkən ona evimizin telefon nömrəsini verdiyini, zəng vurub xəbər etməsini xahiş etmişdi. O xanım da yoldaşını cəbhəyə yola salırmış. Həmin an nə edəcəyimi bilmədim. Əslində, bu, mənim üçün gözlənilməz bir xəbər deyildi. Çünki yoldaşım ara-sıra müharibəyə gedəcəyini mənə eşitdirirdi. Mən isə, “sənə bir şey olsa, mən nə edərəm”, deyirdim. Deyirdi ki, “oğlum böyüyəndə mənə sual verəcək, ata, müharibə vaxtı sən harada idin”? Özünün heç bir şəhiddən artıq olmadığını və mənim də heç bir şəhidin həyat yoldaşından artıq olmadığımı deyirdi. Həmin vaxtlar tez-tez Xocalı soyqırımını Çingiz Mustafayevin çəkilişlərində göstərirdilər. Mən onun həmin verilişə baxanda hıçqırdığının şahidi olurdum. Həmin günlərdə Prezident Heydər Əliyev işğalda olan torpaqların qaytarılacağı barədə televiziyada xalqa müraciət etdi. Bütün bunlar onun qərarına bir təkan oldu. O qədər gözəl insan idi ki... Bütün gözəl xüsusiyyətlər onda cəmlənmişdi. Mərdlik, ləyaqət, mehribanlıq daxil olmaqla kişiyə layiq olan bütün xüsusiyyətlərə malik idi... Həm də çox savadlı idi. Elə bu xüsusiyyyətləri tezliklə döyüşdə də özünü göstərdi. Onu bölük komandiri vəzifəsinə təyin etdilər. Cəbhəyə gedəndən bir müddət sonra məktublaşmağa başlamışdıq. Mən uşaqların balaca əlini kağızın üstünə çəkib ona göndərirdim... Onun müharibədən birinci dəfə evə bir həftəlik gəlişi yadımdadır. Əlində bir dəstə gül ilə gəlmişdi. O vaxtlar biz Xəzər Dəniz Gəmiçiliyinin Nərimanov rayonundakı yataqxanasında qalırdıq. Qonşular yığışdı bizə, çox sevinirdik... Onun yoxluğu daha ağır bir hisdir Oğlu – Hüseyn Həsənov Atam şəhid olduğu zaman mənim altı yaşım var idi. Atamla bağlı bir çox epizod yadımdadır, bulanıq da olsa, danışmağımızı, gəzməyimizi xatırlayıram. Məni tez-tez şəhərdə: bulvarda, Nərimanov parkında, zooparkda gəzintilərə aparırdı. Qonaqlıqları, məclisləri çox sevərdi, sosial olaraq aktiv insan idi, dostları çox idi. Dənizçi olduğu üçün aylarla gəmidə olurdu və səfərdən bir gün sürpriz şəkildə gəldikdə çox sevinirdim. Televizorda müharibə və metro qatarında erməni terroru görüntülərinə birlikdə baxmağımız yadımdadır. Bir ara neçə gün ondan xəbər ala bilmədik. Sonradan mülki geyimini (qara dəri kurtkası var idi) bir nəfər evə gətirdi, ondan sonra bildim ki, cəbhəyə gedib. Eşitdiyimə görə, könüllü yazıldığını dedikdə ehtiyac çox olduğu üçün birbaşa cəbhəyə göndəriblər, ailə ilə görüşməyə imkanı olmayıb. Yusif adlı cəbhə yoldaşı var idi, Lənkərana “İkarus” avtobusu sürürdü. Axırıncı dəfə həmin İkrarusla Bakıdan Lənkərana gəldiyimizi xatırlayıram. Sonra axşam həmin avtobusla kəndimiz Boladiyə gəldik. Avtobus babamgilin həyətinə girdi. Səhər onlar cəbhəyə gedəcəkdilər. Səhər atam məndən soruşdu ki, səni cəbhəyə aparımmı? Nə qədər ciddi dediyini bilmirəm. Ancaq mənə ciddi gəlmişdi. Mən də istəmədiyimi və kənddə babamla qalmaq istədiyimi dedim. Bu, atamla son görüşüm idi. Ondan bir müddət sonra şəhid xəbəri gəldi. Atam şəhid olduğu zaman bacım Zeynəbin üç yaşı var idi. Atam ilk baxışda zəhmli bir adam kimi görünürdü, amma çox mehriban və ailəcanlı biri idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Cəbhədən boş avtomat güllələri gətirmişdi, mən də toplayıb kolleksiya yığırdım. Çox xoşuma gəlirdi. Atamdan çoxlu kitablar yadigar qalıb. Çoxlarını oxumuşam. Xidmətdə olarkən yazdığı məktubları da saxlayırıq. Düşünürəm ki, şəhidlik ona ürəyinin təmizliyinə və bir də Vətənə bağlılığına görə nəsib oldu. Elə anlar olur ki, atamın şəhid olması ilə fəxr edirəm, amma onun yoxluğu daha ağır bir hisdir. Bacı üçün qardaş itkisi çox çətindir. Bacısı - Hacıbəyim xanım Xoş xasiyyətli idi, mehriban idi, bacılarını çox istəyirdi. Gəmi ilə xaricə gedərdi, hər gələndə bizə hədiyyə alardı. Onun iş yoldaşları indi də bizi görəndə ondan xoş sözlər deyirlər. Necə işini çox sevən olduğunu, savadlı-bilikli olduğunu, mehribançılığını, dost-yoldaşını sevməsini hamı sevə-sevə danışır. Biz də onun dostlarını görəndə elə bil, onun özünü görürük. “20 Yanvar” hadisəsi, “Xocalı soyqırımı” ona çox təsir etmişdi. Vətənpərvər idi, bu hadisələrin intiqamını almaq istəyirdi düşməndən. Son dəfə məzuniyyətə gələndə görüşdük. Məzuniyyəti bitəndə, cəbhəyə gedəndə onu yola salmağa, ötürməyə getmişdik. O ayrılıq səhnəsi heç yadımdan çıxmır... Yuxularıma da gəlmir, ancaq həmişə yadımdadır. Bacı üçün qardaş itkisi çox çətindir. Kərbəlada İmam Hüseyn məscidində idim, birdən oranın işıqları söndü Bacısı - Gövhər xanım Əgər bütünlükdə hamını aparsaydılar, Bahadur getməli deyildi. Onun icazəsi var idi. O, Dənizçiik məktəbində oxuyurdu. Hətta atam onun icazə kağızını hərbi hissəyə də aparmışdı. Komandiri onu çağırıb,-“sən azadsan gedə bilərsən”,- demişdi. Atam da çox yalvarmışdı ki, evdə iki körpə balan var, gəl, gedək evə... Demişdi: “Gələ bilmərəm”. Xocalı soyqırımından olan kadrlara baxarkən oradakı bir azyaşlı qızın cəsədini göstərmişdi, demişdi ki, bu zülmü görən evdə oturmaz. Sonuncu görüşümüz o, məzuniyyətə gələndə oldu. Bizə gəlmişdi, qonaq çağırmışdıq onu, ləzzətli yeməklər bişirmişdik. Amma o, yeməklərə baxıb dedi: “Bacı, mənim əsgərlərim orada bu yeməklərdən yeyə bilmir, mən indi bunları necə yeyim? Biz orada qanqalı soyub yeyirik”. Bahadur şəhid olan gecə qəribə bir yuxu da görmüşdüm. Kərbəlada İmam Hüseyn məscidində idim, birdən oranın işıqları söndü. Ayıldım bu qəribə yuxudan. Səhəri gün qardaşımın şəhid xəbəri gəldi. Allah bütün şəhidlərimizi İmam Hüseynlə məşhur eləsin. Qardaşım İmam Hüseyni çox sevirdi, övladlarının adı da biri Hüseyn, o biri Zeynəbdir. Ona güllə dəymədi... Uşaqlıq dostu - Nazim müəllim Bahadur məndən bir sinif aşağı oxumasına baxmayaraq mənim ən yaxın dostlarımdan biri idi. Məktəb illərində, ümumiyyətlə, uşaqlıq illərində elə bir gün olmurdu ki, biz görüşməyək, danışmayaq, nəyisə müzakirə etməyək. Çox vaxt stolüstü oyunlar oynayardıq. Ona şahmat oynamağı mən öyrətmişdim. Amma bərabər qüvvədə oynayardıq, çox fikirləşərdi. Başqa oyunlarda da yaxşı oyun nümayiş etdirirdi. Desəm ki, ilk dəfə at sürməyi mənə Bahadur öyrədib, heç kim inanmaz. Onların atları var idi. Birlikdə çox at minmişik. Əsl dost idi, dost yolunda hər şeyə hazır idi. Yaxşı yadımdadır, tələbəlik illərində onun oxuduğu Qafur Məmmədov adına Dənizçilik Məktəbinə getmişdim. İcazə ala biməsə də, hasardan tullandı və bütün günümüzü birlikdə keçirtdik. 1995-ci ilin may ayı idi, məzuniyyətə gəlmişdi, daha doğrusu, xəstələnmişdi, sətəlcəm olmuşdu. Müalicədən sonra evə buraxmışdılar. Həmin vaxt çox söhbətlərimiz oldu. Əsl vətənpərvər idi. “Mən getməsəm, kim gedəcək. Vətəni mən qorumasam, sən qorumasan, kim qoruyacaq”, bu sözlər dilinin əzbəri idi. Bu məqsədlərlə, bu şüarlarla yaşayırdı. Hərdən zarafatca, gülə-gülə deyərdi ki, mənə güllə dəymir, hər yerimdən keçir, amma mənə dəymir. Haqlı idi, ona güllə dəymədi, o minaya düşdü... Həmişə də əsgərlərindən öndə idi Dostu və cəbhə yoldaşı - Yusif müəllim 1993-cü ilin noyabr ayında könüllü batalyon yığılmışdı. “Çermet” körpüsü deyilən bir yer var idi, Daxili Qoşunların hərbi hissəsi orada yerləşirdi. Biz orada yığıldıq və oradan da birbaşa cəbhəyə getdik. Bahaduru ilk dəfə orada gördüm və tanışlığımız başladı. Şəhid olana qədər birlikdə olmuşuq. Beyləqandan Füzuli istiqamətinə doğru döyüş yolumuz başladı. Bahadur çox tələbkar komandir idi. Şəxsi heyətin qeydinə qalan, onları daim döyüş hazırlığında saxlayan bir komandir. Çox cəsarətli idi. Baxmayaraq ki, dənizçilik məktəbindən gəlmişdi, amma döyüş aparmaq potensialı güclü idi. Həmişə də əsgərlərindən öndə idi. Ona deyərdik ki, sən komandirsən, döyüşü idarə etmək üçün nisbətən arxada olmalısan. Özündən asılı olmadan cəsarəti, qeyrəti onu arxada qalmağa qoymurdu. O, bir bölmənin, mən isə digər bölmənin komandiri idim. Hücumlar zamanı rabitə vasitəsi ilə bir-birimizlə əlaqə saxlayardıq. Çox vaxt da ermənilər bizi başa düşməsin deyə talışca danışardıq. Talış qardaşlar da bizim üçün tərcümə edirdilər. Mənə də bəzi sözləri öyrətmişdilər, indi yadımdan çıxıb. Çox acılı-şirinli xatirələrimiz qalıb. Hamısını danışmaq olmur. Bir dəfə düşmənin 3 tankını birlikdə partlatdıq, tankların üçü də bizim səngərdə qaldı. O tanklar yanarkən ətrafında oturub siqaret çəkə-çəkə seyr edirdik. Müharibənin ən zövqlü anları da belə idi, hansısa tapşırığı uğurla yerinə yetirmək və sonra o qələbədən ləzzət almaq. Hələ də o anları unutmamışam. Mənim qucağımda canını tapşırdı Cəbhə yoldaşı – Xasay Əskərov. Əsl qəhrəman haqqında danışmaq asan deyil. Onun haqqında danışmağa nəfəsim çatmaz. Qəhərdən boğuluram. Mənim qucağımda canını tapşırdı. Bu, mənim üçün çox çətin idi. İndi də o səhnəni xatırlamaq çətindir. Əsl döyüşçü, əsl komandir, əsl zabit, əsl əsgər idi. Allah rəhmət etsin.

Vüqar Heydərov

Vüqar Heydərov

Kapitan
Doğum: 24.11.1975 | Şəhidlik: 14.06.2002

Heydərov Vüqar Aydın oğlu 1975-ci il noyabrın 24-də Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1982-ci ildə Boladidə 1 saylı tam orta məktəbə getmiş, orta məktəbi bitirdikdən sonra isə 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər məktəbinə qəbul olunmuşdur. O, ali məktəbi başa vurduqdan sonra xidmətini Tərtər və Bərdə şəhərlərində davam etdirib. 2000-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən iki oğul övladı dünyaya gəlmişdir. Kapitan Heydərov Vüqar 2002-ci ilin iyun ayının 14-də, 27 yaşında həyata əbədi olaraq gözlərini yummuşdur. General rütbəsinə qalxmaq arzusunda idi Həyat yoldaşı – Rəsalə xanım Vüqar mehriban, həyat dolu insan idi. Çox vətənpərvər idi. Vətənpərvər olduğu üçün hərbiçi olmağı seçmişdi. Sənətini hədsiz çox sevirdi. Çox təəssüf olsun ki, onun yarımçıq qalan sənətini övladları tərəfindən davam etdirmək heç birinə nəsib olmadı. Vüqar çox sakit təbiətli idi. Evdə səsini heç vaxt qaldırmazdı. Hətta uşağın ağlamasına belə icazə verməzdi. İşdən gələn kimi onunla oynayardı. O, çox gözəl yoldaş, zəhmətkeş oğul, qayğıkeş ata, əsl dost idi. Həm həyatı boyunca, həm də ölümündən sonra həmişə haqqında xoş sözlər danışılıb. Həmişə xoş xatirələrlə anılıb. Vüqarla çox qısa həyat hekayəmiz oldu. Çox tez ayrılası olduq. Yadımda qalan çox xatirələr var, qısa birini danışım. Bir dəfə onunla maşında gedərkən radioda ayrılıq mahnısı səslənirdi. Sanki Vüqarın ürəyinə nəsə dammışdı. Mənim də gözüm onun gözündəki kədərə sataşdı. Çox təsirlənmişdi mahnıdan... Elə bil, ayrılacağımızı hiss etmişdi. Məhz onun o baxışları heç vaxt gözümün önündən getmir. Ondan mənə yadigar olaraq 2 oğul övladımız qaldı. Hərçənd ki, o övladlarını doya-doya görüb oxşamadı. Yoldaşım həyatla vidalaşanda böyük övladımızın 1 yaşı , 2-ci övladımız isə 40 günlük körpə idi. Atasını görmək ona heç nəsib olmadı. Çünki Vüqar hərbi hissədə, Vətənin keşiyində idi. Onun həyatda yoxluğu daima canımızı incitsə də, həmişə adı ilə fəxr etmişik və edirik. Onun sayəsində həmişə başı uca gəzmişik. Hərbi qulluqçu olmağı da Vüqar özü seçmişdi. Vətənə bağlı, işinə bağlı insan idi. General rütbəsinə qalxmaq arzusunda idi. Torpaqlarımızın azad olunması ən böyuk arzularından biri idi. Çox təəssüf olsun ki, bu sevinci yaşamaq ona nəsib olmadı. Çox heyif... Mən şəhid yoldaşlarının nələr çəkdiyini çox yaxşı bilirəm. Kaş ki bu həyatda bir ayrılıq, bir də ölüm olmayaydı. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ruhları sevdiklərinə duaçı olsun. Vüqar kimi bir qardaşı itirmək heç də asan deyildi Bacısı – Mənsumə xanım Vüqar bütün dost-tanış, qohum-əqraba içində özünə böyük hörmət qazanmışdı. O cümlədən, biz bacıların arxa-dayağı, ən əzizi, yol göstərəni idi. O qədər gözəl xasiyyətə malik idi ki, hər vaxt bizim qayğımıza qalar, tez-tez axtarardı, köməyini əsirgəməzdi. Ayrılığımızdan illər keçsə də, Vüqar həmişə, hər an qəlbimizdədir. Heç vaxt unutmadıq, unuda da bilmərik. Onunla çox xatirələrimiz olub, hamısını da yad edirik. Toyu ilə bağlı xoş xatirələrimiz var. Çox şən və maraqlı toy keçdiyi üçün səhərin açıldığını hiss etməmişdik. Sonuncu dəfə yadımdadır, ailəsi ilə bizə gəlmişdi. Deyib-güldük, zarafatlaşdıq. Olduğu iş yerindən, hərbi kollektivdən danışırdı. İşini çox sevirdi. Qürurla danışardı öz peşəsindən. Biz də bir bacı kimi onunla fəxr edərdik. Həmin gün onu yola salandan sonra Vüqar işlədiyi hərbi hissəyə getdi. 2, ya 3 ay sonra ölüm xəbərini eşitdik. Bir bacı üçün bu xəbər dünyanın sonuymuş kimi çox əzablıdır. Vüqar kimi bir qardaşı itirmək heç də asan deyildi. Ondan sonra digər qardaşlarım, valideynlərim də dünyadan köçdülər. Sanki heç biri Vüqarın ayrılığına dözmədi. Ona sağ olsaydı da, elə indi də deyəcəyim bir söz var: “Bacın sənə qurban olsun”. Ona bərk-bərk sarılıb bu sözləri demək üçün bütün dünyamı verərdim. Onu Müdafiə Nazirliyinə dəvət etmişdilər, getmədi... Bacısı – Aygün xanım Vüqar ailəmizdə məndən 3 yaş kiçik qardaş, beşinci övlad olub. Çox zəhmli görünüşü olsa da, mehriban, qayğıkeş, böyük-kiçik yeri bilən idi. Həm də çox yaraşıqlı idi. Canını bizim üçün hər an qurban verməyə hazır idi. Onun ruhuna canımız qurban olsun. Mənim qardaşım çox ürəyiyumşaq idi. Hələ kiçik yaşlarından məsuliyyətli, qürurlu olub. Əslində, hamımız müəllim ailəsində böyümüşdük, eyni tərbiyəni almışdıq. Amma Vüqar tamam başqa idi. O, hamımızdan seçilirdi. Vüqarı ömrünün 27-ci baharında itirdik. Yaşasaydı, çox böyük nailiyyətlər əldə edərdi, çünki biz bunu qısa zamanda qazandığı uğurlardan da gördük. Orta məktəbi əla qiymətlərlə bitirib, hərbi məktəbə yüksək nəticələrlə daxil olmuşdu. Sonra da Hərbi Akademiyanı fərqlənmə ilə bitirib, öz istəyi ilə də birbaşa cəbhə bölgəsinə, hərbi hissəyə işləməyə getdi. İşlədiyi müddət ərzində Vətənimizin hər qarış torpağının qorunması uğrunda canını belə hər an qurban verməyə hazır idi. Qardaşımın uğurlarına görə onu Müdafiə Nazirliyinə işə dəvət etmişdilər, lakin o, döyüş postunu, cəbhə dostlarını buraxıb getmədi. Torpaqların işğal altında olan vaxtda gedib nazirlikdə oturmağı özünə rəva bilmədi. Biz qardaşımızla fəxr edirik. Sonuncu görüşümüz öz ata evimizdə oldu. Əmim rəhmətə getmişdi, Vüqar işlə bağlı gələ bilməmişdi. Komandiri demişdi ki, Aydın müəllimdən ayıbdır, 40 mərasiminə gedək. Komandiri də onunla bərabər gəlmişdi. Ailəmizə böyük hörmətləri var idi. Məclisdə Vüqarı bəzi qohumlar tanımadılar, hərbi həyatı onu çox dəyişmişdi. Həmin gün də Tərtər bölgəsinə qayıtmalı oldular. Anamgil çox təkid etdilər ki, getməyin, axşam qalın, səhər gedərsiz. Dedilər, səhər saat 6-da hərbi hissədə olmalıyıq. Yola düşəndə hamımızla görüşdü, amma ata-anamla qayıdıb ikinci dəfə görüşdü. Dedi ki, darıxmayın, yenə gələrəm, görüşərik. Bundan sonra biz onun ancaq cansız, ruhsuz simasını tabutda gördük. Allah heç bir ailəyə elə bir gün yaşatmasın. Qardaşım iki il deyildi, ailə həyatı qurmuşdu... Allah ona iki oğul övladı vermişdi. İkinci oğlu dünyaya gələndən onu heç görməmişdi. Deyirəm, qardaşım kaş ki, bir dəfə də olsa, onların dilindən "ata" sözünü eşidərdi. Allah bütün şəhidlərə rəhmət etsin, yaxınlarına səbir versin. Bir sözümüz var: "Vətən sağ olsun"! Son görüşünü heç unutmuram Bacısı – Sevinc Heydərova Bir bacı üçün qardaş arxa-dayaq deməkdir. “Qardaş” sözü dünyanın ən şirin kəlməsidir mənim üçün. Baxmayaraq ki, indi hər “qardaş” kəlməsini dedikdə ürəyim parçalanır. Çünki mən üç qardaşımı hələ gənc ikən itirmişəm. Onlardan ilk Vüqar qardaşımı itirdik. Vüqar Hərbi Akademiyada oxuyurdu. Mən uşaq idim. Vüqarın məni oxutmaq arzusu var idi. Məni çox sevərdi. O, mənim üçün əziz, dəyərli qardaş idi, onu kəlmələrə sığmayacaq qədər çox sevirdim, hələ də sevirəm. Vüqar, adı kimi vüqarlı, qürurlu, vətənə bağlı oğul idi. Ona görə də, hərbiçi olmağı seçmişdi. Atamla anam həmişə onunla qürur duyardı. Vüqar hərbiçi işlədiyi müddətdə əsgərlərini doğmaları qədər sevərdi. Nümunəvi bir hərbiçi idi. Hərbi xidmətlərinə görə Vüqarı nazirliyə işə dəvət etmişdilər, amma özü getmədi. Vüqar böyük-kiçik yeri bilən idi. Ata-anama çox böyük hörmətlə yanaşardı. Ailəcanlı, qohumcanlı, ən əsası da, gözü tox insan idi. O belə gözəl xüsusiyyətlərinə görə çox insan tərəfindən sevilirdi. Vüqar qardaşımın bizimlə son görüşünü heç unutmuram. Həmən an hər daim gözümün önündə canlanır. Anam sanki qardaşımın ölümünü öncədən hiss etmişdi, çox dedi ki, getmə, bala, səndən heç doymadım. Qardaşım dedi: “Mən sabah işdə olmalıyam”. Bizimlə görüşdü, atamla görüşəndə gözləri doldu və bizimlə dəfələrlə vidalaşdı. Sanki özü də bilirdi son görüşü olduğunu... Ata-anamı bizə tapşırdı, iki oğul övladını və ömür-gün yoldaşını ata-anama əmanət edərək getdi. Bu, Vüqar qardaşımın bizimlə son görüşü oldu. 14 iyun Vüqarın acı ölüm xəbərini aldıq. Bu xəbəri eşidəndə bütün ailəmiz çox sarsıldı, dünyamız dağıldı sanki... Kəlmələrlə, cümlələrlə bu xəbərin nə qədər ağır, nə qədər acı bir xəbər olduğunu ifadə edə bilmərəm... Heç bir sənətdə belə ürəklə işləyə bilməzdim Əmisi oğlu – Etibar Heydərov Vüqar hərb sənətinin vurğunu idi. Öz işinə fədakarcasına yanaşırdı. Tərbiyəsi, məsuliyyəti, zəhmətsevərliyi ilə hamını heyran qoyardı. Böyüklərə ehtiramı, kiçiklərə qayğıkeşliyi Vüqarı hamıya sevdirirdi. Deyirdi ki, nə yaxşı mən hərbiçi oldum, başqa heç bir sənətdə belə ürəklə işləyə bilməzdim. Vüqar tez bir zamanda kapitan rütbəsinə yüksəldi. Tez-tez deyirdi: “Əmioğlu, ən yüksək rütbələri alacağam Allahın köməyi ilə”. Çox təəssüf ki, qismət olmadı. Amma ən uca rütbəyə - şəhidliyə yüksəldi. Allah yerini Cənnət eləsin. Gözlərində Vətən sevgisi, işğalda olan torpaqların azad olma istəyi hər zaman hiss olunurdu. Deyilməmiş çox sözləri qaldı qəlbində. Mütaliəni çox sevərdi, çoxlu kitabları vardı. Anıldıqca Vüqar həmişə qəlbimizin mərkəz xəttində dayanacaq. Öz şirin, səmimi təbəssümü ilə baxacaq. Bu qəhrəman kapitan həm də çox səmimi həmsöhbət idi. Onunla söhbət etməkdən adam yorulmazdı. Əsgərləri də onun xətrini çox istəyirdi. Əmim – Aydın müəllim Vüqarı hərb sənətinə istiqamətləndirməsini özünün böyük uğuru sayırdı. Vüqarın nailiyyətləri ilə həmişə fəxr edirdi. Biz də onunla fəxr edirik. O, bizim üçün diridir, qəlbimizdədir. Onun “salam”ını hər gün eşidirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlar bizim and yerimizdir. Dost kimi dost, qardaş kimi qardaş idi Dostu – Azər Əhmədov Vüqar haqqında danışmaq mənim üçün çox çətindir. Onunla çox xoş, şirin xatirələrimiz var. Məndən 1 il böyük idi, 1 sinif yuxarı oxuyurdu. Elə hərbi məktəbə də o, məndən 1 il əvvəl daxil olub. Növbəti il mən də daxil oldum. O, 2-ci kursda idi, mən 1-ci kursda. Hərbi məktəbdə də hamı məni Vüqarın qardaşı kimi bilirdi. Bütün günü birlikdə idik, bütün çətinliklərimizi birlikdə həll edərdik. Baxmayaraq ki, o yuxarı kursda idi, həmişə mən onun yanına, o da mənim yanıma gələrdi. Bir birimizdən ayrı qalanda darıxırdıq bir birimiz üçün... İndi onun yoxluğu məni çox incidir. O qədər yaxın dost olmuşuq ki, mənim atama "ata", anama "ana" deyərdi. Elə mən də rəhmətlik Aydın müəllimin, Gülqayıt müəllimənin xətrini öz ata-anam qədər çox istəyirdim. Allah onlara rəhmət etsin. Vüqar hərbi məktəbdə də hörmətli və sevimli kursant idi. 1995–1996-ci illərdə Heydər Əliyev hərbi məktəbdə olanda onun qarşısında bütün idman və akrobatik hərəkətləri göstərmək Vüqara tapşırılmışdı. Yaxşı cüdoçu olduğu üçün bütün idman tədbirlərinə onu dəvət edirdilər. Çox bacarıqlı olduğu zabitlik sənətində də özünü göstərirdi. Uğurları çox idi. İnanıram ki, yaşasaydı, çox böyük uğurlar qazanacaqdı. Allah ona rəhmət etsin. Dost kimi dost, qardaş kimi qardaş idi. Həmişə hörmətini, etibarını gözləyən bir oğul idi. Çox çətinlik çəkirəm onun haqqında danışmağa. Onun itkisi ilə hələ də barışa bilmirəm. Heç vaxt heç nədən qorxmurdu Qohumu, uşaqlıq dostu – Polkovnik-leytenant Telman Əkbərov Vüqar insan kimi insan idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Müsbət xüsusiyyəti çox idi, sözübütöv olmaqla bərabər, daxili ilə xarici də vəhdət təşkil edirdi. Məhəllədə də çox yaxşı hörməti var idi. O, bizə idman öyrədərdi, məşq elətdirərdi, güləşə bir yerdə getmişik onunla... Yarışlara gedərdik. Yadıma gəlir, onunla bir dəfə qatarla Qəbələyə, yarışa getmişdik. Həm də gözəl yol-yoldaşı idi. Vüqar əsl hərbiçi idi. Çox sevərdi hərb sənətini. Vətəninə, dövlətinə, millətinə sadiq idi. O, Vətəni uğrunda canından keçməyə hər zaman hazır olub. Cəsur, mətin, dözümlü idi və heç vaxt heç nədən qorxmurdu. Arzusu general olmaq idi, lakin qismət belə imiş. Allah rəhmət etsin. Onun yerişini, duruşunu hələ də unutmamışam Güləşçi yoldaşı – Azər Qasımov Vüqarı məktəb illərindən, uşaqlıqdan tanıyırdım. Məndən 2 yaş böyük olmasına baxmayaraq çox gözəl ünsiyyətimiz var idi. Yoldaşlığı bacaran, mərd bir oğul idi. İndi də onun yerişini, duruşunu hələ də unutmamışam. Vüqarlı və qürurlu yerişi var idi. Həm də çox pozitiv, çox mehriban və gülərüzlü idi. Elə bilirəm, hamı mənimlə razılaşar ki, onunla ünsiyyət çox xoş idi. Onunla birlikdə olarkən adam özünü narahat hiss etməzdi, sıxılmazdı. Müsbət aurası var idi. Vüqarın hər kəsdən hal-əhval soruşarkən işlətdiyi, dilinin əzbəri olan bu sözü xatırlayıram: "Nə var, nə yox”? Tez-tez işlədərdi bu cümləni. Biz cüdo idman növü üzrə birlikdə məşq keçirdik. Bakıya yarışlara gedərdik. Yadımda bu qalıb ki, bir dəfə Bakıda yataqxanada Vüqar və bir neçə yoldaşımızla bərabər səhərə qədər deyib-gülüb zarafatlaşmışdıq. Səhərin necə açılmasından xəbərimiz olmamışdı. Vüqar hərbi məktəbə daxil olandan sonra onunla görüşümüz olmadı. Sonuncu dəfə onunla vağzalda görüşdüm. Ayaqüstü hal-əhval tutduq, ayrıldıq. Allah rəhmət etsin. Çox yaxşı oğlan idi. Ruhu şad olsun. İntensiv şəkildə idmanla məşğul olur Əmisi oğlu – Polkovnik-leytenant Heydərov Ülvi Vüqar mənim əmim oğludur. Mən onu hələ uşaq yaşlarından tanıyırdım. Biz kəndə gələndə həmişə Vüqargilə, yəni əmimgilə də qonaq gələrdik. Mən, əsasən, Vüqarın böyük qardaşı rəhmətlik Şahinlə həmyaşıdım olduğu üçün dostluq edərdim. Amma Vüqar yaşda bizdən kiçik olsa da, daima bizimlə birlikdə olmağa can atardı. Vüqarın müsbət xüsusiyyətləri çox idi. Ancaq ən çox gözə çarpan xüsusiyyətlərindən səmimi və istiqanlı, insanlara və kollektivə tez uyğunlaşması, həmçinin onların tez bir zamanda etimadını və hörmətini qazanması idi. Müxtəlif xarakterli insanlarla tez bir zamanda dil tapmağı və onlarla xoş ünsiyyət qurmağı bacarırdı. Vüqar hər kəsə: tanıdığına və tanımadığına da daima can yandırar, özünü unudaraq daima başqalarına köməklik göstərməyə, yaxşılıq etməyə tələsərdi. Bununla əlaqədar olaraq daima harasa tələsər və səbirsizlənərdi. Sanki o, bu dünyada çox az qalacağını hiss edərək daima daha çox yaxşı işlər görməyə tələsərdi. Düzü, Vüqarın işlətdiyi sözlər yox, onun hərbi geyim formasına olan böyük hörməti və sevgisi daha çox yadımda qalıb. Vüqarın hərb peşəsinə və insanlara olan bu münasibəti, diqqəti onu nəinki yaxınlarının, həmçinin komandirlərinin gözündə ucaltmışdı. Vüqar gənc zabit olmasına baxmayaraq bu keyfiyyətlərinə görə xidmət etdiyi hərbi hissə komandirinin qısa müddət ərzində böyük etimadını qazanaraq, xidmətdən kənar onun və ailəsinin ən yaxın dostuna çevrilmişdi. Bu, Vüqarın səmimiliyinin və xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşmasının nəticəsində əldə olunmuşdur. Mən C.Naxçıvanski adına hərbi liseydə oxuduğum vaxtlarda bir dəfə Vüqargilə gəldik. O vaxt o, mənə hərbiçi olmaq arzusunda olduğunu bildirdi. Vüqarın fikirlərini çox emosional şəkildə bildirməsindən bu istəkdən necə alışıb yandığı hiss olunurdu. Onda başa düşdüm ki, Vüqarın bu istəyi ötəri deyil. Mən ona, əgər hərb sənətini seçmək istəyirsə, fiziki hazırlığına çox diqqət yetirməsini tövsiyə etdim. Sonradan məlum oldu ki, Vüqar hər gün ilin fəsillərindən və hava şəraitindən asılı olmayaraq evlərindən başlayaraq Liman qəsəbəsi istiqamətində avtomobil yolu ilə, bu yolun dəmir yolu ilə kəsişməsinədək qaçır və intensiv şəkildə idmanla məşğul olur. Nəticədə onun bu zəhmətsevərliyi və əzmkarlığı öz bəhrəsini verdi. Vüqar arzusuna çatdı – Ali Hərbi Məktəbə daxil oldu. Vüqarın qısa da olsa, lakin çox mənalı həyatını mən yanar şama bənzədərdim. Şam yanaraq tez ərisə də, öz işığı və atəşi ilə daima digərlərinin yolunu işıqlandırır və qəlblərini isidir. Vüqarla bağlı ürək sözlərimi xalq şairimiz Bəxtiyar Vahabzadənin “Ömür” adlı şerindən bir parça ilə tamamlamaq istərdim: Yaşamaq – yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır, Şam əgər yanmasa, yaşamır demək, Onun da həyatı yanmağındadır. Ömrü az olsa da, qartal yenmədi, Dedi, səmalarda öz oylağım var. Ömrün azlığından gileylənmədi, Ömrü insan kimi başa vuranlar. “Bu dünya beş gündür”,- deyib hər yerdə, Sağ ikən qəbirdə uzanan da var. Öz alın təriylə bircə ömürdə Yüz insan ömrünü qazanan da var.

Samid Əkbərov

Samid Əkbərov

Baş leytenant
Doğum: 23.01.1983 | Şəhidlik: 08.11.2008

Əkbərov Samid Asif oğlu 1983-cü il yanvar ayının 23-də Lənkaran Rayonu Boladi kəndində anadan olmuşdur. Orta təhsilini Boladi kənd 1 saylı orta məktəbdə almış və 2000-ci ildə məzun olaraq Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. Samid ali hərbi təhsilini bitirmiş və ordu sıralarına qatılmışdı. 2005-ci ildə təyinatla Füzuli rayonu Aşağı Seyidlər kəndində N saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışmağa başlamışdı. Samid xidmət dövründə “İgidliyə görə” ordeni ilə təltif olunmuşdur. O, baş leytenant rütbəsini də elə məhz burda, düşmənlə üz-üzə olan hərbi hissədə almışdır. Dəfələrlə atəşkəsi pozan düşmən ordusu bu igid zabitimiz və onun tağımı tərəfindən layiqincə susdurulmuşdur. 2008-ci il noyabr ayının 8-də erməni ordusunun canına qorxu salan Samid sonda düşmən snayperindən namərdcəsinə açılan atəş nəticəsində şəhid olur. Bir dəfə bayram vaxtı yanına getmişdim... Atası - Asif Əkbərov Samid 2005-ci il may ayından Füzuli rayonunn N saylı hərbi hissəsində xidmət edirdi. Xidmət dövründə baş leytenant rütbəsi aldı. Daha sonra təşəkkürnamələr və igidliyə görə medalı ilə təltif olundu. Biz arxayın idik ki, Samid hərbi xidmətin layiqincə yerinə yetirir. Gələcək perspektivinə də əmin idik. Amma qəfil baş verən bu hadisəni gözləmirdik. Sanki özü də qabaqcadan hiss etmişdi ki, şəhid olacaq. Bütün yazılarında, qeydlərində, şerlərdə hamısında şəhidlikdən bəhs edib. Samid bir neçə dəfə mənim yuxuma gəlib. Hətta bir neçə gün bundan qabaq da yuxuma gəlmişdi. Samid, xidmət zamanı tabeliyində olan əsgərlərə qarşı həm tələbkar idi, həm də humanist idi. Hər zaman anasına deyərdi ki, dua et, əsgərlərimə bir şey olmasın. Bir dəfə bayram vaxtı yanına getmişdim, biraz da bayram payı aparmışdım. Gördüm, getdi, əsgərləri düzdü, mən gətirdiyim payların hamısını əsgərlərə payladı. Çox səmimi və mehriban biri idi. Samid qonşu, qohum, dost fərq qoymazdı, hər kəslə səmimi və mehriban idi. İtki çox çətindir. Ana itkisi, ata itkisi, bacı itkisi və s. Amma övlad itkisi çox ağırdır. Övlad itkisinə dözmək çox çətindir. Yeganə təsəllimiz onun qəbridir. Ad günündə, bayramlarda, hər cümə axşamı qəbrini ziyarət edirik. Deyir ki, mən ölməmişəm, ağlamayın. Anası - Zərifə Əkbərova Çox düzənli və hər şeyə fikir verən biri idi. Nə deyərdim, edərdi mənim üçün. Xəstəliyimlə əlaqədar mənə ağır bir şey götürmək olmazdı. Samid gedərdi məktəbə, biləndə ki, mən çörək bişirirəm, qaça-qaça gələrdi, çörək “tavağını” mənim üçün təndir başına aparardı. Mən xəstələnəndə köməyimə yetərdi, qayğıma qalardı. Hər kəsdən üstün idi mənim üçün. Mən hətta deyirdim, onsuz yaşaya bilmərəm, amma yaşayıram. Samid həm mənə oğul idi, həm yoldaş idi, həm ata idi. Şerlərin oxuyuram, danışıram, sual verirəm, amma cavab ala bilmirəm. Bir dəfə istədim ki, onu dəfn olunduğu məzarlıqdan çıxarıb yaxındakı məzarlığa gətizdirim. Yuxuma girdi, gördüm həyətdədir, mənə dedi: “Ana, mənimlə işin olmasın, qoy rahat yatım”. Kəfəndə idi və hər tərəfdən insanlar “Allahu əkbər” deyirdi. Dedim ki, Samid, səni hansı tərəfindən vurublar, göstər mənə, bilim. Kürəyini çevirib göstərdi. Baxdım ki, kürəyində yara var və üstünə yara bandı vurublar. Başqa vaxtlarda da görərdim yuxuda, tez-tez deyir ki, mən ölməmişəm, ağlamayın. Sonuncu dəfə toya gəlmişdi. Özü də xəbər etmədən gəlmişdi. Birdə baxdım ki, qara paltarda durub yanımda. Dedim ki, bəs mənə niyə xəbər etməmisən? Dedi, bilirdim ki, evdəsən, ona görə demədim. Özünə ilk dəfə idi ki, mülki kostyum almışdı. Həmin gün toyda iştirak etdi. Gedəndə dedi ki, ana, mən gedirəm, posta çıxacağam. Getdi və üstündən bir müddət sonra zəng etdi ki, ana 2-3 günə gələcəyəm. Bir neçə gün sonra axşam vaxtı xəbər çıxdı ki, Samid vurulub. Samid haqda illərlə danışsam, bitməz... Qardaşı - Ramin Əkbərov Qardaş itkisi çox çətindir mənim üçün. Çətindir demək, bəlkə də, azdır. Dözülməzdir. Samidlə aramızda 2 il yaş fərqi olduğundan onunla mən həm dost, həm yoldaş, həm də qardaş olmuşuq. Uşaqlığımız bir yerdə keçib. Xatirələrimiz çoxdur Samidlə. Onunla olan xatirələri danışmaq çox çətindir. Hər zaman söhbət edəndə o, hərbiyə, vətənə, zabitliyə sevgisindən danışardı. Bu istəyi elə onun Hərbi Akademiyaya getməyinə səbəb oldu. Döyüş bölgələrinin birində bölük komandiri vəzifəsinə təyin edildi. Xidmət zamanı bir çox uğur və nailiyyət əldə etdi. Mən hər zaman qardaşımla fəxr etmişəm və fəxr edəcəyəm. Samidlə son görüşümüz xidməti işi ilə əlaqədar Bakıya gəldiyi vaxta təsadüf edir və biz o zaman görüşmüşdük. Ondan sonra görüşə bilmədim. Amma telefonla tez-tez əlaqə saxlayıb danışırdıq. Əlbəttə, şəhidlik çox böyük bir zirvədir. Vətən, torpaq uğrunda şəhid olmaq şərəfdir və Samid bu şərəfə layiq görüldü. Yuxularıma tez-tez gəlir, görüşürük. Samid haqda illərlə danışsam, bitməz, amma danışmağa çətinlik çəkirəm. Qəhərdən danışa bilmirəm. Dostlarına, əsgərlərinə, sinif yoldaşlarına, valideynlərinə, qohumlarına, qonşularına, demək olar ki, hər kəsə səmimi olub, mehriban olub. Bəlkə də, onun bu xüsusiyyətinə görə Allah ona şəhidlik nəsib etdi. Sözsüz ki, Vətən sağ olsun. İlk şəhid olduğu vaxtlarda yuxuma gəlmişdi... Bacısı – Sevil Rəhimova Mənim qardaşım Samid, mehriban, saf ürəkli, ən əsası da, arxa-dayağım idi. Düzdür, hamıya öz qardaşı əzizdir, amma mən elə bilirəm, Samid kimi qardaşdan dünyaya heç vaxt gəlməyib. Böyükdən kiçiyə hamıya özünü sevdirmişdi. Özünəməxsus sadəliyi, səmimiliyi, fədakarlığı ilə hamının qəlbində məskən sala bilmişdi. Onun müsbət xüsusiyyətlərini saymaqla bitməz. Elə ən əsas xüsusiyyəti olan mərdliyi onu Vətən keşiyində durmağa və bu yolda canından keçməyə qədər apardı. Hərbi məktəbi bitirəndən sonra öz istəyi ilə cəbhə bölgəsini seçməyi də bizə bunu deməyə əsas verir. Mənə ən çox dediyi söz bu idi: “Narahat olma, bacı!” Bilirdi ki, onun üçün çox narahatam. O vaxtkı narahatlığım indi gözlərimdə axan yaşlarla əvəz olunub. O göz yaşları ki, indi bu yazını yazmağa belə imkan vermir. Hər cümləni yazarkən Samidlə bağlı keçmiş zamanda danışmaq mənə çox çətindir. Onun çox arzuları var idi. Mənim isə bir bacı olaraq arzum qardaşımın xoşbəxtliyini, şadlığını, toyunu, övladlarını görmək idi. Samidin də, bizim də arzularımız yarımçıq qaldı. Axırıncı dəfə onunla oturub səhərə qədər söhbət etdik. Qəlbinin sirlərini mənimlə bölüşərdi. Elə bilirəm, qardaşım o sirləri mənə etibar edib əmanət qoydu. Həmin gün heç yadımdan çıxmır. Bir də ölümündən 2-3 gün qabaq, 5 noyabr 2008-ci ildə axşam üstü özüm ona zəng vurmuşdum. Həmin danışığımızda da bu sözü dedi: “Darıxma, bacı, düzələr hər şey.” Sən demə, təsəlli imiş. Sən demə, mən bir ömür bu son kəlməni xatırlayıb göz yaşlarına qərq olacağammış. Onun yoxluğu ilə bir an belə barışmadım və barışa da bilmirəm. İlk şəhid olduğu vaxtlarda yuxuma gəlmişdi. Dedi, anaya de ki, ağlamasın, mən ölməmişəm. Ayılanda düşündüm ki, qayğıkeş qardaşım yenə də bizləri düşünür. O mərhəmətli ürəyinə bacın qurban olsun... Sağlığında çox şeyləri bizə bildirməzdi ki, narahat olmayaq. Mən onun şerlərindən onu çox gözəl anlaya bilirdim. Şerlərinin çoxunda şəhidlik arzusu-istəyi açıq-aydın hiss olunurdu. Sonunda arzuladığı şəhidliyə çatdı. Arzularından biri torpaqları işğaldan azad etmək idi. Təəssüf ki, bu sevinci görə bilmədi. Əminəm ki, ruhu indi çox şaddır. Çünki uğrunda canını fəda etdiyi torpaqlar artıq azaddır. Bütün Vətən yolunda canını fəda edən şəhidlərə Allahdan rəhmət diləyirəm. Ən gözəl xatirəsi oğlumuza ad qoyması oldu Qardaşının yoldaşı - Nadirə Əkbərova 8 Noyabr - bu günün tarixi bizim üçün 2008-ci ildən ən ağır, ən acı tarix oldu. Həmin gün 25 yaşlı qaynım Samid Füzulidə şəhid oldu. Çox qəribədir ki, bu tarix 12 il sonra, Zəfər günü kimi tarixə düşdü. Qarabağda şəhid olan minlərlə Samid kimi oğulların qisası alındı. Eyni zamanda bu tarix bizim üçün anım günü timsalında “Zəfər günü” oldu. Samidi iki il ərzində tanısam da, onunla bağlı xoş xatirələrim çoxdur. Ən gözəl xatirəsi oğlumuza ad qoyması oldu. Övladımıza bir neçə ad qoyulması təklif olunsa da, Samid özü ad qoymaq istədi və elə onun istəyi ilə oğlumuza Aqşin adını verdik. Sonradan Ramin digər övladımıza Aqşin adına uyğunlaşdıraraq Aylin qoydu. Nə yaxşı ki bu adı Samid qoydu və biz onun arzusunu yerinə yetirdik. Raminə bir təsəlli qaldı ki, yaxşı ki sağlığında qardaşının arzusunu yerinə yetirib onu sevindirdi. Samid gedişi ilə çox şeyi dəyişdirdi, çox şeyi yox, bəlkə də, hər şeyi... Müəyyən məqamlarda qınamaq hamı üçün asandır, amma kimin hansı qınaq, hansı sınaq qarşısında qaldığını hamı bilməz. Ailəsində cavan itkilər olan adamlar bilir ki, xoşbəxtlik deyilən bir anlayış o ailələr üçün çox vaxt əbədiyyən bitir. Gedənin arxasından bir dünya köçür. Tək qardaşını itirən bacıların, tək qardaşını itirən qardaşların gözü həm xoş gündə, həm çətin gündə həmişə onları axtarır. Bunu həm anamın, həm Raminin gözlərində həmişə görmüşəm. Bu gün Ali Baş Komandanımızla bərabər, minlərlə oğulun sayəsində Qarabağ bizimdir. Biz artıq bütöv Azərbaycan vətəndaşıyıq. Bu günkü nəsil bu ağrını gələcək nəsillərə saxlamadı. Bunun üçün minlərlə şəhidimizə borcluyuq. Onları heç vaxt unutmaq olmaz. Bəli, bu gün Qarabağımız şaddır, gülür, minlərlə ananın, atanın, övladın, həyat yoldaşının, qardaşın, bacının göz yaşının arxasında... Göy üzü narın-narın, Üzü gülür dağların. Bu yaşıl yarpaqların, Solanı xatirədir. O, döyüş bölgəsində xidmət etməyi də özü seçmişdi. Dayısı - Hüseynov Ramiz Bacımın oğlanlarımın içində ən çox istədiyim Samid idi. Samid gülərüz, şən biri idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün sonuna kimi gedən biri idi. İnanıram ki, o, bu gün də sağ olsaydı, eyni əhval-ruhiyyədə döyüş bölgəsində xidmətini davam etdirərdi. Mən Xocalı hadisəsindən sonra kənddən döyüşə gedən ilk adam idim və döyüş bölgələrinin çoxunda olmuşdum. Samid həmişə mənə deyərdi ki, mən də sənin kimi olacağam. Mən də sənin kimi döyüşəcəyəm. Axrıncı dəfə atası ilə birgə Samidin yanına getmişdik. Gedib yerlərinə baxdıq. Hər zaman deyirdim: “Qarşımızdakı düşmən hiyləgərdir, ehtiyatlı ol. Özündən muğayat ol”. Samidin şəhidliyi bizim üçün ağır itki olsa da, böyük dərd olsa da, bir o qədər də qürurvericidir. Vətən uğrunda şəhid olmaq Allah qatında böyük bir məqamdır. Bu məqam da bizim Samid balamıza qismət oldu. Samid istəsəydi, bu yolu seçməyə bilərdi. İstəsəydi, başqa yoldaşları kimi başqa sənəti seçərdi, başqa ixtisası seçərdi. Buna onun ailə vəziyyəti də, təhsili də imkan verirdi. Amma vətənpərvərlik hissi onda o qədər çox idi ki, o, bütün çətinlikləri göz önünə alıb, bu yolu seçdi. O, döyüş bölgəsində xidmət etməyi də özü seçmişdi. Samid seyid nəslindəndir. O da babaları İmamlar (ə) kimi bu şərəfli yolu seçdi və istəyinə çatdı. Allah da bizdən Samidi seçdi. Hər insan bu zirvəyə qalxa bilmir. Biz şəhidlərimizi unutmuruq və unutmayacağıq. Onlar daima qəlbimizdə yaşayacaq və xatırlanacaqlar. Ən böyük arzusu torpaqların işğaldan azad olunması idi Əmisi qızı – Zahidə Rəcəbova Samid bizə əmioğlu olmaqdan daha çox bir qardaş idi. Heç vaxt bizə qardaşsız olmağımızı hiss etdirmədi. Gözəl qəlbli, ürəyi böyük qardaşım həmişə şən, gülərüzlü idi. Ən gözəl uşaqlıq illərimiz onunla keçib, xoşbəxt günlərimizin hamısı Samidlə bağlıdır, desəm, yalan olmaz. Uşaqlıqdan oyunlar oynayardıq. Bizə “Düzlən! Farağat!” komandası verərdi, biz də çalışardıq, tez düzülək. Özümüzə də çox xoş olardı, bir növ qürur duyurduq, hətta oyun olsa belə... Samid qardaşımda vətənpərlik hissi çox idi. Onun söhbətləri, Vətən sevgisi hətta mənim özümdə belə təsir qoymuşdu. Qız olmağıma baxmayaraq könüllü əsgər getmək, düşmənləri məhv etmək istəyirdim. 2008-ci ilin oktyabr ayının 17-si mənim toy günümə Samidin sürpriz gəlişi hər kəs üçün bir sevinc olsa da, mənim üçün daha artıq sevinc idi. İfadə etmək belə çətindir ki, həmin gün qardaşımın hərbi xidmətdən, cəbhə bölgəsindən çıxıb mənim toyuma gəlməsi mənim üçün necə sevindirici bir hal idi. Amma yenə də tələsik gəlmişdi, 2 saat sonra yenə tələsik qayıtdı. Bizi həmişə olduğu kimi sonuncu görüşümüzdə də sevincə qərq etdi, həmişəlik getdi. Biz isə bu görüşün sonuncu olduğundan xəbərsiz halda sevinirdik. Bilməzdik ki, 20 gün sonra Samidin şəhid xəbəri gələcək, 8 noyabr bizim həyatımızda ən sarsıdıcı, ən çətin günümüz olacaq. Həqiqətən, çox çətin oldu. İndi də onun yoxluğu ilə barışmaq olmur. Yuxularıma hər dəfə olduğu kimi gülərüzlü, mehriban halı ilə gəlir. Hətta “ağlamayın, mən ölməmişəm” deməsini də görmüşəm. Təəssüf ki, ayıldıqda bunun bir yuxu olduğunu anlamaq çox ağırdır... Ən böyük arzusu torpaqların işğaldan azad olunması idi. Unutmayacağımız gün elə son görüşümüz olan gün idi. Toyda bütün qohumlarla görüşüb rəqs etməsi, məni təkrar-təkrar təbrik edib qucaqlaması... Sanki onun da içində bizi bir daha görməyəcəyi hissi var imiş. Onunla bağlı çox arzularımız var idi. Xüsusilə, hamımız Samidin toyunu səbirsizliklə gözləyirdik. Bütün xəyallarımız, arzularımız onunla birgə yarımçıq qaldı. Ruhun şad olsun, əziz qardaşım. Bilirəm ki, şadsan, çünki ən böyük arzun olan torpaqların qayıtması gerçəkləşdi. Ən böyük hədiyyə Samidin gəlişi idi Əmisi qızı – Rəisə Dadaşova Samid… Adı kimi özü də, sözü də fərqli, nümunəvi, vətənpərvər qardaşımız. Fəxrimiz, qürurumuz, uşaqlıq illərimizin qəhrəmanı… Onu hamımız çox istəyirdik. Qonşular, qohumlar – hamı onun səmimiyyətinə heyran idi. Hamı ilə mehriban, ünsiyyətcil davranmağı onun nə qədər istiqanlı olduğunun göstəricisi idi. Ağlımıza gəlməzdi ki, bir gün Samid həyatda olmadan onun haqqında danışacağıq. Hərçənd ki, bəlli idi, onun vətənpərvərliyi, düşmənlərə hədsiz nifrəti, işğalda olan torpaqların azad olunması istəyi onu sonunda şəhadətə aparacaqdı. Uşaqlıq illərindən onun hərbiyə həvəsi çox idi. Şerlər yazardı vətən haqqında, şəhidlik haqqında. Bəzən bizi həyətdə düzərdi, “Farağat!” komandası verərdi. Çox şirin günlər idi. Heç cür unutmaq olmaz… Hərbidə olduğu üçün son illərdə onu çox az görürdük. Sonuncu dəfə 2008-ci il oktyabr ayının 17-si gəldi. Həmin gün heç vaxt yaddan çıxmaz. Bacımın toyu, mənim isə doğum günüm idi. Samidin gəlişi bizi tamamən sevincə qərq etmişdi. Bizim üçün ən gözəl hədiyyə oldu. Sən demə, qardaşımızla son görüşümüz bu olacaqdı. Biz həyətimizin sevinc işığını, el-obanın bu qəhrəman oğlunu bir daha görməyəcəkdik. Saat 6-da toya gəlib 9-da əsgərlərinin yanına tələsən qardaşım noyabrın 8-i şəhid olaraq qayıtdı. Həmən gün bizim üçün həyat söndü. Qəlbimizdə uşaqlıqdan yaranan, daha doğrusu, Samidin yaratdığı sevinc əbədi söndü və onun boşluğu daimi qalacaq. Biz onun yazdığı şerlərə ondan sonra baxa bildik, oxuya bildik. Demək olar ki, ancaq şəhidlik haqqında yazmışdı. Sanki şəhidliyini bilirmiş kimi ata-anasına, sevdiklərinə təsəlli verirdi o şerlərlə. Əziz qardaşım – Samid, sən həmişə qəlbimizdəsən və həmişə də olacaqsan. Bilirəm ki, ruhun şaddır. Həm arzuladığın ən uca zirvədəsən, həm də sənin qisasın alındı. Torpaqlarımız da geri qaytarıldı. Allah bu yolda bütün şəhid olmuş qardaşlarımıza rəhmət etsin. Doğum günlərimiz eyni gündə idi Sinif rəhbəri - Tamella müəllimə 6 il Samidin sinif rəhbəri olmuşam. Samid ən sevimli şagirdlərimdən biri idi. Doğum günlərimiz eyni gündə idi. Hər ad günümdə məni təbrik edərdi. Mən də indi həmin günü – 23 yanvarda onun məzarı üstünə gedib təbrik edirəm. Samid şagird vaxtlarından vətənpərvər idi. Həmişə “hərbiçi olacağam” deyirdi. Elə bu istəklə də Ali Hərbi Məktəbə qəbul olundu. Biz həmişə onun yaxşı xəbərlərini eşidərdik. Çox təəssüf ki, 2008-ci il noyabr ayının 8-də şəhidlik xəbərini aldıq. Allah ona rəhmət etsin. Qəbri nurla dolsun. Onun xatirəsi hər zaman qəlbimizdədir, həmişə yaşayacaq və şagirdlərimizə örnək olacaq. Gözümüzün qabağında böyüyən bir uşaq olub Qonşusu – İltimas Heydərov Samid gözəl qardaş idi, gözəl insan idi. Qonşuluqdan çox qardaş münasibətində olmuşuq. Yaşda böyük olduğuma baxmayaraq onunla çox səmimi münasibətimiz olub. Gülərüzlülüyü ilə yadımda qalıb. Onun nur üzü daim işıqlı idi, daim gülürdü. Mülayim təbiətli idi. Gözümüzün qabağında böyüyən bir uşaq olub. Heç vaxt ondan kobudluq, ya qeyri-etik bir hərəkət və ya danışıq görmədim. Mən hərbi xidmətimin bir müddətini Murovda olmuşdum deyə məhlədəki uşaqlara, xüsusilə, Samidə oradakı xidmətdən danışardım. Daha doğrusu, Samid özü maraqlanardı, tez-tez soruşardı. Mən də o vaxtkı çətinliklərdən, Murovun əziyyətli xidmətindən danışardım. Bir dəfə biləndə ki Samid hərbiçi olmağa qərar verib çox təəccübləndim. Hətta onu fikrindən daşındırmaq üçün də çalışdım. Hərb sənətinin çətinlikləri, məsuliyyətlərini ona başa salmağa cəhd etdim. Samid isə həmişəki kimi yenə də gülüb, zarafat etməyə başladı. Dediyi sözləri dəqiq xatırlamıram, təqribən, “mən çətinliklərdən qorxan deyiləm”, mənasında bir zarafat elədi. Üzündəki mənalı gülüşü və zarafatından hiss etdim ki, Samid bu yoldan dönən deyil. Sadəcə ondan yaşca böyük olduğum üçün mənə sərt cavab vermədi. Bəlkə də, içində mənə qarşı dəhşətli etirazı var idi, onu hərbidən yayındırmaq istədiyimə görə... Həqiqətən də, onu heç kim bu niyyətindən yayındıra bilmədi. Samid hərbi məktəbi bitirdi, zabit oldu. Eşitdim ki, öz istəyi ilə cəbhədə xidmət etməyi seçib. Bu cür qəhrəman oğulla ancaq fəxr etmək olardı. Hələ sağlığında başa düşmüşdüm ki, bu qardaş, həqiqətən də, hərbiçi olmaq üçün doğulub. Allah bu yolda ona ən uca zirvə, şəhidlik nəsib etdi. Elə Samid bu zirvəyə layiq bir oğul idi. Şəhidliyindən sonra onun uşaqlıqdan şəhidliyinə qədərki həyatını gözümün önünə gətirdiyimdə anlayıram ki, həqiqətən, şəhidlik təsadüfi nəsib olmur. Ancaq Samid kimi saf, sadə, qəlbini təmiz saxlaya bilənlər bu zirvəyə yüksəlir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onun şəhidlik xəbərini eşidəndə cismən və ruhən çökmüşdüm Sinif və kursant yoldaşı – Surac Ağayev Samidlə həm orta məktəbdə, həm də Ali Hərbi Məktəbdə dost olmuşuq, yoldaş olmuşuq. Ondan heç vaxt pislik görməmişəm. Çox zarafatcıl, deyib-gülən idi. Mənim çox darıxdırıcı, çətin günlərim olardı ki, Samid öz zarafatı və gülüşü ilə əhvalımı pozitivə çevirərdi. Həmçinin onun da bəzən eşq-məhəbbət, sevgi mövzusunda problemləri olurdu, mən də daim onun yanında ona dəstək olmuşam. Çox güclü sevgi hissinə malik idi. Sevdiyinin yolunda canını fəda edəcək qədər sevgisi var idi. Mən ilk dəfə bir insanın aşiqliyinin nə dərəcədə yüksəkdə olmasını, bu qədər sevə bilməsini Samiddə gördüm. Heyif ki, həmin sevgi tərəflərdən asılı olmayan səbəblərə görə alınmadı. Samid qəlbinin içində çox fikirlər, çox təlatümlər yaşasa da, üzdə gülüşünü əksiltmirdi. Özünün problemini başqalarına ötürməyi nəinki xoşlamırdı, əksinə, həmişə gülürdü. Hamı onu pozitiv və şən biri kimi görürdü. Hərbi geyimə xüsusi simpatiyası var idi. Hamımız eyni formanı geyinirdik, amma Samid, elə bil, tam fərqli geyinirdi. Zövq alardı geyindiyi formadan. Səhər düzülüşlərinə hamıdan əvvəl geyinib sıraya çıxardı. Maraqlısı da bu idi ki, hamıdan səliqəli, hamıdan üstün bir diqqətlə öz geyiminə fikir verərdi. Xüsusi duruşu, xüsusi yerişi var idi ki, mülki geyimdə belə olmazdı. Hərbi forma da elə bil hamımızdan çox ona yaraşardı. Vətənpərvərliyi də hamıya bəlli idi. Onun qeyrəti dözmürdü torpaqlarımızın işğalda olmasına, qız-gəlinlərimizin əsirlikdə olmasına. Bir an öncə hərbi məktəbi bitirib, zabit rütbəsini alıb cəbhəyə getmək istəyirdi. Düşmənləri məhv etmək üçün səbirsizlənirdi. Bunu da tez-tez dilə gətirirdi. Onun şəhidlik xəbərini eşidəndə cismən və ruhən çökmüşdüm. Bir neçə gün özümə gələ bilmədim. Mən bir dostumu, qardaşımı itirmişdim. Uşaqlıq, gənclik və kursantlıq illərimin şirin xatirələri ilə dolu bir həyat hekayəsinin qəhrəmanını, ən yaxın insanı itirmişdim. Yeganə təsəlli bu idi ki, Samid sevdiyi Vətəni, hədəfi olan torpaqların azadlığı uğrunda şəhid olmuşdu. İnanıram ki, indi ruhu şaddır. Allah qardaşımıza rəhmət etsin.

Təltiflər

"İgidliyə görə" ordeni

Aqşin İbadov

Aqşin İbadov

Mayor
Doğum: 24.08.1984 | Şəhidlik: 19.10.2020

İbadov Aqşin Nazim oğlu 24 avqust 1984-cü ildə Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Aqşin 1990-cı ildə Boladi kənd 1 saylı orta məktəbinə daxil olmuş və 2001-ci ildə həmin orta məktəbi yüksək qiymətlərlə başa vurmuşdur. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2005-ci ildə “kəşfiyyatçı” ixtisası üzrə məzun olmuşdur. İlk iş yeri Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissə olmaqla, müxtəlif illərdə Mingəçevirdə, Murovdağ istiqamətində, Gədəbəydə yerləşən ayrı-ayrı hərbi hissələrdə nümunəvi xidmət aparmış və kəşfiyyatçı zabit kimi kəşfiyyat tağım komandiri, kəşfiyyat bölük komandiri və hərbi hissənin kəşfiyyat rəisi kimi vəzifələrini yerinə yetirmişdir. Bu illər ərzində nümunəvi xidməti və bacarıqlı kəşfiyyat zabiti olaraq “baş leytenant”, “kapitan” və “mayor” hərbi rütbələrini almışdır. 2015–2018-ci illər arasında müxtəlif ölkələrin hərbiçilərinin də qatıldığı müxtəlif kurslarda və seminarlarda iştirak etmiş, sertifikatlar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Ümumiyyətlə, xidmət etdiyi illərdə Müdafiə Nazirinin, Gənclər və İdman Nazirinin, ayrı-ayrı hərbi hissə komandirlərinin qiymətli hədiyyələri və fəxri fərmanlarına layiq görülmüşdür. Aqşin Türkiyə-türkcəsini və ingilis dilini mükəmməl öyrənmişdi. Bu səbəbdən, xarici ölkələrdən olan hərbiçilərin də qatıldığı toplanışlarda özünə dostlar qazanmış və onlarla ünsiyyət qurmuşdur. Belə dialoqlarla o, Azərbaycan haqqında həqiqətləri, Azərbaycan xalqının üzləşdiyi Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri əcnəbi vətəndaşlara izah edir və onlarda düzgün təəssürat yaratmağa çalışırdı. Aqşin İbadov həmçinin Hərbi Attaşe kursunu da keçmişdir. O, hətta erməni dili kursuna da yazılmışdı. 2018–2020-ci illər Aqşinin həyatının ən parlaq illəri idi. O, 2018-ci ildə Ali Hərbi Akademiyaya imtahan verir və yüksək qiymətlərlə Akademiyaya daxil olur. Ona Türkiyə və yaxud Rusiyada olan Ali Hərbi Akademiyaların birində təhsil almaq şansı verilir. Aqşin tərəddüd etmədən Türkiyədə İstanbul Milli Savunma Universitetini seçdi və seçiminin düz olduğunu daha sonralar da sübut etdi. Türkiyədə təhsilini davam etdirən Aqşin 2020-ci ilin sentyabr ayının 25-də Azərbaycana qayıdır. 2 gün sonra başlayacaq olan Vətən Müharibəsinə hazırlıq görür. Ona komanda məntəqələrində qalıb döyüşün idarə edilməsi təklif olunsa da, o, cəbhədə əsgərləri ilə çiyin-çiyinə döyüşməyi seçir. Qəhrəmancasına vuruşan, tapşırıqlara bəzən özü təklikdə gedən Aqşin, Füzuli, Zəngilan, Hadrut, Cəbrayıl rayonlarının işğaldan azad olunmasında xüsusi fədakarlıq göstərmişdir. O, 2020-ci ilin oktyabr ayının 19-u Hadrut istiqamətində gedən şiddətli döyüşlərdə, düşmən tərəfindan atılan minamyot partlayışı nəticəsində şəhid olmuşdur. Nəşi oktyabrın 20-i Boladi kənd qəbirstanlığında dəfn edilmişdir. Təltifləri • III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı • III dərəcəli “Rəşadət” ordeni • (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı • (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı • (26.06.2015) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı • (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı • (26.06.2020) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) • (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) • (24.06.2021) - “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) Aqşin şəhid olmağı general olmaqdan üstün tutdu Atası – Nazim İbadov Ailəmizin son beşiyi idi. Doğularkən çox zəif olduğu üçün biz bir neçə il onu həkim nəzarətində saxladıq. Tez-tez xəstələnirdi və biz, demək olar ki, hər ay onu həkimə aparardıq, müalicə edərdik. Təqribən 11-12 yaşlarına qədər bu qaydada davam etdi. Sonradan fiziki cəhətdən inkişaf etməyə başladı. Orta məktəbi əla qiymətlərlə bitirdi. Hər tədris ilini müvəffəqiyyətlə başa vurardı. Tərifnamələr alardı. Ali Hərbi Məktəbə hazırlaşanda mən etiraz etdim. O isə hərbiçi olmaqda çox qərarlı idi. Ondan əvvəlki üç qardaşının üçü də hərbiçi olmuşdu və döyüşlərdə iştirak etmişdilər. Aqşində də bu həvəsin yaranmasında deyərdim ki, qardaşlarının döyüş yolu, döyüş xatirələri çox təsir qoymuşdu. O, Ali Hərbi Məktəbə yüksək balla qəbul olundu və orada da çox gözəl və savadlı kadr kimi yetişdi. Leytenant rütbəsi alıb müxtəlif hərbi hissələrdə işləməyə başladı. Sonuncu dəfə Gədəbəydə xidmət edirdi. Mayor rütbəsində Hərbi Akademiyaya daxil oldu. Bir neçə ay Bakıda təhsil aldıqdan sonra onu Türkiyədəki Hərbi Akademiyaya göndərdilər. Orada uğurlu nəticələrlə məzun oldu. Məzuniyyətini də elə orada ailəsi ilə bərabər keçirtdi. Sentyabr ayının 25-i Bakıya qayıdır və Xüsusi Təyinatlı Qoşunlarda xidmət etmək üçün yüksək vəzifəyə təyin edilir. Müharibənin başlanması ilə əlaqədar Aqşin bir neçə dəfə döyüşə qatılmasını rəhbərlikdən xahiş edir və sonda buna nail olur. Birbaşa döyüşlərin ən qızğın getdiyi yerə yollanır. Onun tapşırığı altında kəşfiyyat qrupları Füzulinin, Cəbrayılın və Hadrutun alınmasında böyük nailiyyətlər əldə etmişdi. Dəfələrlə Aqşini Komanda Məntəqəsinə çağırmaqlarına baxmayaraq buna razı olmayıb. Həmişə öndə olmağı, əsgərlərinin yanında olmağı üstün tutub. Elə ən öndə də qəhrəmancasına şəhid oldu. Ara-sıra “Xilaskar” ləqəbi ilə şeirlər yazardı. Deyərdim ki, elə həqiqi xilaskar oldu. Torpaqlarımızı mənfur düşmən tapdağından xilas etmək üçün canını qurban verdi. Onun hamıdan fərqli qəribə xüsusiyyətləri var idi. Çox çalışqan idi, çox mütaliə edərdi, körpələri, uşaqları çox sevərdi. Ailəmizdə heç kimlə heç bir xırda məsələ barəsində də olsa, narazılığı olmayıb. Doyana qədər yeməzdi, süfrədən tez çəkilərdi. Anası deyərdi ki, axı sənin üçün bişirmişəm hər şeyi. Nizami Gəncəvinin sağlamlıq haqqında olan beytlərindən deyərdi. Riyaziyyat fənnini çox gözəl bilirdi. Orta məktəbdə öyrəndiklərini unutmamışdı. Hətta hərbi hissədə zabit yoldaşlarının uşaqlarına riyaziyyatdan dərs keçərdi. Tarixi romanları, tarixi şəxsiyyətləri oxumağı çox sevərdi. Hələ 6-cı sinifdə təhsil alanda “Koroğlu” dastanını dəfələrlə oxuyardı, yorulmazdı. Hətta məcbur olub o kitabı gizlətmişdim. Aqşinin Türkiyəyə münasibəti yüksək səviyyədə idi. Türk ordusunun Çanaqqala, Sarıqamış döyüşlərindəki uğurlarını çox böyük həvəslə öyrənirdi. Türkiyədə oxuduğu dönəmdə o, döyüşlərin ildönümünü qeyd edərdi, bu işdə xüsusi fəallıq göstərərdi. Türkiyədə qəhrəmanlıq tarixini əks etdirən bir çox muzeyləri gəzmişdi. Türkiyədə ona dərs deyən generallar ona deyərmişlər ki, sən gələcəkdə Azərbaycanın hərbi elitasının ən öndə olan generallarından olacaqsan. Nəsib olmadı... Aqşin şəhid olmağı general olmaqdan üstün tutdu. Yeganə təsəllimiz budur ki, qısa da olsa şərəfli yaşadı və şərəfli ölümlə getdi. Əslində, “ölüm” sözünü də istifadə etmək doğru deyil. Bircə yadigarı qaldı bizə, qızı–Zeynəb... Gərək onu atasına layiq şəkildə böyüdək. Evdə hamı onu çox sevərdi Anası – Ağabacı İbadova Aqşin çox ağıllı uşaq idi. Savadı çox idi, çox oxuyardı. Hamı ilə mülayim danışar, mülayim rəftar edərdi. Tətilə gələndə də hamını yığardı başına. Uşaqlarla zaman keçirməyi sevərdi. Daim hər kəsə savadlı olmağı tövsiyə edərdi. Qardaşı uşaqları ilə elmi müzakirələr edərdi. Onlar üçün kitablar gətirərdi. Deyərdi: “Bu kitabları bitirin, növbəti dəfə əmi sizin üçün başqa kitablar gətirər”. Uşaqlar yenə əmilərindən kitab gözləyirdilər, amma əmiləri daha gəlmədi... Mənim sonbeşik balam olub. Evdə hamı onu çox sevirdi, bacıları da, qardaşları da–hər kəs onun xətrini çox istəyirdilər. Tətilə gələn kimi deyərdi ki, gedim, bacılarımı görüm. Elə bir ürəyə sahib idi ki, heç kim ondan indiyə kimi inciməyib. Tətillərdən qayıdanda da onun üçün tədarük görərdik, bəzi yeməklərdən düzəldib qoyardıq, heç istəməzdi bizi əziyyətə salsın. Deyərdi, heç nə lazım deyil. Apardıqlarını da yoldaşları arasında bölüşərdi. Zabit olandan sonra da daim əsgərlərinə yemək-içmək aparardı. Ancaq öz əsgərlərini düşünərdi. Eşitmişəm ki, hətta öz maaşını alanda da bir qismini əsgərlərə xərcləyərdi. Evinə getməyə pulu olmayan əsgərlərə pul verərdi ki, gedib evinə, ailəsinə baş çəksin. Son dəfə Türkiyəyə gedəndə yola saldıq, getdi. Dedi: “Yenə gələrəm”. Amma gəlmədi... Müharibə başlayanda Azərbaycana qayıtdı, birbaşa döyüşə getdi. Evə gəlmədi. Ailəsini, körpə qızını – hansı ki, onu daha çox sevərdi, hamımızı gözü yolda qoyub getdi. Vətənə olan sevgisi uğrunda hər şeyini qurban verdi. Tükürpədici minaatanların səsini eşidəndə gözümün qabağına sən və qızımız gəlir Həyat yoldaşı - İbadova Məhsəti Aqşin mükəmməl idi. Artıq eyni dünyada yaşamırıq deyə tərifləmək məqsədi ilə yazmıram bunu. Aqşin, həqiqətən, mükəmməl idi. Özünə deyirdim, görəsən, Allah səni niyə bu qədər mükəmməl yaradıb. Yəqin, sən mələksən. Həddən artıq yaxşı idi. Heç yadıma gəlmir ki, nə vaxtsa nəyinsə üstündə mübahisəmiz olsun. Çox mövzuda razılaşardıq, xasiyyətimiz eyni deyildi, fikirləşirəm ki, eyni xasiyyətdə olan iki insanın yola getməsi qeyri-mümkündür. İkimiz də fərqli fikirlər deyirdik, amma çox gözəl ortaq məxrəcə gəlirdik. Çox qayğıma qalırdı, hər işdə bir-birimizə kömək edirdik. O qədər sevgi göstərirdi ki, düzdür, sözdə də deyirdi, amma hərəkətləri ilə sevgisini qat-qat artıq göstərirdi. Mən bir çox şeyi Aqşindən və ona olan sevgimdən öyrəndim. Etdiyi bütün hərəkətləri yadımdadır. Biz onunla birlikdə 1 il 1 ay eyni həyatı yaşamışıq, oktyabrda müharibədə olduğu üçün 1 il 2 ay deyə bilmirəm. Evlilik həyatımızdan əvvəl də ona heyran qalırdım. Aqşinə nə vaxt “Sağ ol” desəydin, mütləq “Vətən sağ olsun” deyirdi. Türkiyədə oxuyanda da hamıya cavabı “Vatan sağ olsun” idi. Aqşin həmişə şəhid olmaq istəyərdi, bu, onun arzusu idi. Amma nədənsə heç müharibədə olduğunu bildirmədi. İlk zamanlar gündə iki, ya üç dəfə zəng vururdu, son günlərdə isə bir dəfə. Deyirdi, təlimdəyəm, hər şey yaxşıdır, yatmışdım. Amma mən yaxşı olmadığını bilirdim, səs tonundan hiss edirdim ki, yorğundur, yatmayıb. Ondan yadigar saç telləri qalıb. Məndədir. Aqşinin, Zeynəbin və öz saçımdan boyunbağı düzəltdirmişəm, taxıram. Zeynəb üçün də hazırlanıb, gələcəkdə o da taxacaq. Çox yadigarlar qalıb, biri də getdiyimiz muzeylərin biletləri... Heç yadımdan çıxmaz, Türkiyədə dərsdən gəlirdi, tez-tələsik görməli yerlərə gedirdik. Deyirdim, görəsən, niyə qaça-qaça gəzirik axı? İndi əmin oldum, Aqşin bərabər çox xatirəmizin olmasını istəyirdi. Həm də İstanbul onun ən sevdiyi şəhəri idi. Deyirdi, sevdiyim qadınla sevdiyim şəhərdəyəm. Bir dəfə soruşdum ki, “desələr, qal burada xidmətinə davam et, razı olarsan?” Dedi ki: ”Heç vaxt razı olmaram, mən Azərbaycan Ordusunun zabitiyəm.” Digər dəyərli yadigarları kitablar, əlfəcinlərdir. Kitabların içərisinə çoxlu qeydlər yazıb. Deyərdim ki, oxuduğu hər abzasa fikrini yazıb. Niyə razıdı, niyə razı deyil. Sevdiyi ətri saxlamışam. Bir də telefonu məndədir, hansı ki içində Aqşinin 1163 qeydi var. Aqşin oktyabrın 19-u saat 4-ə qalmış şəhid olub. Mən onun şəhid olduğunu oktyabrın 20-si axşam öyrənmişəm. Ayın 19-dan 20-nə keçən gecə yuxuda gördüm ki, Bakıda qaldığımız evin su çənindən su axır. Aqşin durmadan “Su ver, içim” deyirdi. Mən deyirdim ki, axı o, içməli su deyil, deyirdi ki “çox susuzam”. 20-si axşam şəhidlik xəbərini öyrənəndə dedim ki, Aqşin susuz qalıb. Hərə bir cür yozdu. Dedilər ki, insan canını tapşıranda su istəyir. Amma haradasa 2 həftə sonra öyrəndim ki, 5 gün susuz və ac qalıblar. Öz suyunu içməyib yoldaşlarına saxladığı da elə oradakı yoldaşları tərəfindən danışıldı. İlk vaxtlar yuxuda ancaq güldüyünü görürdüm. Mən soruşurdum ki, çox ağrıdın? Gülərək başını yox mənasında yelləyirdi. Deyirdim, gözəldir oralar? Gülürdü. Fikirləşirdim ki, psixoloji olaraq belə yuxular görürəm. Amma yenə də onun rahat olduğunu hiss edirəm. Bir yuxumda da gördüm ki, zəng vurub deyir: “elə bildin, şəhid olmuşam?” Deyirəm, haradasan? Deyir, gələcəyəm, narahat olma, görürəm hər şeyi. Özüm gəlib həll edəcəyəm. Bir dəfə də möhkəm dişim ağrayırdı. Onda yuxuda gördüm ki, başımın üstündədir. O an bilirdim ki, başımın üstündə Aqşindir, amma üzünü görmürdüm. Yuxu olmadığını, gerçək gördüyümü sanmışdım hətta. Nəbilim… Bəzən hiss edirdim ki, mənim səbirsiz olmağım onu narahat edirdi. Özü isə heç nə demirdi. Ona görə çalışırdım, onun yanında səbirli davranım. Aqşin kimdənsə məsləhət almağı sevməzdi. Heç sevməzdi. Nəzakətindən, hörmətindən qarşısındakına heç nə deməzdi. Həmişə qulaq asardı, amma öz qərarından dönməzdi. İnanmıram ki, indiyə qədər kimsə onu qərarından döndərə bilib... Aqşin, həqiqətən, bu dünya üçün çox çox dəyərli idi. Bilmirəm, yazmağım nə dərəcədə düzgündür, hamıya köməklik etməyə can atardı və çox vaxt da edərdi, fərqi yoxdur, qarşı tərəfi tanıyır, ya tanımır. Çalışardı ki, gizlicə kömək etsin, heç kim bilməsin. Bir nüansı da qeyd etmək istəyirəm. Türkiyədə dostu ilə şəhərdə görüşəsi imişlər. Aqşin metroda imiş. Görüb kənarda təxminən 12 yaşında olan bir oğlan kefsiz, halsız oturub. Qəribə xasiyyətlərindən biri də bu idi. Yanından keçən insanlara belə biganə qala bilməzdi. Yaxınlaşıb söhbət edib, öyrənib ki, oğlanın anası işdədir, təkdir, darıxır. Aqşin uşağı yaxınlıqdakı əyləncə mərkəzinə aparıb, yemək yeyiblər, sonra da onunla birlikdə attraksionlara minib əyləniblər. Dostu ilə görüşmək də yadından çıxıb. Nə yalan deyim, belə insanlar haqqında, adətən, kitablarda oxuyurdum. Belə bir insanın məhz mənim həyat yoldaşım olması mənim üçün qürurdur, fəxrdir. Vətən sevgisi onda ölçüyə gəlməz dərəcədə çox idi. Əsgərlərinə olan hörməti, silahdaşlarından danışması bunu hər zaman bəlli edirdi. Sizi inandırım ki, bizim onunla ilk tanışlığımızda da mənə əsgərlərindən danışırdı. Həqiqətən, çox başqa biri idi, Vətən üçün yaranmış bir adam idi. Deyirlər, “şəhidlər təsadüfən şəhid olmurlar, şəhid doğulurlar”. Həmin ilki görüşümüzdə bir-birimizi ilk tanıyanda şəhidlik haqda danışmışdı. Telefonunun ekranında 2016-cı ildə “Aprel döyüşləri”ndə şəhid olmuş Elvin Namazovun şəkli var idi. Elə son anadək o şəkil ekranında qalmışdı, mən də o şəkli dəyişmədim. O vaxt soruşdum ki, bu kimdir? Dedi, dostumdur, şəhid olub və onun haqqında danışdı. Sonra dedi ki, “mən kəşfiyyatçıyam, hər yerdə xidmət edə bilərəm, aylarla evə gələ bilmərəm. Hər şey ola bilər, ola bilsin ki, bayraqlı tabutda da qayıdım evə…” Düzünü desəm, ilk vaxtlar ciddiyə almırdım, amma bir müddət sonra gördüm ki, ciddidir. Şəhid olmağa hazırdır. Bir dəfə Türkiyədə Şəhidlər xiyabanının yanından keçirdik, həsrətlə baxıb belə dedi: “Vətən üçün can vermək nə gözəl hisdir, bayraqlı tabutda son mənzilə köçürsən, bir düşün”... Aqşin Ramazan ayından əlavə, qalan digər hər ay 5 gün oruc tuturdu. Sentyabr ayında da tutmuşdu, amma oktyabrda müharibədə idi deyə oruc tuta bilmədi. Sonradan döyüş yoldaşlarından eşitdik ki, şəhidliyə çatmamışdan öncəki 5 gün ac və susuz olublar. Düşündüm ki, Allah Aqşinə sonuncu yaşadığı ayın da 5 gün orucunu nəsib edib. İnanıram ki, o, Allahın ən sevimli bəndələrindəndir. Yemək yedikdən sonra Peyğəmbərimiz (s) və onun Əhli-beytinə salavat göndərərdi. Hər dəfə süfrədən qalxmamış deyirdi: “Biz yedik, doyduq, Allah möhtac olanlara da yetirsin”. Bir dəfə də nəsə başım qarışdı “Amin” deməyi unutdum, dedi ki, “Məsi, xahiş edirəm, Amin de”. Gülümsədim, dedim: “Çox Amin” Ata olmağı çox istəyirdi, təəssüf ki, qızını cəmi 14 gün görə bildi. Qızını gəzdirmək, ona kitablar oxumaq, məktəbə aparmaq – bunları nə qədər içdən istəyirdi. Deyirdi, qızımız üçün hər şeyin yaxşısını etməliyik, onun yaxşı təhsil alması üçün əlimizdən gələni etməliyik. Müharibədə olanda da 3 məktub yazıb, ikisi qızımıza, biri mənə. Qayıdacağını, bizi gözəl günlərin gözlədiyini və “Tükürpədici minaatanların səsini eşidəndə gözümün qabağına sən və qızımız gəlir”, yazırdı. Azərbaycan Ordusunun generalı olmaq istəyirdi. Deyirdi ki, ya şəhid olacağam, ya general… Kaş Aqşin belə tez dünyasını dəyişməzdi, amma, düzü, mən Aqşini yanımda hiss edirəm. Onunla danışdığımız hər gün nə qədər çox sevdiyimi deyirdim, hiss etdirirdim. Aqşin də eynilə həm deyirdi, həm də hər hərəkəti ilə sevgisini göstərirdi... Yenidən görüşmək fürsətimiz olsa, ona yenidən deyərdim ki, onu, həqiqətən, çox sevirəm, onun qızı ilə bağlı bütün arzularını bacardığım qədər hətta daha artıq həyata keçirəcəyəm. Bir gün Cənnətdə qovuşaq deyə yaşayıram. Aqşinə olan sevgim sonsuzdur. Onsuz mənə çox çətin olacaq, amma sonunda qovuşmaq üçün əlimdən gələni edəcəyəm. Zeynəb də Aqşin kimi atanın qızı olduğu üçün qürur duyacaq. 14 gün onu görməsi çox azdır, Zeynəb xatırlamayacaq, amma mən ona hər şeyi danışacağam. Ordumuz Aqşin kimi savadlı, mərd, qorxmaz, igid zabitini itirdi. Dünya da Aqşin kimi qayğıkeş, mükəmməl adamı itirdi. Çox təəssüf.. Aqşinə başqa ölümü yaraşdırmazdım. Amma mən bunu “ölüm“ kimi qəbul etmirəm, o, şəhadətə yüksəldi. Axı özü də qapıdan çıxanda, biz sağollaşanda mənə dedi: “Ağlama, ya qayıdaram, ya şəhid olaram, ölmərəm ki”… Şəhidlərin ruhunun azad olması və Aqşini daim yanımda hiss etməyim məni ayaqda tutur. Onun uğurları hələ qabaqda idi Qardaşı – Emil İbadov Aqşin barədə danışmaq çox çətindir. Xüsusilə, onun haqqında keçmiş zamanda danışmaq daha ağırdır. Bir il bundan əvvəl bizim heç ağlımıza da gəlməzdi ki, biz bir il sonra onun yoxluğu haqqında danışacağıq. Aqşin məndən 9 yaş kiçik olub. Onun körpəliyi, uşaqlığı hamısı yadımdadır. Mütaliəyə, öyrənməyə çox həvəsli idi. Hətta mən birinci Qarabağ müharibəsindən qayıdanda Aqşin döyüşlər haqqında çox maraqlanardı, təkrar-təkrar suallar verərdi. Torpaqlarımızın işğal olunması onu çox narahat edirdi. Hələ elə də çox böyük olmasa da soruşurdu ki, siz harada, necə səhvlərə yol verdiniz ki, düşmən torpaqlarımızı işğal edə bildi? Sanki onda bir intiqam hissi yaranmışdı. Orta məktəbi bitirməyə az qalmış dedi ki, mən Ali Hərbi Məktəbə sənəd verəcəyəm. Ondan böyük qardaşım artıq həmin məktəbə qəbul olunmuşdu. Doğrusu, biz etiraz etdik, amma o, çox qərarlı idi. Qarşısına məqsəd qoyduğu bəlli idi. Hərbi məktəbə daxil olduqdan bir müddət sonra onların təlimləri başlamışdı. “Üçtəpə” təlim mərkəzindən qayıdanda Azadlıq meydanında paradları oldu. Biz onu görməyə parada getdik. Aqşin dəhşətli dərəcədə arıqlamışdı, zəifləmişdi. Biz düşündük ki, bu vəziyyətdə ona xidməti davam etdirmək çətin olar. Amma əksinə imiş, cismən zəifləsə də, ruhən çox güclü idi. Yenə də əvvəlki həvəsi, hərbiyə olan marağı yüksək səviyyədə idi. Aqşin Hərbi Məktəbdə oxuyanda şənbə-bazar günləri mənim Bakıda kirayə qaldığım evə gələrdi. O vaxt mən mağazada işləyirdim. Bir gün Aqşin gəldi, evin açarını götürdü, dedi, hərbi formanı dəyişib şəhərə çıxacağam, axşama qayıdaram. Axşam işdən çıxıb, evə getdim. Gördüm, Aqşin yoxdur. Nə qədər gözlədim, gördüm, gəlmədi. Narahat oldum, tanıdığım bir neçə yerə zəng vurdum, heç bir xəbər ala bilmədim. Gecəni yuxusuz qaldım, yata bilmədim. Səhər açılanda hərbi məktəbə yollandım. Oradakı növbətçilərdən soruşdum, xəbər göndərdim, dedilər, yoxdur. Əlacsız vəziyyətdə qalmışdım, nə edəcəyimi də artıq bilmirdim. Rayona, evimizə də zəng vura bilmirdim ki, atam-anam narahat olmasınlar. Səhəri gün axşamüstü Aqşin gəldi, tapıldı. Mən də çox gərgin bir haldaydım. Onu gördükdə sanki həm biraz özümə gəldim, həm də əsəbiləşdim ki, “Bu nə oyundur, başıma açırsan... Bir sutkadır, yoxsan, haradasan?” Dedi: “Uşaqlarla görüşdük, sonra qərarlaşdıq ki, Qubaya gedək gəzməyə. Telefon da yox idi xəbər verməyə...” Mən bir az danladım onu. O, mənə heç bir söz demədi, üzr istədi, hətta baxdım ki, gözündən yaş da gəlir. Mənim bu qədər narahat olmağımı düşünməmişdi. Bəlkə, mən də səhv etmişdim, onun üzərinə çox getmişdim. Ancaq o mənə qəti bir etiraz belə etmədi. Bu cür xarakteri var idi. Kimsəni incitmək, narahat etmək istəməzdi. Müharibə başlamamışdan 2 gün öncə, sentyabrın 25-i Bakıya gəlmişdi. Danışdıq onunla, dedik, heç olmazsa, bir günlük rayona gəl, biz uşağı görməmişik... Dedi ki, “Mən yerləşməliyəm və hərbi hissəyə getməliyəm, heç cür alınmır”. Sən demə, o, döyüşlərin başlayacağını bilirdi. Bakıda bir neçə gün qaldı. Biz hər gün danışırdıq. Deyirdi: “Hamı qatılıb döyüşlərə, mən qalmışam, 1-2 günə mən də gedəcəyəm”. Ayın 29-u zəng vurdu ki, mən artıq gedirəm cəbhəyə. O gündən sonra 2-3 gündən bir danışırdıq, özü fürsət olduqca zəng vururdu. Son dəfə oktyabr ayının 16-sı onunla telefonla danışmışam. Elə hər dəfəki kimi “Hər şey yaxşıdır, narahat olmayın” deyirdi. Ayın 20-si də şəhidlik xəbəri gəldi. Aqşini itirmək bizim üçün çox ağır oldu. Onun uğurları hələ qabaqda idi. Aqşin haqda çox danışmaq olar. Deyərdim ki, biz illərlə onun haqqında danışacağıq. Onun gözəl əməlləri, xüsusiyyətləri haqda ediləcək çox söhbətlər, danışılacaq çox xatirələr var. Aqşinin Vətənə bağlılığı, dövlətə və dövlətçiliyə sadiqliyi, üç rəngli bayrağımıza sevgisi, Allaha olan inancı, müsəlman kimliyimizin qorunması və dini dəyərləri daim üstün tutması bütün yazdığı ismarıclarda, danışıqlarında müşahidə etmək olurdu. Bu cür yüzlərlə ismarıcları hələ də telefonlarımızda, yaddaşımızda saxlamaqdayıq. Onsuz bir xoş günümüz keçməzdi Qardaşı – Baş Gizir İbadov Cəmil Mən sizə bir igidin, bir qəhrəmanın həyatından danışacağam. Tarix boyu hər zaman xalqın içindən seçilmişlər olur. XXI əsrin seçilmişləri məhz Vətən Müharibəsinin şəhidləridir. Bu bizim yeganə həqiqi tariximizdir ki, biz bunu gözümüzlə gördük , yaşadıq və yazdıq. Artıq bunu heç kim , heç vaxt dana bilməz və bu tariximizə kölgə sala bilməz. Bəli, cənab mayor Aqşin İbadov da bu gün üçün doğulmuşdu. Bu tarixi əbədi olaraq yaşatmaq üçün yetişmişdi. Aqşin illər öncə bir ziyalı ailəsində dünyaya göz açıb. Onun uşaqlığı Sovet imperiyasının süqutu və yeni yaranmış müstəqil Azərbaycanın çətin bir dövrünə təsadüf etdi. Ailəmizin son beşiyi olaraq hamımızın sevimlisinə çevrildi. Tez-tez xəstələnirdi . Hətta rəhmətlik babam və nənəm talış dilində ona "Dəmonə şişə ", yəni "dərman şüşəsi" ləqəbi vermişdilər. Düzdür çətin uşaqlıq həyatı keçirtsə də sonradan sağlığına qovuşdu. Aqşin ailəmizdə hamımızın sevimlisi olmaqla yanaşı həm də üç qardaşın arasında böyüyürdü. Yaxşı uşaqlığımız keçirdi, bir yerdə oynayırdıq. İkimiz böyük, ikimiz kiçik olduğundan komanda şəkilində də oynaya bilirdik. Günlər gəldi keçdi, ölkəmizin dövlətimizin çox çətin günlərində mənfur qonşularımız torpaqlarımıza göz dikdi və müharibə qaçılmaz oldu. Bu Aqşinin 1-ci sinfə getmə vaxtına təsadüf edirdi. Bir müddət sonra böyük qardaşımız Emil müharibəyə yollandı. Artıq ailəmiz bu ağrı-acı ilə həyata davam edirdi. Bütün gün cəbhədən gələn xəbərləri izləyirdik. Can parçamız da cəbhədə olduğundan baş verənləri diqqətlə izləyirdik. Amma düşmənimiz çox hiyləgər, nankor və qəddar idi. Təəssüf ki, cəbhədən xoş xəbərlər gəlmirdi. Düşmənlərimiz öz havadarları ilə birləşərək öz işğal və etnik təmizləmə siyasətini həyata keçirirdilər. Bu da bizdə ( Aqşin, Məmmədüseyn, və məndə ) düşmənə qarşı nifrət hissini daha da artırırdı. Biz hətta uşaqlıq oyunlarımızı da döyüş səhnələri üzərində qururduq. Belə ki, “tapanca-tapanca” oynamaq, bir-biri ilə dalaşmaq, əlbəyaxa döyüş , müharibə səhnəli filmlərə baxmaq və s . Artıq Aqşin böyümüşdü , o çoxlu bədii ədəbiyyat oxuyurdu. Ən çox oxuduğu kitablar Azərbaycan xalq nağılları və qəhrəmanlıq dastanları idi. Bunların arasında “Koroğlu” dastanını bəlkə də 50 dəfə oxumuşdu. Orta məktəbi əla qiymətlərlə oxuyan Aqşin həm də yüksək tərbiyə nümayiş etdirirdi. O, dərsləri yaxşı oxumaqla yanaşı həm də ailədə təsərrüfat işlərində bizə və valideynlərimizə kömək edirdi. Müharibə ölkəni ağır vəziyyətə salmışdı. Ölkə vətəndaş müharibəsi astanasına gəlib çatmışdı. Belə bir vaxtda xalqa güclü bir lider, rəhbər lazım idi. Xalqın çətin günlərində əbədiyaşar prezdentimiz, ümummilli lider Heydər Əliyevi xalq hakimiyyətə gətirdi. Atəşkəs vacib idi. Heydər Əliyev güclü iradə göstərərək vahid komandanlıq, güclü iqtisadiyyat və xarici siyasət yürüdərək xalqın və dövlətin gələcək müqəddəratını həll etmək uğrunda işə başladı. Əlbəttə bu, gənc nəslin necə yetişməsinə öz böyük təsirini göstərirdi . Mən də artıq hərbi xidmətə yola düşdüm. Ailəmizdən artıq cəbhədə iki əsgər var idi. Bu da gələcəkdə Aqşinin kim olmasına təsir göstərir, onda vətənə olan sevgini birə-beş artırırdı. Mən hərbi xidmətimi xüsusi təyinatlı qüvvələrdə davam etdirirdim. Düşmənlə üzbəüz , düşmən arxasında müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edirdim . Məzuniyyətə gələndə hər zaman göy rəngli beretdə gəzirdim, xüsusi geyim forması əynimdə olurdu. Bu Aqşinə əlavə güc və zövq verirdi. Qardaşımız Emilin də müharibədən acılı şirinli döyüş səhnələrini danışması Aqşinin və Məmmədüseynin hərb sənətinə vurğunluğunu günü-gündən artırırdı. Sonradan mənim ordu sıralarında peşəkar hərbiçi kimi xidmətimi davam etdirməyim balaca qardaşlarıma əlavə güc verdi. Məmmədhüseynin və Aqşinin orta məktəbdəki təhsilləri və bilik bacarıqları imkan verirdi ki, onlar istənilən universitetdə ali təhsil alsınlar. Amma onlar bu şərəfli peşəni seçdilər. Əlbəttə ki, bu işdə, əgər belə demək olarsa, mənim və qardaşım Emilin orduda xidmət etməsinin böyük rolu var idi. Aqşin hər zaman söz eşidən, dinləməyi bacaran, böyüklərin hörmətini saxlayan bir gənc olub. Ailəmizdə hər kəsi hər zaman dinləyib, hamının buyuruğunu canla başla yerinə yetirib. Evin-eşiyin işlərini, çöldəki pay torpaqlarımızın əkilib becərilməsində, mal-heyvanlarımızın saxlanılmasında, bir sözlə ailənin həyat şəraitinin yaxşılaşdırılmasında, ailə büdcəsinin formalaşmasında həvəslə iştirak etmişdi. Orta məktəbi bitirən kimi öz möhkəm iradəsini ortaya qoyaraq hərb sənətini seçdi və Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul oldu. Məktəbi çox yaxşı qiymətlərlə kəşfiyyatçı ixtisası ilə bitirdi. Leytenant hərbi rütbəsi alaraq xidmətinə Ağstafada “N” saylı hərbi hissədə kəşfiyyat tağım komandiri kimi başladı. Komandanlıq Aqşinin xidmətindən hər zaman razılıq edirdi. Mən özüm də həmin korpusda xidmət edirdim. Ara-sıra bir yerdə olurduq. Dostları ilə birlikdə mənimlə görüşməyə gələrdi . Mən onları xoşladıqları yemək-içməyə dəvət edərdim. Bir yerdə stol arxasında maraqlı söhbətlərimiz olardı. Başlarına gələn maraqlı hadisələrdən danışardılar. Hələ hərbi məktəbdə təhsil alan zaman mən məzuniyyətə çıxanda gedib Aqşin və Məmmədüseynlə görüşürdüm onlara izin alıb birlikdə bir gün keçirirdik . Aqşin hərbi məktəbdə təhsil alarkən də belə agır gün nizam qaydalarına baxmayaraq bədii ədəbiyyat oxumağa vaxt tapırdı. Hətta bir dəfə yanına getmişdim, çapar göndərdim tapa bilmədilər. Dedilər ki, hər yeri gəzdik yoxdur . Dedim ki, gedin məktəbin kitabxanasına baxın, orda olacaq. Elə də oldu, gedib orada tapdılar... Aqşin ailəmizdə ən çox mənim yanımda olub. Çünki xidməti ancaq Gəncə ətrafında olduğundan hər zaman asudə vaxtlarında mənim yanımda və ailəmin yanında olub. Gənc vaxtlarından evlənənə kimi. Yəni o, mənim ailəmin bir üzvü olub. Hər zaman həyat yoldaşım ona analıq qayğısı göstərib. Mən də onu həm kiçik qardaşım həm də böyük oğlum kimi görmüşəm. Onsuz bir xoş günümüz keçməzdi. Həm bayramlarda həm ad günlərində bir yerdə olardıq. Yoldaşım hər zaman stolda bir nəfərlik artıq yemək qoyardı, hər zaman onun gəlişini gözləyərdik. Uşaqlar üçün Aqşinin gəlişi sanki toy-bayram idi. Sizə bir sirr də açacam, Aqşin yeganə şəxs idi ki, onun yanında uşaqları qoyub harasa gedərdik. Aqşindən başqa heç kimə uşaqları etibar etməmişik. Aqşin ailə həyatı quranda da hər zaman olduğu kimi mən və həyat yoldaşım onun yanında olduq. Düzdür çox gec ailə həyatı qurdu. Hamının bildiyi kimi o, özünü tam olaraq Azərbaycana, onun ordusuna həsr etdi. Ailə qurduğu zaman Türkiyə Cumhuriyyətində akademik təhsil alırdı . Birinci kursu bitirib gəlmişdi, qısa müddətdə toylarını etdik və geri, Türkiyəyə təhsilini davam etmək üçün qayıtdı. Bir ildən artıq idi ki, bir-birimizi görmürdük. Müntəzəm olaraq telefonla görüntülü, görüntüsüz danışırdıq. Çox vaxt yazışırdıq. Gah zarafatlaşırdıq, gah kef-əhval soruşurduq. Onunla olan yazışmalarımı tam olaraq saxlamışam. İyulda baş verən Tovuz hadisələri onu bərk sarsıtmışdı. Ələxsus General Polad Həşimovun şəhid olması ona pis təsir bağışlamışdı. Bu barədə müzakirə aparmışdıq. Vətənə geri qayıdacağı günü səbirsizliklə gözləyirdim. Bununla bağlı xəyallar belə qurmuşdum. Düşünürdüm Aqşin gələcək bir ay müddətində məzuniyyətdə olacaq, onunla yaxşıca gəzəcəyik bir yerdə olacağıq. Ona sarılacağam, körpəsini qucağıma alıb oxşayacağam. ... Övladı doğulacaqdı deyə bir az gəlməsi gecikdi. Amma tez-tez danışardıq. Hətta günlərin birində Məhsəti xanımı yuxuda görmüşdüm. Səhəri gün Aqşinlə yazışmaga başladım ( o yazışma telefonumda var). Soruşdum, necəsiz, Məsi necədir? “Ey vallah yaxşılıqdır şükür” dedi. Dedim ki, yuxuda görmüşəm ki, Məhsəti xanımı yanımda qoymusan, amma sən yoxsan. Dedi, xeyir olar inşallah, o da səni yuxuda görüb. Getdikcə vəziyyət ağırlaşır, müharibə abu-havası yaranmışdı. Öz tapşırıqlarımızı almışdıq. Mənim qarşıma qoyulmuş vəzifələr Murov istiqamətində idi. Qarşımdakı düşmən haqqında daha çox məlumat əldə etmək istəyirdim. Aqşin Murovda kəşfiyyat bölüyünün komandiri olmuşdu deyə, ərazini və düşmən haqqında məlumatları daha yaxşı bilirdi. Ondan yararlanırdım, talış dilində onunla yazışır və düşmənin bütün mövqeylərini qarşımda hansı qüvvələrinin olduğunu mənə bir-bir ötürürdü. Necə etmək, nə etmək, haradan keçmək lazım olduğunu deyirdi. Son vaxtlar ancaq bu mövzuda danışırdıq. Artıq vaxt yetişmişdi mən ön xəttdə idim. Aqşinin bir qızı olduğunu eşitdim, çox sevindim. Amma danışa bilmədik. Azərbaycana gəldiyi gün danışdıq. “Ona ailəni götür atanın, ananın yanına get” dedim. Dedi ki, vaxt azdır işə çıxmalıyam . Söhbətimiz sentyabr ayının 25-i olmuşdu. Ayın 26-sı axşam artıq döyüş başlandı. O aralarda bir neçə dəfə danışdıq. Harada olduğunu soruşdum. Mənim üçün mahnı oxumağa başladı: "Araz axır qıyğacı, ay qız ay qız ay qız amandı. . . " başa düşdüm ki, Araz qırağındadır. “Özündən muğayat ol” dedim. Sonra danışa bilmədik. Evdəkilərlə danışmağa çıxanda Aqşini də yığırdım. Zəng çatmırdı. Həyat yoldaşına zəng edirdim. Ondan soruşurdum, deyirdi ki, danışırıq zəng etmişdi. Rahat olurdum. Qızğın döyüş gedirdi. Üç gün idi əlaqəm yox idi. Atamgil də nigaran idi, məndən soruşdular, dedim: “danışmamışam”. Sonra yoldaşına zəng etdim. Soruşdum dedi ki, gündə bir dəfə telefonu açır ya mesaj yazır ya da ki, danışırıq. Xahiş etdim ki, əgər telefonu açsa deyərsən, mənə də yazsın. Oktyabr ayının 18-i idi. Ürəyim dözmədi dedim, qoy mesaj yazım, telefonu açsa görsün, bəlkə zəng etdi danışdıq. Oktyabrın 19-u səhər tezdən telefona mesaj gəldi. Yazmışdı “YAXŞIYAM NARAHAT OLMA!” Sevindim tez atama zəng etdim, dedim, narahat olmayın Aqşin sms yazıb. Həmin gün axşam məni qərərgaha çağırdılar. Qərərgahın qarşısında qardaşım Məmmədüseyn maşında başı aşagı oturmuşdu. Mənə məzuniyyət bileti təqdim etdilər. Nə baş verdiyini soruşdum, başlarını aşagı saldılar. Elə bil dizlərim qırıldı qarşımdakılara qışqırıb, itələdim və qaça-qaça, aglaya aglaya, maşınıma oturdum... Bəli, çox acıdır qardaş itkisi ... Bu sözləri sizə göz yaşı içində, boğula-boğula yazıram. . . O gündən bu günə kimi gözlərim hər yerdə Aqşini axtarır. Heç gözümdən getmir. Hər yerdə mənimlədir. Əziziyəm qardaşa! Qar yağar düşər daşa! Qardaşın müşkül işi Yenə düşər qardaşa! Aqşindən təbrik zəngi gözlədiyim anda şəhadət xəbərini aldım Qardaşı – Polkovnik-leytenant İbadov Məmmədhüseyn Aqşin ailəmizin kiçik övladı idi, Aqşinlə həm qardaş, həm də çox yaxın dost idik. Uşaqlıq illərimiz, məktəb illərimiz, ali təhsil aldığımız illər birgə keçib, daha sonra zabit kimi xidmətimiz bir neçə il fasilə ilə də olsa, yenə eyni vəzifədə birlikdə xidmət etmişik. Aqşin çox qayğıkeş olub, hər zaman bir-birimizin sirlərini daşımışıq. Həyat bizi uşaqlıqdan bir çox sınaqlara çəkmişdi, bir çox çətinlikləri göstərmişdi. Olduğumuz yerədək gəlincə çox əziyyətlər çəkdik. Bütün çətinliklərin sonu uğurlara gəlib çatmışdı, lakin Vətən Müharibəsi bizim uğurlu gələcəyimizi böldü, yarımçıq saxladı. Aqşinlə birlikdə ayrı-ayrı hissələrdə eyni bölmələrin rəisi olduğumuz illər ərzində bir çox konfranslar, müşavirələr, seminarlar, təlimlər, toplanışlar və praktiki çöl çıxışları olan tədbirlərə qatılmışıq. Bu illər bizim üçün çox maraqlı və yadda qalan olub. Yaxın dostlarımız hər zaman bizi bir yerdə görüb müəyyən zarafatlar edirdi. Aqşin bizimlə eyni vəzifələri daşıyan yoldaşlar arasında üstün zəkaya sahib idi. Aqşinin hərb elminə marağı həddindən çox idi və bu, bizi hədəfimizə aparırdı. 2018-ci ildə ikimiz də Hərbi Akademiyada təhsil almaq üçün raport verdik. Beləliklə, hazırlıq işləri başladı. Lakin atestasiya olunan zaman şəhid general-mayor Polad Həşimov, “ikinizin də eyni vaxtda getməyiniz vakansiya yaradır, ona görə biriniz növbəti il gedin”, bildirdi. Mən Aqşin daha çox həvəs göstərirdi deyə onun getməsini istədim və Aqşinlə razılaşdıq. Beləliklə, Aqşin plana uyğun olaraq Hərbi Akademiyaya qəbul olundu və öz seçimi ilə Türkiyə Milli Müdafiə İnstitutunda təhsilini davam etdirmək üçün Türkiyəyə getdi. Təhsilini yüksək səviyyədə bitirdi. Aqşinlə hər zaman qürur duymuşam. Aqşinlə bağlı çox xatirələrim var. Təhsil aldığım zaman mən 3-cü kurs kursantı Aqşin isə 2-ci kurs kursantı idi. Mən kurs sonu imtahanlarımı verdiyim zaman Aqşingilin kursu bir aylıq Ələt təlim mərkəzində idi. Aqşinin yanına getmək imkanım yox idi, mobil telefonumuz da olmadığına görə əlaqə saxlaya bilmirdim. Çox darıxırdım onun üçün. Onu da qeyd edim ki, biz uşaqlıqdan daim bir yerdə olduğumuz üçün o vaxtlar çox ayrı qaldıqda darıxırdıq. Biləsuvar rayonundan olan başqa bir kursant yoldaşım var idi, onun da qardaşı Aqşinlə eyni kursda idi. Azad yanıma gələrək, “Sabah Ələtə gedirəm, Aqşinə nəsə göndərəcəksən?”, deyə sual verdi. Dedim, bir az gözlə, Aqşinə məktub yazacağam və əlimdəki dəftərə Aqşinə hər zamankı kimi tövsiyə xarakterli məktub yazmağa başladım, arasına beş manat pul qoyaraq Azada verdim. Aqşin şəhadətə qovuşduqdan sonra Türkiyədən ilk məzuniyyətə gəldikdə mənə verdiyi qovluğu açdım və həmin məktubu qovluğun içində gördüm. Baxmayaraq ki, məktub 21.06.2003-cü ildə yazılıb, 17 il Aqşinin o məktubu saxlaması mənim üçün əvəzsiz idi və kimsə mənim qədər bunun fərqində ola bilməz. Aqşini sonuncu dəfə 2019-cu ildə məzuniyyətə gəldiyi zaman görmüşdüm. Aqşinin toyunu görmək mənim üçün bir dünya idi. Bir az gec ailə qurdu, amma onun toyunu çox arzu edirdim. Toy sonrası məzuniyyəti bitdi və Aqşin həyat yoldaşı ilə birlikdə Türkiyəyə qayıtdı. Aqşini heç vaxt elə xoşbəxt görməmişdim. Türkiyədə olduğu zaman həftə ərzində ən azı iki dəfə video zənglə danışırdıq. Ən son dəyişikliklər və yeniliklər barədə suallar verirdi. 16 sentyabr 2020-ci ildə saat 14:00 radələrində həyatımda çox sevindirici xəbər aldım və ardından video zənglə ilk dəfə mənə qızı Zeynəbin dünyaya gəlməsini xəbər verdi. Biz danışdıq və 10 gün sonra Azərbaycana qayıdacağını bildirdi. Aqşin Azərbaycana 25 sentyabrda gəldi və bir neçə gün sonra yeni təyinat aldığı xüsusi təyinatlı hərbi hissəyə getdi. Artıq döyüşlər başlamışdı. Aqşin mütəmadi olaraq mənimlə əlaqə saxlayır və öz (xüsusi) danışıq dilimizdə döyüşlərin hansı vəziyyətdə olduğu barədə məlumatlar alırdı. Mən Kəlbəcər istiqamətində, Aqşin Cəbrayıl istiqamətində döyüşürdü. Tez-tez telefon əlaqəsi saxlayırdıq. Son dəfə danışığımız ailə şəklində oldu. Aqşin, -“konfrans danışıq et, uşaqlarla danışım”, -dedi və danışdı. Oğlum Aminlə zarafat etdi, ona dərslərini çox yaxşı oxumasını söylədi. Amin ona, “qarnımla dostluq edirəm, Aqşin əmi”, dedikdə, onun həmənki gülüşü unudulmaz olaraq xatirimdə qalır. Bir neçə gün imkan düşdükcə günün müxtəlif vaxtlarında zəng etdim, lakin onunla əlaqə yarada bilmirdim. 20 oktyabr 2020-ci il tarixində qızım Rüqəyyanın doğum günü idi. Aqşindən təbrik zəngi gözlədiyim anda şəhadət xəbərini aldım, bu sarsıntıdan heç vaxt oyana bilmirəm. Həyat bu dəfə bizi nəticəsi acı olan sınağa çəkdi, əziz Aqşinimi qucağımda torpağa qoydum. Bu, hər gün mənə əzab verir. Məni göz yaşlarıma qərq edir. Bu gün Aqşinin yadigarı, onu əvəz edən Zeynəb qızımızdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. Həyat bir anlıq başıma çökdü sanki... Bacısı - Kəmalə İbadova Aqşin evimizin sonbeşiyi olduğu üçün hamımız onu çox sevirdik. Bir qardaş kimi o, mənə qarşı çox qayğıkeş idi. Demək olar ki, onda mənfi cəhət yox idi. Daim mənim nə problemim olsa, ona müraciət edərdim və həlli yolunu tapardı. Sonuncu dəfə Türkiyədən Bakıya yeni gəlmişdilər. Danışanda, -“Bir neçə işim var, onları qaydasına qoyaq, gələrik”,- dedi. Daha sonra əlavə olaraq dedi: “Bibisi, nəsə sürprizin var Zeynəbə”? Həmişə deyirdi ki, Mirəli (oğlum) hansı peşəni sevirsə, onu rahat burax, gerisini mən həll edəcəyəm. Əsas odur, oxusun. Deyirdim, hərbiçi olmaq istəyir. Deyirdi, darıxma, hər şey düzələcək. Zəng vuranda hamını soruşardı və deyərdi, evdədirlərsə, niyə onların yerinə danışırsan, ver, özləri ilə danışım. Uşaqlarla da, yoldaşımla da uzun-uzadı danışardı. Yağmurdan vurma cədvəlini soruşardı, şeir soruşardı. Alqışlayardı telefonda... Uşaqları telefonda da olsa, sevindirərdi. Deyərdi: “Nəsə istəyirsinizmi, dayı sizin üçün alsın, amma anaya baxmadan deyin”... Aqşin əvvəlki illərdə bizə gələndə uşaqlara qeyri-adi oyuncaqlar alardı. Uşaqlar o oyuncaqları hələ də saxlayırlar. Aqşin çox vətənpərvər idi. Azərbaycanın bütün nağıl qəhrəmanlarına oxşamaq istəyirdi. Ümumiyyətlə, mütaliəni çox sevirdi. Atam həmişə ona deyirdi ki, “Oxuduqların sadəcə bir kitabdır, onlara oxşamağa çalışma. Həyatdakılarla kitabdakılar düz gəlmir”. Səhv etmirəmsə, 50 dəfə “Koroğlu” kitabını oxumuşdu. Biz o kitabı gizlədirdik, o tapırdı. Sonda kitabı kitabxanaya verdik. Aqşində ən gözəl xüsusiyyətlərdən biri də dəqiqlik idi. Allah bizi yaradıbsa, kimin necə olduğunu, nəyə layiq olduğunu daha yaxşı bilir. Şəhidlik kimi ali zirvəni də kimlərə nəsib edəcəyini Allah daha gözəl bilir. 20 oktyabrda kəndə qardaşım qızının ad gününə gəlirdik. Küçələrdə bir izdiham olduğunu gördüm. Taksidə idik, soruşdum, “Nə olub”? Sürücü də bilmədiyini dedi. Atamgilin küçəsinə və həyətinə çatanda izdihamdan addım atmaq mümkün deyildi. Sürücü uşaqları maşından enməyə qoymadı, yalnız mən düşdüm. 3 qardaşım cəbhədə olmağına baxmayaraq nədənsə mən ixtiyarsız Aqşinin adını çağırdım. Həyat bir anlıq başıma çökdü sanki... Gerisini yaza bilmirəm, göz yaşlarım imkan vermir. Aqşin inanılmaz dərəcədə Vətənə, torpağa bağlı biri idi. Hələ də onun yoxluğuna inana bilmirik. Uşaqlarım hər dəfə süfrədə bu duanı edir: “Allah, bir möcüzə yarat, dayım geri qayıtsın”. Heç olmasa, bir nişanəm qalsın Bacısı – Nilufər Nəsirova Aqşin mənim dördüncü qardaşım, yəni sonbeşik qardaşım idi. Aqşin qardaşım qardaşlardan çox fərqlənirdi. Mədəni, gülərüz, söhbətləri şirin, hamının yanında hörmətini qazanan bir qardaş idi. Qardaşım uşaqlıqdan elmə, biliyə meylini vermişdi. Dastanları oxumağı çox sevərdi. Valideynlərini də mükəmməl eşitməyi bacaran bir qardaş idi. İndiyə qədər bir dəfə də olsa, nə onda bir küsülülük, nə acılamaq, heç bir inciklik görmədim. Aqşin qardaşımda müsbət cəhətlər həddindən artıq çox idi. Qardaşım qayğıkeş, sadə, qəlbitəmiz, yaraşıqlı bir igid idi. Müsbət cəhətlərindən bir də o idi ki, xeyriyyəçiliyi çox sevirdi. Onun təbiətə bağlılığı da çox idi, təbiəti, quşları, ətraf-aləmi seyr etməyi xoşlayırdı. Qardaşımı axırıncı dəfə avqust ayında gördüm. Toyundan sonra onlara getdim, görüşüm ki, Türkiyəyə gedəcəklər. O və həyat yoldaşı ilə birlikdə oturub bir xeyli söhbətləşdik. Anam da bizimlə oturmuşdu. Aqşin dedi ki, “Ana, sənin payız işlərini görüm, sənə əziyyət olmasın”. Dedik, güldük, zarafatlaşdıq… Bir xeyli oturduqdan sonra şirin sözlərlə ayrıldıq. Dedi ki, “Allaha əmanət olun, bir ilə görüşərik”. Tez-tez zəngləşirdik. O, zəng edəndə ancaq şirin kəlmələrlə danışardı. Deyərdi: “Assalamu aleykum, necəsiz”? Mən də deyərdim: “Aleykum salam. Salam səni saxlasın”. “Necəsən”, deyərdim, o da deyərdi: “Əlhəmdülillah, yaxşıyam” . Evlilikdən söz salardım, deyərdim,- “Səni evləndirək”,- deyirdi: “Düzdür, bu yaşımda evlənim, heç olmasa, bir nişanəm qalsın”. Demək ki, onun içində şəhidlik hissi var imiş. Hər döyüş olanda, ölkəmiz şəhid verəndə Aqşin əsəbindən bilməzdi ki, nə etsin... İçindəki intiqam hissi onu rahat buraxmırdı. Deyərdi: “Niyə Polad Həşimov, niyə Mübariz İbrahimov gedə bildi, mən qaldım, mən dayana bilmərəm”. Döyüşdə olanda çox zəngləşdik. Zəng vurarkən talış dilində danışardı. Hamını məndən soruşardı. Döyüş barəsində heç nə demirdi. Allah onu ona görə seçdi ki, o, dinimizi sevən, xalqını, millətini sevən bir igid idi. Tam fərqli bir insan idi, sanki dünyaya aid olmadığı halda dünyaya gəlmişdi. Aqşin, Vətən üçün şəhid olmağa hazır olan qəhrəman bir oğul idi... Dayısı - Bayramov Etibar müəllim Aqşin ailənin sonbeşiyi olduğu üçün, təbii ki, daha çox sevilirdi. Həm də uşaqlıqdan daha çox xəstəlik keçirdiyinə görə ona daha çox diqqət edilirdi. O, mənim yaddaşımda sakit, utancaq və gülərüz bir insan kimi həkk olunub. Sonuncu dəfə onun toyunda iştirak etdim, onu qucaqlayıb, öpüb, təbrik etdim. Aqşin son dərəcə xoşbəxt görünürdü. Aqşin gözümüzün qarşısında böyüyən bir uşaq idi. Mən Boladi kənd 1 saylı məktəbinə işləməyə gələndə Aqşin beşinci sinifdə oxuyurdu. Məktəbi bitirənə qədər onu hər gün görürdüm. 11-ci sinifdə oxuyanda bir dəfə onu dərs vaxtı bayırda gördüm. Maraqlandım və məlum oldu ki, yazdığı inşaya əsassız olaraq "4" qiymət verildiyi üçün müəllimə etirazını bildirmiş, nəticədə müəllim ondan sinfi tərk etməsini xahiş edib. Aqşin son dərəcə yüksək mədəniyyətə, əxlaqi keyfiyyətlərə malik olduğu üçün bu faktı məndən gizlətməyə, hər vasitə ilə müəllimi müdafiə etməyə çalışırdı. Sonra özüm də həmin inşanı yoxladım və aydın oldu ki, müəllim, həqiqətən də, haqsızlığa və ədalətsizliyə yol verib. Bu fakt Aqşinin nə qədər tərbiyəli, təmkinli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olduğunu göstərirdi. Aqşin eyni zamanda Vətəni dərin məhəbbətlə sevən, düşmənə nifrət bəsləyən, torpaqlarımızın azad olması uğrunda şəhid olmağa hazır olan vətənpərvər və qəhrəman bir oğul idi. Mən yanmasam, sən yanmasan, biz yanmasaq, Necə çıxar qaranlıqlar, aydınlığa?! Aqşin məhz bu cür düşünən insan idi. Məktəbdə müəllimlər otağında yazı yazırdım. İlk olaraq, Aqşinin yaralanması xəbərini eşitdim. Sonra kənd icra nümayəndəliyinə getdim, bir az sonra kənd icra nümayəndəsi N. Hüseynov gəlib şəhid olması xəbərini çatdırdı. Əziz adamını itirən insanın hansı hisslər keçirməsini təsvir etmək mümkün deyil. Mən tez-tez Aqşin haqqında düşünürəm. Həmişə də gözlərimin önündə yaralı halda, köməksiz vəziyyətdə, soyuq torpağa uzanaraq kömək gözləyən gülərüz bir qəhrəman canlanır. Sən onu görürsən, onu xilas etməyə çalışırsan, amma heç nə bacarmırsan. Bu hisləri sözlə ifadə etmək mümkün deyil. Biz ölməmişik ki, bizim qadınlarımız döyüşə girsin. Qardaşının xanımı – İbadova Gülnarə müəllimə Ona qayın deməzdim, o, mənim kiçik qardaşım kimi olub. O, uşaqlarımız üçün də bir ilham mənbəyi olub. Dediyi hər söz sanki bir öyüd, bir nəsihət idi. O, hər kəs üçün bir vətənpərvərlik məktəbi idi. Bir tarix müəlliməsi kimi özümə borc bilirəm ki, gələcəkdə bunları öz şagirdlərimə öyrədim və Aqşinin nümunəsində yeni vətənpərvər övladlar yetişsin. O, vətənini hər şeydən üstün tuturdu, döyüşlərdə iştirak etməyə həmişə can atardı . Məzuniyyətə gələndə çox söhbətlərimiz olurdu. Şəxsi söhbətlərdən əlavə ən çox tarixi hadisələri müzakirə edərdik. Bizim aramızda zarafatlar olurdu. Son dəfə müharibə vaxtı telefonla danışanda dedim: “Orada vəziyyət necədir, lazımdırsa, biz də gələk döyüşə, düşmən tərəfin qadınları döyüşə gəlir”. Güldü və dedi: “Biz ölməmişik ki, bizim qadınlarımız döyüşə girsin”. Dedim, “Mən tarix müəlliməsiyəm, şagirdlərimizə Vətən Müharibəsi haqda nə öyrədəcəyim sizin necə tarix yazmağınızdan asılıdır”. Dedi ki, “Bu il sən qələbimizin tarixini, rayonlarımızın işğaldan azad olunması tarixini öyrədəcəksən”. Elə də oldu, müzəffər ordumuz Aqşin kimi qəhrəman oğullarımız sayəsində qələbə qazandı. Amma Aqşinə bu sevinci yaşamaq nəsib olmadı. Aqşin tamam başqa bir insan idi. Onun böyüklərlə, kiçiklərlə ünsiyyəti, rəftarı, davranışı möhtəşəm idi. Çox xeyirxah, diqqətcil biri idi. Kiminsə nəsə yardıma ehtiyacı olanda Aqşini öz yanında görərdi. Bunu mən bu ailəyə gəldiyim ilk gündən hiss etmişdim. Bəzən düşünürəm ki, bu qədər saf, təmiz, xeyirxah insanı Allah bu dünyada qalıb günahlara batmasını istəmədiyi üçün yanına apardı. Narahat olmayın, qızınıza gözüm kimi baxacağam Qayınanası - Samirə Vəliyeva Aqşin mükəmməl idi. Hər cəhətdən mükəmməl idi. Özünün, sözünün yerini bilən idi. Kimliyindən asılı olmayaraq insanlara hörmət etməyi bacaran bir oğul idi. Mənfi cəhətini görmədim, desəm, yanılmaram. Söhbət edəndə qarşısındakını səbirlə dinləyirdi, heç görmədim ki, nə vaxtsa Aqşin kiminsə sözünü kəssin. Qızımı Gəncədən aparanda gördüm ki, mənə nəsə demək istəyir. Qapıdan çıxanda yaxınlaşdı, dedi ki, “Narahat olmayın, qızınıza gözüm kimi baxacağam.” Aqşin kimi insanın bu dünyadan getməsinə çox pis oluram. O yuxudan ayılandan sonra qərara aldım ki... Qaynı - Vəliyev Riad Aqşin mənim dostum idi. Mənim qardaşım yox idi, Aqşini tanıyandan isə onu özümə qardaş bilmişəm. Tez-tez zəng vurub dərslərimin necə olduğunu soruşurdu. Həmişə deyirdi ki, “Oxu, dostum, oxumaq xeyirlidir”. Aqşin Türkiyədən gələndən sonra onları Bakıda qarşıladıq. Aqşinlə söhbət edəndə mənə dedi: -Gələcəkdə kim olmaq istəyirsən? -Proqramist. -Bəs niyə proqramist olmaq istəyirsən? -Çünki yaxşı işdir, indi də istifadə etdiyimiz avadanlıqlar belə proqramlaşdırmadan düzəlib. -Yaxşı, proqramist olmaq üçün çox çalışmalı olduğunu bilirsən, yəqin? Çox maraqlı və yaxşı bir işdir. Mənsə belə dedim: -Bəli bilirəm amma Proqramist olmağı istəmədən əvvəl general olmaq istəyirdim, sonradan kompüterə marağım daha da artdı, proqramist olmaq istədim. Aqşin şəhid olandan 1-2 həftə sonra yuxumda onunla Hərbi Akademiyanın qabağında şəkil çəkdirdiyimizi gördüm. O yuxudan ayılandan sonra qərara aldım ki, mən də Aqşin kimi dünyagörüşlü, mehriban və səbirli bir zabit olacağam. Gələcəkdə hamının mənə “Şəhid Aqşin İbadovun yetirmə zabiti” və “Aqşinin dostu” demələrini istəyirəm. Bu, mənim üçün çox böyük fəxr olar. İnşallah şəhidlik bizə də qismət olar Qohumu - Aytəkin Vəliyeva Bir gün ailəvi söhbət edirdik, Aqşin də bizimlə idi. Mən də tibb xidmətində hərbiçiyəm, söhbət hərbidən gedirdi. Şəhidlərdən danışırdıq, o, mənə dedi ki, “İnşallah, şəhidlik bizə də qismət olar”. Aqşin şəhid olandan sonra bu söhbət yadıma düşdü. Sözün əsl mənasında bu insan çox vətənpərvər, Vətənini sevən, xalqını sevən biri olub. Olub deyəndə keçmiş zamanda yazmaq istəmirəm, çünki o Şəhiddir, Şəhidlər isə heç vaxt ölmür. Həm də qeyd edim ki, çox diqqətcil insan idi, Türkiyədə olanda belə mənim və ailəmin bayramlarını, ad günlərini təbrik edir, həmişə hörmətimizi saxlayırdı. Mükəmməl insan, ailə başçısı idi. İmtahanlardan aldığı qiymətlər də xeyli yüksəkdi Türkiyəli general - Osman Qazi Kandemir Aqşin savadlı, ağıllı və çalışqan zabit idi. Onu tanıyanlar Aqşini özlərinə qardaş hesab edirdilər. Azərbaycanın haqlı davasından danışmaq, bu haqda bəhs etməkdən ötrü hər fürsəti dəyərləndirməyə çalışırdı. “Xocalı” və “20 Yanvar” faciəsinin ildönümündə təqdimat hazırlamışdı. Dünyanın 35 ölkəsindən gələn zabitlərin qarşısında çıxış edəndə hamı maraq qarışıq təəccüblə onu dinləmişdi. Çoxları Aqşinin təqdimatından sonra əsl həqiqəti öyrəndi. Vətən Müharibəsi başlayanda mənə ismarıc göndərmişdi. Həm müəllimləri, həm də dostları olaraq onun şəhadət xəbərini alanda kədərləndik, ciyərimiz yandı. Aqşin təmiz ürəkli, savadlı, ağıllı və çalışqan zabit idi. Əvvəllər Türkiyədə heç olmamasına rəğmən Türkiyə-türkcəsinə yaxşı bələd idi. Yaxşı danışır və anlayırdı. Dərslərdə çox fəal olurdu. Əsgərlik mövzularından digər bütün mövzulara qədər fikrini sərrast, dəqiq ifadə edirdi. Xüsusilə, beynəlxalq məsələlərlə bağlı gözəl fikirləri vardı. Kitab, məqalə, elmi yazıları çox oxuyurdu. İmtahanlardan aldığı qiymətlər də xeyli yüksəkdi. Ətrafı ilə münasibəti olduqca yaxşı idi. Türkiyəli zabitlərlərlə yaxın dost idi. Aqşini tanıyan hər kəs ona aşiq olurdu... Polkovnik-leytenant Hüseynov Müqabil Aqşin haqqında danışmaq, Aqşinin şəxsiyyətini izah etməyə sözlərim yetərsiz olduğunu bilirəm. Aqşinlə ilk tanışlığımız 2018-ci ilin oktyabr ayına təsadüf edir. Biz Silahlı Qüvvələrin Hərbi Akademiyasına qəbul olunmaq üçün imtahana hazırlaşırdıq. İlk gündən, ilk zarafatımızdan bir-birimizi başa düşürdük. Dəfələrlə fikir mübadiləsi edirdik, ideyalarımızdan, fikirlərmizdən danışırdıq. Demək olar ki, fikir və ideyalarımız eyni idi. Bizi ən yaxın edən və ayrılmaz dost edən amil də elə bu idi. Biz imtahanları birlikdə verdik və Akademiyaya daxil olduq. Aqşin yaşda və rütbədə məndən kiçik idi, amma ağıl və savadda bir o qədər böyük idi. Aqşin çox intizamlı idi, həm zabit kimi, həm də bir fərd kimi çox qaydalı və təmkinliydi. Mənə “Abi” və ya “Komutan” deyə xitab edərdi. Bir gün, -“Abi, səndən bir şey xahiş etmək istəyirəm, amma utanıram”,- dedi. “Buyur”, - dedim, “o nə sözdür? Sevə-sevə edərəm, bax, bir də mənə nəyisə heç nə düşünmədən deyəcəksən”,- dedim, o da,- “eyvallah, komutan”,- dedi. Səhəri gün üzündə bir nur, bir utancaqlıq və bir inamla, - “Mənə üzük seçməyə kömək edə bilərsənmi, mən evlənməyi planlayıram”,- dedi. Çox sevinmişdim, həm də içimdə bir sevgi, bir həyacan vardı, mən bu insana bu qədər yaxın olmağı bacarmışdım. Biz getdik, həll etdik, sonra birlikdə qəhvə içərkən, dediyi sözü heç unutmuram: -“Abi” sözünü sənə boşuna demirəm, sən mənim sözün əsl mənasında qardaşımsan. Akademiyaya qəbul olunmuş zabitlərdən ilk iyirmiliyə düşənləri Türkiyədə təhsil almaq üçün seçmişdilər. Biz də bu siyahıda vardıq. İkimiz də Türkiyəhyə getmək üçün yox, daha çox bir qrupa düşüdüyümüz üçün sevinirdik. Türkiyədə daha sıx ünsiyyətdə olduq, orada da bütün təhsil proseslərini birlikdə icra edirdik. Demək olar ki, bütün günümüz birlikdə keçirdi. Biz İstanbulun tarixi yerlərini birlikdə gəzərdik, nə o mənsiz, nə mən onsuz harasa getməzdik... Aqşini saatlarla dinləyərdim, doymazdım. O qədər bilgili, məlumatlı idi. Açığı, fikir mübadiləsi etməyə bizə günlər yetmirdi. Aqşin tarixə dəyər verən insan idi. Hər getdiyimiz yerin tarixini danışardı, faktları bir-bir izah edərdi. Hərb elmini çox dərindən öyrənirdi, onun dərs qrupunda olan bütün zabitlər onu çox sevərdilər. Türkcə danışığı o qədər gözəl idi ki, bəzi hallarda ondan Türkiyədə hərbi məktəbi hansı illərdə oxuduğunu soruşardılar. O gülümsəyərək,-“Mən Azərbaycanda oxumuşam”,- deyərdi, inanmazdılar. Türkiyəli zabitlər Aqşinə deyərdilər: “Bəs sən necə olur ki, Türkiyə-türkcəsini və Türk ordusunun tarixini, taktikasını bu qədər mükəmməl bilirsən və həm də bu Türkiyəyə ilk gəlşindi”? Aqşin zəkası və savadı ilə sözün əsl mənasında hər kəsi valeh etmişdi. Türk generallar Aqşinə çox rəğbət bəsləyirdilər, çoxu onunla dostluq edirdi, evlərinə dəvət edirdilər. Türkiyə Milli Müdafiə Universitetində dünyanın bir çox ölkələrindən zabitlər təhsil alırdılar. Aqşini tək türkiyəli, azərbaycanlı zabitlər yox, bütün xarici ölkələrdən olan zabitlər sevirdilər. Aqşin bir zabit kimi ölkəsini çox yüksək səviyyədə təmsil edirdi. Türkcəsi zəif olan digər ölkələrin zabitlərinə yorulmadan köməklik edirdi. Azərbaycanın adını ucaltmaq üçün əlindən gələni etməyə çalışırdı. Şəhadətə qovuşandan sonra 24 ölkədən olan zabitlərin hər biri dərin hüznlə baş sağlığı verdilər, çox məyus olmuşdular. Aqşin hərtərəfli insan idi. Yaşadığımız qonaq evində 20-yə yaxın ailə yaşayırdı. Aqşin o ailələrin uşaqlarını unutmurdu, daim onlara hədiyyə alardı, gəzməyə çıxarardı. Heç unutmaram, Ramazan bayramında səhər erkəndən özü öz əli ilə hazırladığı hədiyyə boxçalarını uşağı olan hər qapıya asmışdı, uşaqlar səhər oyanıb qapıya çıxanda bu hədiyyəni görüb çox sevinmişdilər. Mən erkən oyananam, koridorda səs eşitdim, bayıra çıxdım, uşaqların sevinclərinin həddi-hüdudu yox idi, qürurdan gözlərim doldu. Aqşinin aldığı nəfəsdə vətən vardı, sevgi vardı, mərdlik vardı, iman vardı. Qarabağdan danışanda Aqşinin gözündən atəş yağırdı, sözləri o qədər kəskin, o qədər içdən idi, mən bir anlıq onun gözlərində itirdim. Aqşini tanıyan hər kəs ona aşiq olurdu, ona məftun olurdu, şəxsən mənim qardaşım, 4-5 dostum və qohumum onu tanıdılar və ona məftun oldular, dostlaşdılar. Aqşini tanış etdiyim bir belçikalı türk əsilli Metin Baş adlı dostumuz onu çox sevmişdi, ona heyran olmuşdu. “Abi, bu nasıl bir insan, bu müthiş bir subay (zabit), bu adam altındır”, -deyə mənə yazmışdı. Aqşinin şəhadətə qovuşduğunu eşidəndə o, bir həftə özünə gələ bilmədi. Metin Aqşinin şərəfinə Afrikanın susuz bir qəsəbəsində bulaq tikdirdi. Bulağın dörd bir yanına Aqşinin şəkli və Azərbaycan bayrağı asılmışdı. Aqşin övladı dünyaya gələcəyi üçün Türkiyədən bizdən gec geri dönmüşdü. Hava limanına qarşılamağa mən getmişdim, qardaşım gəlirdi və bir həftə idi, ata olmuşdu, qızı doğulmuşdu. 25 sentyabrda Aqşin gəldi. 27 sentyabrda bizə hər şey bəlli oldu və biz görüşdük. Aqşinin gözlərində sevinc, həyacan və parıltı vardı. “Abi, özünü qoru”,- dedi, mən də,- “qardaşım, özünü qoru, imkan olanda xəbərləşək”, -deyib, xidmət yerlərimizə ayrıldıq. Döyüş zamanı mən arada imkan tapanda qısa da olsa, onunla danışırdım. Ən son danışanda Hadrutda idi, sevincli idi. “Xəyallarım gerçək olur, abim”,- dedi. Aqşinin vətənə olan sevgisi sözdə yox əməllərində görsənirdi. Aqşin komandiri olduğu hər kəsə hərb peşəsini usanmadan öyrədirdi və buna onun yetərincə potensiyalı vardı. Aqşin tək özünü döyüşə hazırlamırdı, tağım komandiri olanda 15 nəfəri, bölük komandiri olanda 60-70 nəfəri, qərargahda xidmət edəndə isə minlərlə zabit, gizir və əsgəri döyüşə hazırlayırdı. Zabitlərin, demək olar ki, hamısında bu istək, bu məqsəd olur, amma Aqşində bu məqsədi həyata keçirmək üçün bir zabit iradəsi, ən əsası, biliyi, bacarığı vardı. Aqşin Türkiyə Silahlı Qüvvələrin “Qərargah Zabitləri Kursunu” və “Komanda Qərargah” (KARSU və Komutakurmay) kurslarını bitirmişdi və eyni zamanda hərb elmi üzrə magistr dərəcəsi də almışdı. Bununla yanaşı, Aqşin Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almışdı. Aqşinin bir hərbi birliyi, bölmələri mahir idarəetmə bacarığı vardı. Bu, tək Aqşinin savadlı və tələbkar zabit olmasından irəli gəlmirdi, Aqşin sözün əsl mənasında öz savadı, inamı, imanı və əzmi ilə bir lider idi. Aqşində bu xüsusiyyətlərin olması onun ailə tərbiyəsindən irəli gəlir. Onda zabitlikdən başqa bir insanlıq vardı, bir mədəniyyət vardı, iman vardı. Bütün bu xasiyyətlərin hamısının bir insanda olması təsadüfi deyil, əslində, bu xasiyyətlər bir vəhdət halında olmalıdır və bir-birini tamamlamalıdır. Aqşinin ailəsində dörd zabit yetişmişdir. Onun bütün qardaşları vətən uğrunda döyüşlərdə iştirak etmişdir və hal-hazırda xidmətə davam edirlər. Belə bir vətən sevgisinin, dinin-imanın hakim olduğu ailədən məhz Aqşin kimi qəhrəman zabit çıxmalı idi. Mən Aqşinin şəhadət xəbərini eşidəndə üç gün susdum, bizi tanıyan heç kimin telefonunu aça bilmədim, hətta həyat yoldaşı Məshəti xanım ilk gün zəng elədi, dilim tutuldu, telefonu aça bilmədim. Aqşin mənim həm böyük, həm kiçik qardaşımdı, necə deyərlər, “Köz düşdüyü yeri yandırar”. Həm kədərlənirəm, həm də qürur duyuram, canım qardaşım, silahdaşım arzusuna çatmışdı, Allahın hər kəsə qismət etmədiyi şəhadətə qovuşmuşdu. Aqşinlə döyüşdə bir yerdə olan zabit yoldaşlarımızla söhbət edəndə Aqşinin necə şücaətlə döyüşdüyündən, tabelikdə olanları necə idarə etdiyindən danışdılar, filmlərdə gördüyümüz kitablarda oxuduqlarımızdan da üstün bir igidlik göstərmişdi. Mənim üçün yeni xəbər deyildi, mənim tanıdığım Aqşin belə olmalı idi. Aqşinin hər xasiyyəti, davranışı nümunə idi, örnək idi həm hərbi təhsil alanda, həm komandir olanda da. Əsl liderlik odur ki, sənin davranışından insanlar nəsə öyrənsinlər, ibrət dərsi alsınlar. Orduda bütün zabitlər öz komandirinə oxşamağa çalışırlar, bu həm təbiidir, həm də psixoloji bir yönəlmədir. Aqşinə oxşamaq istəyən, onun yolunu davam etmək istəyən yüzlərlə gənc zabitimiz var, bu da Aqşinin dövlətinə, xalqına verdiyi ən böyük xidmətlərdəndir. Aqşinin zabit həyatı bir örnək olduğu kimi şəhadəti də bir dərs oldu, nümunə oldu gələcək nəsilə. Mənə elə gəlir ki, sevgi insanın içində bir proqramdır, bir xasiyyətdir, bir Allah vergisidir. Mən bunu Aqşində gördüm. Aqşinin içində böyük bir sevgi vardı. Hansı ki, o sevgidən valideynləri də, qardaşları da, bacıları da, onların övladı da, dostları da, sevdiyi qadın da öz payını alırdı. Aqşin içindəki o nəhəng, o möhtəşəm sevginin ən böyük payını vətənə vermişdi və ona qovuşdu. Aqşin kimi nümunəvi bir zabitin yetişməsində onun tərbiyəsinə və mədəniyyətinə görə valideynlərinin qarşısında baş əyirəm. Hər kəs belə övlad yetişdirə bilmir. Aqşinin valideynləri vətənə 4 mərd igid zabit yetişdirmişdir. Bütün övladlarını vətəni qorumağa və uğurunda şəhid olmağa hazır olacaq bir ruhda böyütmək bu dahilikdir, bu möhtəşəmdir, bu sonsuz vətən sevgisi deməkdir. Bu ailə Azərbaycanın fəxridir. Ey bizə qələbə sevinci, hissi qazandırmış igid silahdaşım, bizlər başıdik, alnıaçıq gəzdiyimiz üçün sizə borcluyuq. Ruhun şad olsun, əziz qardaşım. Aqşinin çox yaxşı dini savadı vardı. Zabit yoldaşı – Mayor Hüseynov Emin Aqşinlə tanışlığım 2018-ci il oktyabr ayına təsadüf edir. Hərbi Akademiyaya hazırlıq üçün təqribən 3 ay müddətində bir yerdə kursda olduq. Əvvəl danışmaz, gülməz, dolayısıyla qapalı insan təəssüratı yaradırdı adamda. Sonralar bunun tam tərsini gördüm. Aqşin çox mədəni, qürurlu bir insan və vətənini, millətini sevən, prinsipial və savadlı bir zabit idi. Adətən, hər kəs öz ixtisası üzrə özünü daha çox inkişaf etdirməyə çalışır. Aqşin isə hər ixtisas üzrə keçirilən dərslərə rahatlıqla müdaxilə edə bilirdi. Daima mütaliə edirdi. Qismət belə gətirdi ki, imtahan nəticələrinə görə biz Akademiyaya qəbul olduq və Türkiyə Cümhuriyyətində təhsilimizi davam etməyə getdik. Aqşin orada da özünü çox qısa müddətdə tanıtdı. 44 günlük Vətən Müharibəsində Aqşin qardaşımız şəhid olandan sonra bu haqda Milli Müdafiə Universitetinin müəllimi, ehtiyatda olan general Osmanqazi Kandemir tərəfindən Azərbaycan televiziyası vasitəsilə geniş müsahibə verildi. Biz Türkiyədə təhsilimizi bitirdikdən sonra işlər belə gətirdi ki, biz növbəli şəkildə Vətənə qayıtdıq. Sonuncu dəfə Aqşin orada bizi yola saldı, görüşdü. “Qismət olsa, görüşərik”,- deyib ayrıldıq. Sonralar telefon vasitəsilə əlaqə saxladıq, Vətənə gəldiyini bildim. Bir dəfə danışa bilmişdim onunla. Əks-hücum fəaliyyətləri başladıqdan sonra, o da bu fəaliyyətlərə qatıldı və əlaqələr demək olar ki, kəsildi. Aqşinlə danışarkən onun ən çox istifadə etdiyi kəlmələrdən biri – “Təki Vətən sağ olsun” kəlməsi idi . Aqşinin uşaqlara xüsusi bir yanaşması vardı. Heç yadımdan çıxmaz, bir dəfə bütün uşaqlı mənzillərin qapısının dəstəyində əl ilə hazırlanmış, xüsusi bir açıqca və yanında kiçik bir hədiyyə qoyulmuşdu. Hər açıqcada fərqli və gözəl arzular yazılmışdı. İşin maraqlı tərəfi o idi ki, 3 gün sonra bildik ki, bunu Aqşin uşaqların müdafiəsi günü münasibətilə özü düzəldib və bütün uşaqları belə təbrik edib. Aqşinin çox yaxşı dini savadı vardı. Bütün dini ayinlərə riayət edirdi. Ürəkdən Allaha bağlı və xeyirxah bir insan idi. Ailəsinə bağlılığı, dürüstlüyü, əqidəsi və Vətən yolunda şəhid olmaq arzusu onun "Şəhid" zirvəsinə ucaltdı. 2019-cu ilin yayında yoldaşlarımızla birlikdə onun toyunda iştirak etmişdik. Tale belə gətirdi ki, 2021-ci ilin əvvəlində onun qəbrini ziyarət etdik, valideynləri ilə görüşdük. Onun şəxsi əşyalarının arasında şəhid olan zaman cibindən çıxmış və qəlpə ilə zədələnmiş Quran kitabı yer alırdı. Aqşinin şəhid xəbərini yoldaşlardan eşitdim. Əvvəl inanmadım. Digər yoldaşlardan soruşub bir daha dəqiqləşdirdim. Həqiqətən, belə olduğunu biləndə, qeyri-ixtiyarı bir müddət yerimdə donub qaldım. Onunla olduğumuz günlər və ən çox da yeni dünyaya gəlmiş körpəsi gözümün önünə gəldi. Allah Aqşinə rəhmət etsin və ailəsinə, onu vətənpərvər ruhda böyüdən valideynlərinə səbir versin. Mən Aqşinin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Aqşin Azərbaycanımızın, Lənkəranımızın və Boladinin fəxridir və onun kimi bir insanı, yoldaşı və zabiti tanıdığıma görə özümü çox şanslı hesab edirəm. Eyni zamanda Boladinin fəxri olan, şair qardaşımız, Eldar müəllimə də təşəkkürümü bildirirəm ki, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün belə bir məsuliyyəti üzərinə götürüb. Çox qayğıkeş, mehriban bir komandir idi Əsgəri - Polad İsayev 2010-cu il yanvarın 2-si hərbiyə yola düşdüm. Hərbi hissəyə çatanda məni qarşılayan iki əsgər oldu. Komandirin yanına apardılar. Komandir ayaqüstə məni qarşıladı, əl verib görüşdü. Otağında otuzdurub xeyli sorğu-sual etdi. Çox mehriban bir insan olduğu bəlli idi. Əsgər olaraq ilk gün sıxıntılı, darıxdırıcı olur, bunu hamı bilir. Amma mən belə səmimi, mehriban bir rəftardan sonra özümü çox yaxşı hiss edirdim. Anlayırdım ki, güvənəcəyim və etibarlı bir komandirin əsgəriyəm. Bəli, o komandir İbadov Aqşin idi. Çox bacarıqlı, savadlı bir zabit olduğu üçün təlim bölüyünü ona həvalə etmişdilər. Mən də həmin təlim bölüyünə düşmüşdüm. Əsgərlərini çox sevərdi. Heç bir əsgərin xətrinə dəyməzdi. Hamıya eyni gözlə baxmağı bacarardı. Hər kəslə maraqlanardı. Diqqət yetirərdi. Ehtiyaclarını, xəstəliklərini soruşardı. “Yat” komandasından sonra gecə yarısı gəlib bölüyü yoxlayardı. Kazarmadakı temperaturu, əsgərlərə soyuq olub-olmadığını kontrol edərdi. Mən bir gün xəstələnmişdim. Bölük növbətçisi komandirimiz İbadov Aqşinə məruzə etdi. Gəldi, gecə ilə yanımda oturdu, qızdırmamı ölçdü. İlkin tibbi yardım vasitələri gətirdi. Növbətçiyə tapşırdı ki, əsgərin vəziyyəti barədə ona tez-tez məlumat versin. Çox qayğıkeş insan idi. Gecə yarısı da özü gəlmişdi yenə... Xidmətimin 3-cü ayında ona kapitan rütbəsi verib, “Murov”un kəşfiyyat komandiri göndərdilər. Gedərkən çox pis olmuşdum. Sanki doğma bir insandan ayrılırdım. Təqribən 1 il sonra məni də həmən kəşfiyyat bölüyünə ezam göndərdilər. Bilmirdim, indi orada kimlər var, komandir kimdir... Murova çatanda əsgərlər məni komandirə təqdim etməyə apardılar. Qapıdan girəndə gördüm kapitan İbadovdur, çox sevindim. Durdu hərbi salam verib mənimlə əlbəəl görüşdü. Oturduq, əvvəlki hərbi hissədən, oradakı vəziyyətdən bir xeyli söhbət etdik. 3 ay onun yanında, orda xidmət edəsi oldum. Heç vaxt ondan xırda da olsa, incikliyim olmadı. Ümumiyyətlə, əsgərini incitmək kimi xasiyyəti yox idi. Əksinə, çox qayğıkeş, mehriban bir komandir idi. Amma səhv edəni də cəzasız qoymurdu. Nizam-intizama çox sadiq idi. Əsgərlərinin də nizamlı olmasını tələb edirdi. Ezam vaxtım bitəndə öz əvvəlki hərbi hissəmizə geri qayıtmalı oldum. Komandirimlə sağollaşmadan getmək istəmədim. Otağına getdim. Məni qucaqlayıb, öpüb yola saldı. Bu cür davranış insan üçün qəriblikdə çox böyük və unudulmaz idi. Necə ki, mən bunu hələ unutmamışam və heç vaxt da unutmayacağam. Dedi ki, “Hərbi hissədəki əsgərlərimə məndən salam de”. Fikrimcə, İbadov kimi komandirə, onun kimi gözəl insana çox nadir rast gəlinir. Çox şükür ki, o, mənim komandirim olub. Mənə onu tanımaq nəsib olub. Allah ona rəhmət etsin. Həmişə ürəyimizdə yaşayacaq... Dəfələrlə mühasirəyə düşdük XTQ zabiti - Əliyev Alişan Mayor Aqşin İbadovu 2016-cı ildə Gədəbəydə hərbi xədmətdə olarkən tanımışam. Necə bir zabit olmağı, insanlarla necə davranmağı, dostluğu Mayor İbadovdan öyrəndim. Mənim müəllimim o oldu. İlk dəfə Mayor İbadovla görüşdüyümüzdə iki əl ilə görüşəndə icazə vermədi, dedi: “Yalnız öz böyüyün ilə bu cür görüşə bilərsən”. Onun kimi savadlı zabit görməmişdim. Azərbaycan Silahlı Qüvvələrində savadlı zabit çoxdur, amma Mayor Aqşin İbadov kimisi qarşıma çıxmayıb. Tək savad məsələsində deyil, hər bir məsələdə çox dəqiq idi. Psixologiyadan tutmuş hərb eliminin dərinliklərinə kimi dəqiqliklə bilirdi. Heç bir insanın xətrinə dəymədən tapşırıq verə bilir və yerinə yetirməyi tələb edə bilirdi. O hərbi hissədə xidmət müddətim başa çatdıqdan sonra mən xidmət yerimi dəyişərək Əlahiddə Ümumi Qoşunda xidmət etməyə başladım. Orada xidmət etməyimə baxmayaraq tez-tez telefonla danışırdıq və məzuniyyətə gələndə görüşürüdük. Mayor İbadov Türkiyə Respublikasında Hərbi Akademiyaya gedib, oxuyub qayıtdıqdan sonra Azərbaycan Respublikasının işğal olunmuş torpaqları uğrunda vətən müharibəsi başladı. Biz hələ də bu döyüşlərə qatılmamışdıq. Amma artıq onlar döyüşlərdə idilər. Bir müddət sonra biz də döyüşlərə qatıldıq. 1 həftə sonra onunla qarşılaşdım. Çox böyük bir sevinc hissi yaşayırdım ki, onunla birgə bir döyüş yolu keçəcəyəm. Biz axşam döyüş tapşırığı alanda mayor İbadova elə bir tapşırıq verildi ki, o, bizdən daha rahat bir yerdə olacaqdı. Amma onun vətən sevgisi, qeyrəti buna imkan vermədi. O, bizimlə birgə kəşfiyyat bölümü ilə döyüşə getməyə can atırdı və buna da nail oldu. Döyüş tapşırığını yerinə yetirmək üçün yola düşdük. Dəfələrlə mühasirəyə düşdük. O cür mülayim, səmimi bir insanın düşmənə qarşı necə sərt olduğunu və necə qan uddurduğunu görəndə insana çox qəribə gəlirdi. Öz gözlərimlə görürdüm ki, düşmən səngərinin yaxınlığına gedərək, səngərin üstünə çıxaraq birbaşa döyüşürdü onlarla. Bir neçə mühasirədən bu cür şücaətlə çıxa bildik. Daha sonra verilmiş yeni bir tapşırığı yerinə yetirmək üçün hərəkətə başladıq. Bu tapşırıq çox önəmli idi. Bu tapşırığı uğurla yerinə yetirsəydik, Şuşa və Xankəndinə yol açılırdı. Bu tapşırığın rəhbəri Mayor İbadov Aqşin idi. Onun verdiyi düzgün qərarlar nəticəsində bir nəfər belə itki vermədən düşmənin 50 nəfərdən çox canlı qüvvəsi qarşımızda tab gətirə bilməyib qaçdılar. Döyüşdən sonra şəxsi heyətin istirahəti üçün də vaxt ayırırdı. Mühafizələri elə bir yerdə yerləşdirirdi ki, düşmən hücuma keçmək istəyəndə dərhal qarşısı alınırdı. Sonuncu tapşırığı yerinə yetirməmişdən qabaq artıq 5 gün idi ki, susuz və ac idik. Axşam mən növbədə olduğum üçün öz “buşlat”ını (üst geyim) mənə verdi. Dedi: “Buşlatın içində əmanət var, onu qoru”. Baxdım ki, buşlatının cibində su saxlayır. Səhərə qədər düşündüm ki, 5 gündür artıq susuzuq və bu qədər dağ-təpə yol gəlmişik. Nəyə görə suyu içməyib?. Səhər açılanda soruşdum ki, bəs bu suyu niyə içməmisiz? Dedi ki, “O, halı pisləşən, yaralı olanlar üçündür”. Suyu cibində saxlayıb içməmək çox böyük iradə tələb edir. Döyüş boyu hamı Allahdan su içib sonra ölmələrini dua edirdilər, amma Mayor İbadov öz suyunu yaralılar üçün saxlayırdı. Bəlkə də, bu sizə çox asan gələ bilər, amma 5 gün dayanmadan döyüş tapşırığı yerinə yetirib, dağ, dərə, təpə qaçaraq çıxmaq, düşmək necə çətin bir şey olduğunu ancaq yaşayanlar bilər. Bunu sözlə ifadə etmək olmur. Və bu yorğunluğun qarşısında öz su payını başqası üçün saxlamaq, həqiqətən də, əzm tələb edir. Mayor İbadov Aqşin bu qədər düşüncəli, bu qədər öngörən insan idi. Növbəti döyüş tapşırığı yerinə yetirərkən düşmənin minamyot atışları başladı. Dəqiq atışlar nəticəsində minamyotlardan biri Mayor İbadovun düz yanına düşdü... O əvəzolunmaz komandir şəhadətə qovuşdu. Şəhidliyindən 2 gün qabaq qızına məktub yazdığını xatırladım. Biz Mayor İbadovun nəşini döyüş meyadanından çıxartdıq. Düşünürdüm ki, o məktub hansısa cibində olmalıdır. Şükür Allaha ki, o məktubu sahibinə çatdırıblar. Mayor İbadov telefona qeydiyyat aparmağı xoşlayırdı. O, qeydiyyatlarının birində yazmışdı ki, şəhadətə könül rahatlığı ilə və sevinclə addımlamağa hazıram. Doğrudur, o, həqiqətən də, şəhadətə sevinclə addımladı, ancaq bizlər onu itirməyə hazır deyildik. Mən Aqşinin bir dostu kimi ona qocalmağı, hər hansı bir qəza keçirib ölməyi yaraşdırmazdım. O, elə bu şəhadət zirvəsinə layiq idi və bu da qismət oldu. Həqiqətən, mən artıq qəbullanmışam, bu dünya bir yuxudur və insanlar dünyasını dəyişəndə, şəhadətə qovuşanda bu yuxudan oyanır. İnşallah, biz də Aqşinlə görüşmə ümidi ilə yaşayırıq. O, hər zaman vətənini, millətini, xalqını daha böyük yerlərdə görmək istəyib və hər zaman xeyir işlər görməkdə tələsib. Hər zaman mağazaya girib nəsə alanda mağazadan aldığı ərzaqlara görə qəbz tələb edərdi. Bunun səbəbin soruşanda deyərdi ki, dövlətimin maliyyə resurslarının inkişafi üçün edirəm. Onun yanında olmaq hər gün yeni bir şey öyrənmək demək idi. Mən yaralananda ilk onu axtarmışdım Qazi – Orxan Almasov 2011-2012-ci illərdə kəşfiyyat bölük komandirim olan Aqşin İbadovun şəhid olduğuna hələ də inana bilmirəm. O, bu dünyadan deyildi, bacarığı, insanlığı, xasiyyəti ilə hər kəsdən seçilirdi. O, fərqli zabit idi. Vətəni sevən zabit deyəndə illər keçməsinə baxmayaraq ilk Aqşin gəlir ağlıma. O, xəstə halıyla Murovun hər qarışın gəzən adam idi. 39 dərəcə qızdırma ilə dağlarda-postlarda gəzərdi. Öz əsgəri üçün cibinin pulunu xərcləyən zabit idi. Heç bir əsgərin valideyni deyə bilməz ki, bu komandirə pul vermişəm. Bizə Vətəni sevməyi, insanlığı öyrədərdi. Əsl kəşfiyyatçı necə olmalıdır, ondan öyrənərdik. Elə vaxt olardı, məni patrul seçərdi. İçimdə etiraz edərdim, o hiss edərdi və mənə deyərdi ki, “Sənə güvəndiyim üçün səni seçirəm”. Kaş ki zaman geriyə qayıtsa, o, yenə mənim komandirim ola, onun verdiyi patrula günlərlə çıxmağa razıyam. Öz əsgərlərinə qayğı göstərərdi. Doğum günlərini yadda saxlayıb onları təbrik edərdi. Bu qədər diqqətli və qayğıkeş bir insan idi. Mən yaralananda ilk onu axtarmışdım. Əslində, elə onun öyrətdikləri sayəsində sağ qala bildim. O günləri yada saldıqca ağlamamaq mümkün deyil. Aqşin elə bir insan idi ki, onu anlatmaqda acizəm. Bilirəm ki, cənnətdədir. Bir gün ora düşəsi olsam, görmək istədiyim ilk şəxs Aqşindir. Onu yaşadığım müddətcə heç vaxt unutmayacağam. Mənə öz cibindən pul da verdi Əsgəri - Qismət Mehtiyev Aqşinlə mən qardaş kimi idik. Yəni işdə komandirim, kənarda isə qardaşım idi. 2017-ci ilin avqustunda məzuniyyətə getməli idim. İbadov Aqşin həmin vaxt işdə deyildi, gəlməyini gözlədim. Axşam oldu, gəldi, gördü ki, getməmişəm, dedi, “Gözlə, gəlirəm”. Gedib mənə yemək aldı, gəldi. Dedi: “Rahat yeməyini ye, narahat olma, mən səni gecə də olsa, göndərəcəyəm”. Soruşdu ki, “Pulun var getməyə”? Çıxartdım cibimdəki pulu göstərdim, güldü, zarafata salıb dedi ki, “Sən bu pulla heç 1 dayanacaq da gedə bilməzsən”. Mənə öz cibindən pul da verdi. Götürmək istəməsəm də, məcbur etdi və məni taksiylə yola saldı. Aqşin belə oğul idi, onun haqqı ödənməz. Daim qəlbimizdə yaşayacaq bir komandir… Azərbaycan bayrağı harada dalğalanırsa, oradayam Sinif yoldaşı və dostu - Xadim Hüseynov Biz Aqşinlə 11 illik sinif yoldaşı, yaxın qonşu və dost olmuşuq. Aqşin yüksək mənəviyyatlı, intizamlı, təmkinli və eyni zamanda sadiq insan idi. Deyərdim ki, məhz onun bu sadiqliyi idi ki, nə qədər gec-gec görüşsək də, aramızdakı səmimilik, dostluq heç vaxt azalmırdı. Mütəmadi əlaqə saxlayardıq. Mən ondan hər dəfə, "Aqşin, necəsən, haradasan?", soruşanda o mənə, -"Azərbaycan bayrağı harada dalğalanırsa, oradayam",- deyərdi. Düzü, mən hər zaman Aqşinin işindən dolayı daha çox onun mənimlə əlaqə saxlamasını gözləyərdim. Elə son peşimanlığım da müharibə zamanı təhlükəsizlik baxımından, çox istəsəm də, onunla danışa bilməməyim oldu. Həm onun işi, həm öz işimdən dolayı çox tez-tez görüşə bilmirdik. Lakin nə vaxtsa bir yerdə rayonda olurduqsa, bu fürsəti mütləq dəyərləndirib görüşərdik. Aqşin çox zəngin mütailəsi olan, dünyagörüşlü, savadlı insan idi. Onunla görüşərkən müxtəlif məsələlər barədə müzakirələr aparardıq. Bu, mənə çox xoş təsir bağışlayardı. Çünki onun hər mövzuya özünəməxsus yanaşma tərzi var idi. Son danışıqlarımızdan biri də 20 sentyabrda olmuşdu. Aqşin mənə “Neftçilər günü” münasibəti ilə xoş arzular dolu səs yazısı göndərib, təbrik etmişdi. Hansı ki, bu səs yazısı mənim üçun Aqşindən qalan dəyərli xatirələrdən biridir. Müharibə ərəfələrində mən ona özündən muğayat olmasını tapşırdım. O da hər zamankı kimi, -"Narahat olma, qardaş, Vətən sağ olsun",- dedi. "Vətən sağ olsun" ifadəsi heç vaxt Aqşinin dilindən düşməzdi. Bu, onun vətənə, xalqına dərin bağlılığından irəli gəlirdi. O, vətənə təkcə cəbhədə xidmət etmirdi, sanki onun bütün niyyəti, məqsədi, dönməz iradəsi xalqına, vətənin mənafeyinə xidmət edirdi. Düşünürəm ki, Aqşini şəhidlik zirvəsinə ucaldan onun bu dərin vətənpərvərlik hissi və bir an da olsa, tərəddüd etmədən amalına doğru əzmlə getməsi idi. Müharibə başlayanda onunla bağlı ürəyimdə narahatlıq var idi. Çünki bilirdim, müharibə başlayıbsa, deməli, Aqşin ön cəbhədədir. Düzdür, hər nə qədər müharibə şəraitində hərbiçilərimizdən hər an hər cür xəbər alacağımıza hazır olsaq da, Aqşinin şəhid olması xəbəri məni dərindən sarsıtdı və mən başa düşdüm ki, dəyərli bir dost itirdim. Aqşin və eyni zamanda bütün şəhidlərimiz hər zaman qəlbimizdədir. Biz onlarla qürur duyuruq. Mən illərdir, bu günü gözlədim Sinif yoldaşı - Ceyhun Ələmov Aqşin çox sakit təbiətli bir insan idi. Təmiz, dürüst, halal insan idi. Gözəl xasiyyətləri çox idi. Ən əsası kiminsə qəlbinə toxunan deyildi. Məktəbdə dərsə daha çox diqqət ayırırdı. Mən ona nisbətən çox zəif oxuyurdum. Dərslərlə bağlı həmişə dəstək olurdu, bilmədiklərimi ondan soruşurdum və o da gözəl şəkildə izah edib, öyrədərdi. Aqşinin vətənpərvər olmağı məktəb illərindən bəlli idi. Biz orta məktəbi bitirdikdə verdiyim bir suala gözəl formada cavabı ilə bir daha bunu sübut etdi və illər sonra da həmin sualın cavabını şəhadəti ilə verdi. Aqşin həmin vaxt qəbul imtahanlarında fərqli və gözəl nəticə əldə etmişdi. Ona sual verdim ki, “Bu boyda nəticə ilə niyə bəs Ali Hərbi Məktəbə? Bu cür nəticə ilə istənilən ixtisasa yiyələnə bilərdin”. Gözəl cavab verdi: "Mən illərdir, bu günü gözlədim ki, hərbiçi olum. Torpağımı müdafiə edim. Şərəfsiz düşmənləri yurdumuzdan təmizləyim”. Özüm də bir müddət hərbiçi kimi işlədim. Çətinliyim olanda Aqşinə zəng vurardım. Deyirdi, “Bir müddət xidmət et, sonra "perovod" gələrsən bizim hərbi hissəyə. Hər şey yaxşı olacaq”. Aqşin kimi insanları itirmək çox çətindir. Hələ də inana bilmirəm. Hamı bu müəmmadan danışırdı Uşaqlıq dostu - Namik Əlizadə Aqşinlə həm sinif yoldaşı, həm yaxın dost olmuşuq. Həmişə əlaqəmiz olub. Hər məzuniyyətə gələndə görüşürdük. Mən xidmətdə olanda bizim hərbi hissə cəbhə bölgəsində idi. Silah anbarımız meşənin içində yerləşirdi. Əsgərlər silah anbarına posta çıxırdılar. Posta gedən əsgərlər hər dəfə gəlib deyirdilər ki, gecə ilə bizə kimlərsə daş atır, sanki bizimlə oyun oynayırlar. Hər dəfə posta gedənlər belə sözlər danışırdı. Hətta bəzən atılan daşlar hansısa əsgərin başına dəyirdi. Bu müəmmanı heç kim tapa bilmirdi. Mən hərbi xidməti bitirənə qədər bu iş təkrarlanır və heç kim bir çözüm yolu tapa bilmirdi. İllər sonra Aqşin məzuniyətdə olanda çayxanada oturub söhbət edirdik. Bəlli oldu ki, Aqşin mənim əsgərlik etdiyim yerdə bir müddət xidmət edib. Ona danışdım ki, mən xidmətdə olanda həmin hərbi hissədə belə bir müəmmalı hadisə baş verirdi. Aqşin bərkdən gülməyə başladı. Bildim ki, onun da xəbəri var. Sonra özü başladı danışmağa. Dedi: "O hərbi hissəyə düşəndə hamı bu müəmmadan danışırdı. Nəhayət, həmin meşədə pusqu qurdum. Silah anbarının ətrafını dörd tərəfdən gizlincə qorumağa başladıq. Qurduğumuz torlarla iki maskalı şəxsi yaxaladıq, əl-qolunu bağlayıb, gecə ilə hərbi hissəyə apardıq. Tutduğumuz bu şəxslər tamamən maskalanmışdı və heç bir söz danışmırdılar. Biz hərbi hissəyə çatanda qərargaha zəng gəldi ki, bu şəxsləri buraxın. Məlum oldu ki, bunlar bizim "Yaşmanın uşaqları"dır, vertolyotla gəlib meşələrdə gecə tapşırıqlarına çıxırlar". Aqşinin bunun kimi yüzlərlə gizli tapşırıqları olub ki, heç vaxt bu haqda danışmazdı. Mənə danışdığı bu maraqlı söhbəti ona görə danışdım, gənc nəsil bilsin ki, Aqşin o vaxt, hətta kimliyindən xəbərsiz olduğu, özündən təcrübəli kəşfiyyatçılarımızı belə pusquya salıb tutan bir qəhrəman idi. Aqşinin o vaxt zabit olaraq təzə xidmətə başlamasına baxmayaraq onun bu cür fövqəladə bacarıq və istedadları onu tutduğu bu yolda günbəgün yüksək zirvələrə ucaldırdı. Onunla bağlı çox xoş xatirələrimiz var. Onun kimi bir insanın dostu olmaq, həqiqətən, çox qürurvericidir. Onun qədər hərbiçi olmağı arzulayan digər bir insan görmədim Sinif yoldaşı – Hacı Ruslan Bağırov Aqşinlə bir sinifdə oxumuşam. Onunla olan xatirələrim çoxdur. Sinfimizdə əlaçı uşaqlardan biri idi. Bundan başqa öz qeyri-adiliyi ilə həmişə fərqlənərdi. Tədris tərəfdən yanaşsaq, dəqiq elmlərlə maraqlarımız üst-üstə düşdüyü üçün həmişə bir yerdə müzakirələr aparardıq. O vaxtlar (indi bilmirəm) Ali Hərbi Məktəbə qəbul olunmaq üçün şagirdin tələb olunan bilik səviyyəsi digər ali məktəblərə qəbul olmaq üçün olan tələbdən nisbətən az idi. Aqşinin bilik səviyyəsi, təbii ki, istənilən ali məktəbə qəbul olmağa imkan verirdi. Lakin o, həmişə Ali Hərbi Məktəbi özünə seçim etmişdi. Mən həmişə ona deyirdim ki, sən də bizimlə digər bir ali məktəbə imtahan ver. Amma o, həmişə hərbiçi olmağı arzulayırdı və qəti şəkildə Ali Hərbi Məktəbə qəbul olacağını deyirdi və elə də etdi. Mən onun qədər hərbiçi olmağı arzulayan digər bir insan görmədim. Sən demə, Aqşinin qisməti ən uca məqam, şəhidlik məqamı imiş. Aqşinin kiminləsə küsülü qalması, konfliktdə olmasını heç vaxt görməmişəm. Çox təmkinli, səbirli insan idi. Yoldaşlığı, dostluğu digərlərinə nümunə olmalıdır. O, öz həyatını Vətənin keşiyində durmağa, canını Vətənə fəda etməyə yönləndirmişdi. Onun şəhidlik xəbəri bütün Aqşini sevənlər kimi məni də çox sarsıtdı. Onun kimi bir Vətən oğlunu, bir dostu itirmək olduqca mənə ağır idi. Şəhidlik məqamı kimi bir uca məqam məhz Aqşinə layiqdir. Allah Rəhmət etsin! Nə vaxt onu axtarsaydıq, kitabxanada tapardıq. Sinif və kursant yoldaşı - Elşad Abdullayev Aqşinin ən özünəməxsus xüsusiyyəti onun dürüstlüyü idi. Heç vaxt yalanı sevməzdi. Dostluqda, yoldaşlıqda da səmimi idi. Biz birlikdə həm sinif yoldaşı olmuşuq, həm də kursant yoldaşı. Hərbi məktəbə də birlikdə getmişik. Onu etiraf edim ki, onda olan vətənpərvərlik hissi hamımızdan üstün idi. Vətən onun üçün hər şeydən dəyərli idi. Son dəfə tətilə gəlmişdi kənddə görüşdük, digər bir sinif yoldaşımız da bizimlə idi, çay içdik, xeyli söhbət etdik. Aqşin xidmətdən danışırdı, öz əsgərlərindən, onlarla münasibətindən və s. Biz bilirdik, o, kəşfiyyatçıdır. Ondan düşmən tərəfə keçməyi, oralarda nələri gördüyünü soruşduqda söhbəti ustalıqla dəyişərdi, hərbi sirri heç vaxt verməzdi. Baxmayaraq ki, onun ən yaxın dostları idik... Kursant vaxtlarında biz Boladi kəndindən olan uşaqlar boş vaxtlarda həmişə birlikdə olardıq. Boş vaxtlarımızı birlikdə keçirərdik. Aqşin isə bizə qatılmırdı, boş vaxtlarını hərbi məktəbin kitabxanasında keçirərdi. Nə vaxt onu axtarsaydıq, kitabxanada tapardıq. Aqşin Azərbaycan ordusu üçün çox böyük itki oldu. Həqiqətən, o, “general” rütbəsinə rahat qalxa biləcək bir zabit idi. Biliyi, savadı, potensialı buna imkan verirdi ki, ən üstün vəzifələrə yiyələnsin. Türkiyədə Hərbi Akademiyanı oxumaq hər zabitə nəsib olmur və hər zabit də o Akademiyada oxuya bilmir. Aqşin bu nailiyyəti ilə özünə hərbi karyerasında geniş üfüqlər açmışdı. Onun parlaq gələcəyi bundan sonra başlayacaqdı... Aqşingilin yanına çatanda sağ tərəfimə “minamyot” düşdü... Cəbhə yoldaşı – Zeynalov Təbriz Eyvaz oğlu Aqşini 2012-ci ildən tanıyıram. O vaxt Gülüstan meşəsinin dağlarında birlikdə olmuşuq. İlk komandirim o olub. Aqşin şəxsi heyətinin qədrini bilən, hər zaman özünə yaraşan şəkildə hörmətini qoruyub saxlaya bilən bir insan olub. Tabeliyində kimin olmasına baxmayaraq hər kəsə dəyər verərdi, hörmətlə yanaşardı. Ürəyi yumşaq və xoşxasiyyət bir insan idi. Çox dəyərli insan, çox yaxşı bir komandir idi. Uzun illər idi ki, biz Aqşinlə heç rastlaşmamışdıq və heç əlaqəmiz də olmamışdı. Vətən müharibəsinə gəldim, döyüşə başlayanda dedilər ki, “Sizin üstünüzdə bir kəşfiyyat mayoru komandir olacaq”. Dedim, “Olsun, fərqi yoxdur”. İki gün Aqşinlə eyni qrupda döyüşdük, amma mən bilmədim ki, bu, mənim ilk komandirim olan həmin Aqşindir. Meşənin ortasında birdən hiss etdim ki, komandir mənə tanış gəlir. Soruşdum , maraqlandım, görüm kimdir... Öyrənəndə ki o, mənim sevimli komandirim Aqşindir, çox sevindim. Həyat bizi uzun illərdir ayırmışdı, əlaqəmiz kəsilmişdi, amma qızğın döyüşün ortasında onunla yenidən görüşmək və onunla birgə döyüşmək qürurverici idi. Əvvəlki xidmətimdə mənə “iş adamı” deyə müraciət edirdi. Mənə deyirdi ki, sən gələcəkdə güclü bir iş adamı olacaqsan. Öz telefonuna da adımı “Təbriz iş adamı” kimi qeyd etmişdi. Mənim üçün onunla birgə olduğumuz xatirələr və birgə keçdiyimiz döyüş yolu unudulmazdır. Aqşinin ən çox astadan və dürüst danışmağı onun özünəməxsus davranışı idi. Əsgəri xəstələnəndə gedib öz cibindən dərmanlar alardı, özü müalicə edərdi. Öz əsgərinin qədrini bilən belə komandirlər çox azdır. Mənim üçün şərəf və fəxr oldu ki, uzun illərdən sonra Aqşinlə görüşdüm və onunla çiyin-çiyinə vuruşduq, düşmənin öhdəsindən layiqincə gəldik. Sonuncu tapşırıqlarımızı da birgə yerinə yetirdik. Bir qrup düşməni zərərsizləşdirdik və o ərazini ələ keçirib bir müddət qalası olduq. Aqşin və mənim iki hərbi qulluqçumuz birlikdə idilər. Mən dərədən gələn səsi “kontrol” edib qayıdırdım. Aqşingilin yanına çatanda sağ tərəfimə “minamyot” düşdü. Biz heç gəlişini hiss etmədik. Tam da mənim yaxınıma düşmüşdü. Ayağa qalxmağa çalışdım. Dizlərim üstə bir təhər qalxdım. Sağ gözümdən qəlpə girmişdi. Çönüb Aqşingil tərəfə baxanda gördüm ki, onlar üçü də yerə uzanıb. İbadov Aqşin, Mədətli Zulal və gizir Məmmədov Amil yerdə uzanmış vəziyyətdə idilər. İstədim, onlara tərəf hərəkət edim, amma bacarmadım, çünki ağır yaralanmışdım. Zorla da olsa, onlara tərəf süründüm. Gizirimiz yerdə yaralı halda çırpınırdı. Aqşin və Zulal artıq şəhadətə çatmışdılar. Onları o halda görmək məni çox pis sarsıtdı. Gözümdən axan qanı, görməyən gözümü belə unutmuşdum. Amil və mən ordan yaralı halda çıxsaq da, təəssüf ki, Aqşin və Zulal şəhid oldular. Ona görə heyifsilənirəm ki, kaş mən də şəhid olardım. Çox istəyirdim şəhid olmağı. Demək ki, bizim istəyimizlə deyil, Allah istəməlidir. O zirvəyə ancaq Aqşin kimi dürüst, təmiz insanlar və ən əsası Allahın sevdiyi insanlar çata bilir.

Təltiflər

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı III dərəcəli "Rəşadət" ordeni "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı III dərəcəli "Qüsursuz xidmətə görə" medalı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı II dərəcəli "Qüsursuz xidmətə görə" medalı "Vətən uğrunda" medalı (ölümündən sonra) "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

Taleh İsmayılov

Taleh İsmayılov

Gizir
Doğum: 26.11.1986 | Şəhidlik: 04.11.2020

İsmayılov Taleh Səndəl oğlu 26 noyabr 1986-cı ildə Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. 2004-cü ildə Boladi kənd 1 saylı tam orta məktəbini bitirmişdir. Hərbi komisarlığın nəzdində olan sürücülük məktəbində oxumuş və hərbi xidmətə sürücü kimi yollanmışdır. 2005-2006-cı illərdə Goranboy rayonu Goran qəsəbəsində hərbi xidməti layiqli şəkildə yerinə yetirmiş Taleh özünün 1 il 6 aylıq xidmətini Vətən üçün yetərli olmadığını, ömrünü bu yolda fəda edən digər hərbiçi yoldaşlar kimi keçirməyi düşünürdü. Xidmətdən qayıdandan sonra bir müddət Gəncə “Karamel” firmasında sürücü işlədikdən sonra Taleh öz taleyinin qərarını verdi. 2013-cü ildə Müdafiə Nazirliyinin MAXE (Müddətdən Artıq Xidmət Etmə) hazırlıq kursuna sənədlərini təqdim edir və qəbul olur. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra təyinatı üzrə hərbi hissəyə göndərilir və xidmətə başlayır. Xidməti dövründə dəfələrlə “Tərifnamə” və “Təşəkkürlər” alır. Böyük zəfərin başlanğıcı olan “Aprel döyüşləri” başladıqda Taleh həmən döyüşlərə atılır və fəal iştirakçılarından olur. Aprel döyüşlərində şəhid olan cəbhə yoldaşlarının itkisi onu çox sarsıdır. İntiqam hissi onu daim narahat edirdi. Hər an döyüşlərin yenidən başlayacağını gözləyən Taleh İkinci Vətən müharibəsi başlayan gündən böyük şövqlə döyüşlərə qatılır. Cəbrayıl, Füzuli, Hadrut rayonlarında və həmçinin ömrünün son günlərində Şuşa şəhərində də sürücüsü olduğu silah-sursat maşını ilə müstəsna xidmətləri olur. Daim ön cəbhəyə silah-sursat daşıyan Taleh 4 noyabr 2020-ci ildə Füzuli rayonu ərazisində şəhid olur. Taleh 5 noyabr 2020-ci ildə yaşadığı Boladi kəndində dəfn olunmuşdur. Ailəlidir. 3 oğul övladı var. Taleh Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və “Döyüşdə Fərqlənməyə görə” medalı ilə təltif edilmişdir Həmişə öndə olmağa, qabağa getməyə can atardı Atası - Səndəl İsmayılov Taleh öz yaşıdları ilə oturub-durmazdı, daim böyük kişilərlə yoldaşlıq edərdi, onların söhbətlərini maraqla dinləyərdi, həmişə nəsə öyrənməyə çalışardı. Son dəfə bizə gəlişini heç unutmuram, səhv etmirəmsə, sentyabrın 25-i idi. İlk olaraq məscidə getmişdi, namazını orada qılıb gəlmişdi bizə. Təqribən 1 saat qaldı, müxtəlif söhbətlər elədik. Dedi: “Bu axşam qayıdaram, səhər tezdən gərək hərbi-hissədə olum”. Həmişə belə qısa müddətli gedib-gəlirdi deyə çox da fərqinə varmadım... Şəhidliyindən sonra düşünürəm ki, Taleh müharibənin başlayacağını bilirmiş və hətta şəhid olacağını da bilirmiş. Çünki son dəfəki gəlişi, həm tez bir zamanda qayıtmağı, həm də sanki sonuncu dəfəymiş kimi danışığı, rəftarı vardı. Çıxanda da bizimlə halallaşıb çıxdı. Bizimlə bərk-bərk qucaqlaşmağı, ayrılmaq istəməməyi indiki kimi yadımdadır. İndi də onun ölümünə inanmıram, elə bilirəm, o hələ sağdır. Bəzən eşidirəm, bəzi şəhidlərin ölüm xəbəri səhv olub, evinə zəng vurub deyib, sağam. Deyirəm, bəlkə, Taleh də bir gün zəng vurub deyər, “Sağam”. Çox mübariz bir oğul idi, bir şeyi etmək istəsəydi, axıra qədər onun arxasınca gedərdi. Arzu etdiyi şeylərə nail olana qədər çalışardı. Allah da ona nəsib edərdi hər şeyi. Deyərdi ki, biz torpaqlarımızı almalıyıq, müharibəni balalarımıza miras qoymamalıyıq. Elə də oldu, Allah Talehin bu arzusunu da verdi. Torpaqları geri qaytarmaq gələcək nəsillərə qalmadı. Talehin digər bir xüsusiyyəti bu idi ki, həmişə öndə olmağa, qabağa getməyə can atardı. Evin sonbeşiyi olmasına baxmayaraq digər qardaşlarından da həmişə öndə olmağa çalışardı. Allah da onu ən öndə etdi, ona ən ali rütbəni-şəhidliyi nəsib etdi. Şəhidlikdən uca və ali məqam yoxdur. Öz namaz qılan səccadəsini mənə vermişdi Anası Nargilə xanım Taleh digər uşaqlardan çox fərqli idi. Hər cəhətdən seçilirdi. Heç vaxt aramızda narazılıq olmayıb. Nə demişəm, canla-başla edib. Heç etiraz baxışı ilə də baxmayıb mənə... Heç doymadım Talehdən, o mənim sonbeşiyim, körpəm idi. Heç onu doyunca görmədim, hərbidə işləməyə başlayandan elə gəlirdi, 1-2 gün, yaxud 1-2 saat qalıb, gedirdi. Sentyabrın 25-i bizdən ayrılanda məni bərk-bərk sıxdı bağrına, qucaqladı. Bu görüş digər görüşlərdən deyildi. Arxasıyca su atdım, yola saldım. Heç bir həftə keçməmişdi, noyabrın 4-ü zəng vurduq, zəng çatmadı, halbuki hər gün danışırdıq. Bizə dedilər: “Taleh yaralıdır, müalicə olunur”. Biraz keçdi, gördüm, həyəti bayraqlarla bəzədilər. Həmin gün mənim üçün çox dəhşətli bir gün oldu. Özümə ölüm arzulayırdım, amma... Kaş mən öləydim balamın qabağında. Talehin telefonu cavab verməyəndən bir gün qabaq gecə yuxuda görmüşdüm ki, bizim həyətimizin hamısı qızılgüllərdir, ayaq atamağa yer yoxdur. Ayağımı atıram, güllərin üstünə düşür. Ayıldım, dedim, “İlahi , bu nə yuxudur”... Amma Taleh şəhid olandan sonra heç yuxuma gəlmir. Yalvarıram, bala, heç olmasa yuxuma gəl səni görüm... Gəlmir... Məşhədə - ziyarətə getmişdi. Getməmişdən dedi, “Ana, istəyirdim səni göndərim, amma düşündüm ki, gedim, gəlim, sonra iki nəfər birlikdə gedərik”. Öz namaz qılan səccadəsini mənə vermişdi. İndi adam düşünür ki, onun bütün hərəkətləri, hədiyyələri sanki özünün şəhid olacağını bildiyi üçün idi. Öz hərbi papaqlarından birini də mənə vermişdi. O verən yadigarları hamısını gözümün önündə asmışam, baxıram ağlayıram... Yeganə təsəllimiz Talehin şəhidlik zirvəsinə ucalmasıdır. Düşünürəm ki, mən tək deyiləm, 3000-ə yaxın şəhidimiz oldu, mən də o 3000 anadan biriyəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. “Bir gün mən olmaya bilərəm” sözünü tez-tez işlədirdi Həyat yoldaşı – İsmayılova Gülay müəllimə Talehi sözlərlə ifadə etmək, onun təsvirini qurmağa, necə yoldaş, necə ata olduğunu izah etməyə sözlər, kəlmələr acizdir. Mükəmməl, mərd, qürurlu bir insan, ideal həyat yoldaşı, sevimli ata... Dostumuz, arxa-dayağımız, hərtərəfli müsbət keyfiyyətləri özündə birləşdirən bir insan... Bütün bu xüsusiyyətləri özündə cəmləyən şəxs yalnız Allahın seçilmiş, gözəl bəndələrindən biri olmalı idi. Elə ona görə də bu dünyanın pisliklərinin içində ona yer olmadı, Allah onu tez apardı yanına... Çünki onun içində hər zaman Allah qorxusu vardı, nə iş tutsa, “Allah böyükdür”, “Allah görür”, deyərdi. Səhv, haqsız əməllərdən, çirkin söhbətlərdən çəkinirdi, etdiyi hər işin günahını, savabını düşünərdi. Heç kəsin xətrinə dəyməz, qəlb incitməkdən çox çəkinərdi. Orta məktəbdə oxuyurdum, Taleh həyatıma girdi… Bir yerdə böyüdük, birlikdə gəncləşdik, həmişə də qocalığımızın xəyallarını qururdum, birlikdə qocalmaq xəyalımız xəyal olaraq qaldı... Cismi olmasa da, ruhuyla birlikdə qocalaram, Talehin bizə qurduğu cənnətinə doğru... Taleh bu dünyada cənnətim idi, indi əbədi dünyada bizə cənnəti qazandı və hər dəfə olduğu kimi yenə də ailəsi, uşaqları, canı və qanı ilə bağlı olduğu torpağı üçün canından keçdi… Talehi ilk tanıdığım vaxtlardan bu insan hamıdan, hər kəsdən fərqli idi. Dünyagörüşü, düşüncə tərzi, humanistliyi, dininə, imanına bağlılığı, Allah sevgisi və demək olar ki, hər cəhətdən fərqli bir insan idi. Düşünürəm ki, ancaq belə saf insanlar, onlara layiq olan ən gözəl ölümlə şəhidlik zirvəsinə yüksəlir. O, mənə ilk gündən söz verdi ki, bizim sevgimiz tam fərqli olacaq, əbədi - sonsuz olacaq. Mən isə gülüb deyərdim: “Nə fərqlilik ola bilər ki? Hamı necə, biz də elə, günün birində hamı kimi biz də qocalıb dünyadan köçəcəyik”. Amma indi gördüm ki, Talehin dediyi fərqli sevgi nə demək imiş... Cismən ayrı qalsaq da, ruhən sevgimiz davam edir, həm də sonsuza qədər… Həm də sevgili olanların sevgisindən çox fərqli… Taleh heç vaxt tək özünü düşünmədi, o öz həyatını yaşamırdı. Hər kəsi düşünürdü. Ehtiyacı olan hər kəsin yanında olmağa çalışırdı. Bacardığı qədər maddi, mənəvi, əlindən gələni heç kimdən əsirgəməzdi. Nə vaxt halsız olsam, darıxsam, Talehlə söhbətimizin artıq 2-ci cümləsində gülürdüm. Çünki bu insan nəinki mənə, hər kəsə pozitiv, xoş aura bəxş edirdi. Problemləri düşünüb, oturub dərd çəkməyi heç xoşlamırdı. Ürəyini Allaha vermişdi. Hər çətin anında bircə bunu deyərdi: “Allah böyükdür, inşallah, xeyirlisi”. Mən bəzən gələcək barədə narahat olurdum, sabah necə olacaq, bir az sonra necə olacaq kimi qayğılarım olurdu. O isə mənə hirslənirdi, deyirdi ki, “Bu gün yaşayırıq, sağ-salamatıq, şükr etmək lazımdır. Sabahlar, gələcək günlər Allahın əlindədir”. Talehin, demək olar ki, gələcək barədə qayğıları, narahatlığı yox idi. Bircə uşaqların ali təhsilini düşünürdü. O ali təhsil ki, o, özü həmişə arzulayıb çata bilməmişdi. Hər vəchlə çalışırdı ki, övladlarımız ali təhsil alsınlar. Tez-tez də bunu dilə gətirirdi. Nə edirdisə, hər şeyi onların təhsili üçün edirdi, onlara uyğun addım atırdı. Taleh həyatda nə arzulayırdısa, Allah onu arzusuna çatdırırdı. Özü tez-tez deyirdi ki, nə qədər şükr etsəm azdır. Maşınında, telefonunda və evdə də dini söhbətlər, dini hədislər dinləyərdi, bizə də dinlədərdi. Taleh 2013-cu ilin yanvar ayının 31-i Yaqubla Yusifin doğum günlərini qeyd etmək üçün hərbi hissədən icazə almışdı. Rayona gedirdik. Yolda dedi ki, “Mən istəyirəm, Məşhəd ziyarətinə gedim”. İlk olaraq mən də çaşıb qalmışdım ki, bu ziyarətə getmək çətindir, nə qədər müddət çəkir, bir hərbiçi üçün daha da çətin idi. Ona bunu bildirəndə cavab verdi ki, “Allah qismətimə yazıbsa, demək, olacaq”. Rayona çatandan sonra bu səfərlə bağlı bir neçə yerə zəng vurdu və bir ziyarət karvanının fevralın 3-ü çıxacağını və avtobusda yerin olduğunu öyrəndi. Biz fevralın 2-si əkiz oğlanlarımızın – Yaqubla Yusifin doğum gününü qeyd etdik. Səhəri gün Taleh Məşhəd ziyarəti üçün yola düşdü. Çox sevincli halda idi. Ziyarət müddəti 15 gün çəkdi. Biz heç Talehdən bu qədər zaman ayrı qalmamışdıq. Tez-tez zəng vururdu, harada, hansı müqəddəs yerlərdə olduğunu sevinclə danışırdı. Biz hər dəfə nə vaxt gələcəyini soruşurduq, o isə deyirdi: “Hər dəqiqə, hər an sizi düşünürəm, ağlımda, dualarımdasız, amma buradan ayrılmağı heç istəmirəm”. Deyirdi ki, bu hissləri, bu sevinci ifadə etmək olmur. Maraqlısı odur ki, mən həmin səsin, həmin sevincin tam eynisini müharibə zamanı 3 noyabrda saat 09:48-də Taleh evə zəng vurduqda eşitdim. Səsindəki xoşbəxtlik həyacanını hiss etməmək mümkün deyildi. Şuşaya girdiyini, oraların necə gözəl olduğunu sevinclə vəsf edirdi. Məşhəd ziyarətindəki sevinc ilə Şuşaya giriş sevincinin eyniliyi onu deməyə əsas verir ki, Taleh Allahı, müqəddəs məkanları necə sevirdisə, Vətənini, məxsusən, işğalda olan torpaqların alınmasını da o qədər arzulayırdı. Elə bu müqəddəs sevgisi onu şəhidliyə ucaltdı, desək, yanılmarıq. “Bir gün mən olmaya bilərəm” sözünü tez-tez işlədirdi. Sanki bizi bu günlərə hazırlayırdı. Heç vaxt uzun yaşamağı arzulamazdı. Deyirdi ki, “Bu gün varamsa, bu günə şükür”. Mən ona nəsə olacağından narahat olanda deyirdi, “Allah nə yazıbsa, odur”. Təlimlərdə olanda ona zəng çatmazdı, narahat olardım. O isə həmişə deyərdi, “Mənim işim budur, öyrəş, sən bir hərbiçi ailəsisən, buna görə hər zaman fəxr et”. 2016-ci il aprelin 1-dən 2-nə keçən gecə Taleh zəng vurdu,- “Təlimdəyik, narahat olma, evə gəlməyəcəyəm, uşaqları sənə, səni Allaha əmanət edirəm, özünüzdən muğayat olun”,- dedi. Gecə saat 2-də güclü atışma səslərinə ayıldım, əlimi telefona atıb, Talehə zəng vurdum, zəng çatmadı, daha da narahat oldum. Artıq qonşularımız da səsdən ayılıb həyətə düşmüşdülər. Bir-birlərinə “müharibə başlayıb”, “atışmadır” deyə vahiməli səslə danışırdılar. Müharibənin adı belə bizə dəhşətli gəlirdi. Əslində, bilirdim, bizi qoruyanlar var, amma elə məhz qoruyanlardan narahat idim. Sübh vaxtı saat 7-də Talehdən zəng gəldi. Çox rahat və gülə-gülə danışırdı. “Hər şey yaxşıdır, narahat olmayın”,- deyirdi həmişəki kimi. Sevincinin səbəbini bilirdim. Bilirdim ki, torpaqları geri almaq çoxdankı arzusu idi. Bu yolda atılan hər addım onu sevindirirdi. Şəhid Mübariz İbrahimov onun idealı idi. Telefonundakı iki əlində avtomat şəklini də ona bənzəmək üçün çəkdirmişdi. Hətta demişdi: “Mən şəhid olandan sonra bu şəkilləri paylaşarsan”. Taleh 44 günlük Vətən Müharibəsinin 38 günü döyüşdə oldu. Hər danışanda “Qorxma, narahat olma, uşaqlara yaxşı bax, özünüzdən muğayat olun” deyərdi. Elə danışırdı, elə bil, özü orada rahat yerdə istirahətdədir, biz narahat yerdəyik. Mən hirslənirdim ki, “Döyüşdə olan sənsən, sən bizdən ötrü niyə narahatsan, özünü düşün, özündən danış”. Deyərdi: “Mən yaxşıyam, hər şey yaxşıdır, düşmənləri iti qovan kimi qovuruq, torpaqlarımızı azad edirik, buralar çox gözəldir, qismət olsa, sizi buralara gətirərəm gəzməyə, gözəl bulaqları var buraların ” İş yoldaşlarının şəhid xəbərini eşidirdim, çox narahat olurdum, üzülürdüm. Talehlə danışırdım, narahatlığımı bildirəndə yenə həmişəki kimi bu sözləri deyirdi: “Qismətdə varsa, mən də şəhid olaram, buna hazır ol. Qorxma, kədərlənmə, başıdik gəzərsiz, heç vaxt ağlama, mənimlə fəxr edərsiz, qürur duyarsız”. Hər dəfə sözləri ilə susdururdu məni, ikinci sözümə imkan vermirdi. Hər dəfə deyirdim,- “Allaha əmanətimsən”. Deyirdi: “İnşallah, xeyirlisi”. Son dəfə gəlişi də həmişəki kimi sürpriz oldu. Noyabrın 26-sı Talehin doğum günü idi. Mən ona hədiyyə düşünmüşdüm və 26-sı günü üçün sifariş vermişdim. İçimdə bir hiss sanki mənə sifarişi tezləşdirməmi pıçıldamışdı. Mən də özüm də bilmədən hədiyyənin vaxtını dəyişib tez götürmüşdüm ki, Taleh nə vaxt gəldi verərəm. Elə oldu ki, hədiyyəni aldığım gün Taleh xəbərsiz şəkildə gəlib çıxdı. O, hər dəfə evə gələndə sürpriz edərdi, heç vaxt qabaqcadan deməzdi, gəlirəm, gəlib qapıya çatanda zəng vurardı ki, qapıdayam. Həmin an bizim, uşaqların üzündəki o sevincin həddi-hüdudu olmazdı. Yenə də eyni cür sürprizlə gəldi, biz də yenə əvvəlki kimi sevinc içində idik. Bilmirdik, bu onun bizə sonuncu sürprizi idi. Bir az şübhələnmişdim, onun bu dəfəki gəlişində, davranışlarında bir qəribəlik var idi. Elə təzəcə çatmışdı, bir az oturduq, hal-əhval tutduq, dedi: “Gedək məscidə”. Birlikdə kəndimizin Seyyid ocağı olan məscidinə getdik. Namazdan sonra çoxlu dua etdik. Onun üçün narahat olduğumu dualarımdan hiss etmişdi. Üzümə baxdı, gülümsədi: “Niyə bu qədər narahatsan? Əsas bu duanı edək ki, Allah bizə hər imtahandan üzü ağ çıxmağı nəsib etsin”. Məsciddən çıxdıq, evə qayıdarkən dedi, gedək atamgilə, onlarla da halallaşım. Getdik, onlara da baş çəkdik. Evə qayıtdıq, uşaqları qucağından yerə qoymurdu, öpürdü, qoxlayırdı. Çoxlu şəkillər çəkirdi telefonu ilə... Hər dəfə də gülərək deyirdi ki, bu şəklimə baxanda indiki gülməyimi yad edib, sən də güləcəksən. Onun üçün sifariş etdiyim hədiyyəni ona verəndə çox sevindi. Ümumiyyətlə, çox tez və ən xırda hədiyyədən belə çox şad olurdu, onu düşünməyimi bilmək ona çox xoş gəlirdi. Düşünürəm, Talehlə çox qısa bir ömür yaşadıq, amma qısa olduğu qədər də dəyərli oldu. Bir ömrə bərabər sevgimiz, bütün sevgilərdən üstün və gözəl, saf, müqəddəs və əbədi... Həm mənə, həm uşaqlara hər şeyin ən gözəlini yaşatdı. Heç vaxt, heç kəsə həsəd aparmayacaq həyat qoydu bizə... O, bizim üçün yaşadı və bizim üçün canını fəda etdi. İndi biz də onun üçün yaşayırıq, onun bizi görmək istədiyi kimi...Talehin arzuları indi bizi yaşadır. Onun ruhunu sevindirmək üçün əlimizdən gələni edəcəyik. Özünün də dediyi kimi, ruhu hər an bizimlədir. Qəlbimizdə, ağlımızda, fikirlərimizdə, hər sözümüzdə-söhbətimizdə bizimlədir. Həmişə də bizimlə olacaq. Atamın nömrəsindən zəng gələndə sevincdən uçmaq istəyirdim Oğlu - Murad İsmayılov Mənim atam dünyanın ən yaxşı, ən sevimli atası idi. O, məni, qardaşlarımı, ailəmizi çox sevirdi və biz də onu çox sevirik. Atam çox ailəcanlı və vətənpərvər idi. Atam həmişə işindən boş vaxt tapan kimi evə gəlir, zamanını bizimlə keçirir, bizim arzularımızı, istəklərimizi edirdi. Mənim atamla bağlı xatirələrim çoxdur. Qardaşlarım körpə olanda atam hara getsə, məni özü ilə aparırdı. Atam hara getsə, hər dəfə işdən gələndə mütləq mənim üçün hədiyyə, sürpriz nəsə alırdı, həmişə bizi sevindirirdi. Yadımdadır, mənə ilk dəfə velosiped alan gün mən çox sevincli idim. Atam da sevinirdi, gözlərindən o sevinci duymaq olurdu. O, həvəslə mənə sürməyi öyrətdi. Həmişə deyirdi, “Mərd olun, güclü olun və düzgün olun, ailəmizdə yalan olmasın”. Nəsə səhvim olanda bunu anama deməyə çəkinəndə atam deyirdi, mən oğluma güvənirəm, o, mənə yalan danışmaz. Mən də atamın bu sözündən utanıb heç vaxt yalan danışmazdım. İlk baxçaya getdiyim günü, məktəbə getdiyim günü xatırlayıram. Hər dəfə atam məndən də çox həyəcanlı, həvəsli olurdu. Əlimdən tutub özü aparırdı. İlk gün məni məktəbə apararkən deyirdi, “Arzumuz budur, ali məktəbə qəbul olasan, hər zaman fəxrimiz olasan”. 1-ci sinifdə oxuyurdum, bir dəfə dedim ki, “Ata, uşaqların atası hər gün onlarla məktəbə gəlir. Mən də istəyirəm, sən də hər dəfə mənimlə gələsən”. Atam dərindən “ah” çəkdi və dedi: “Oğlum, bax, onların atası evdə olur, imkanları olur, gələ bilirlər, amma mən Vətəni qoruyuram, mən hər gün hərbi hissədən çıxıb səni məktəbə aparsam, Vətənimizi kim qoruyacaq, bütün uşaqları kim qoruyar? Mən həm sizə aidəm, həm Vətənə”... O söhbətdən sonra 1 həftə keçmişdi atam məzuniyyət götürdü. Səhəri gün evdə idi və məktəbə gedəndə əlimdən tutdu, apardı, düz sinifə qədər gəldi, hətta yanımda partada da oturdu, mən çox sevindim həmin günü. Atam bizim üçün hər şeyin artığını edirdi ki, heç vaxt nədənsə ötrü kiməsə həsəd aparmayaq. Evdə olmadığı vaxtların əvəzini məzuniyyətdə olduğu müddətdə artıqlaması ilə çıxırdı. Hər dəqiqəsini, hər saatını bizimlə, bizim arzu və istəklərimizi yerinə yetirməklə keçirirdi. Mən bütün bunları illər keçdikcə başa düşdüm. Atam qardaşlarımdan nisbətən böyük olduğum üçün mənə çox vaxt dostu kimi yanaşırdı. Nəsə bir səhvim olsa, anama deyirdi ki, “Oğlumla ikimiz danışırıq, siz çıxın otaqdan”. Öyüd-nəsihəti, yaxud səhvimi mənə anamın və kiçik qardaşlarımın yanında deməzdi. Həmişə də deyirdi, “Mənim əsas məqsədim sizi oxudub, ali savadlı, xoşbəxt övlad kimi böyütməkdir”. Anamla söhbətlərində də hər zaman deyərdi ki, biz elə övlad böyütməliyik ki, elə valideyn olmalıyıq ki, övladlarımız hər zaman bizdən razı olsunlar. Gələcəyimiz barədə çox sevincli danışardı. Böyük xəyalları, arzuları vardı. Məni polis kimi görmək istəyirdi, həmişə deyirdi, “Muradım polis olacaq”. Mən də atama söz verdim ki, polis olacağam. Bundan sonra da çalışaram ki, atamın arzusunu həyata keçirdim, onun arzuladığı kimi olum. İyunun 21-i liseyə imtahana aparmışdı məni, özü də qapıda həyəcanla məni gözlədi. Çıxanda qabağıma gəldi, dedi, “Murad sənə güvənirəm, sən qəbul olacaqsan”. Və mən qəbul oldum. Atam çox sevindi, dostları ilə danışanda,-“Muradım liseydə oxuyur, arzumu həyata keçirdi, bircə ali məktəbə də qəbul olsun, lap çox sevinərəm”,- deyirdi . Bir dəfə atam maşın sürərkən ona maşın sürmək istədiyimi demişdim. O da mənə vaxtı çatanda öyrədəcəyini demişdi. Amma bu yay gözləmədiyim bir halda atam mənə maşın sürməyi öyrətdi. Maşın sürmək arzumu da yerinə yetirdi. Hər dəfə maşınla əlaqədar nəsə bir iş görəndə deyirdi, “Murad, sən də gəl, bax, öyrən”... Bir gün atam evə gələndə 3 rəngli bayrağımızı gətirmişdi. Mənə verib dedi ki, “Sənin üçün gətirmişəm. İnşallah torpaqlarımız azad olar, bu bayraqla o torpaqlara gəzməyə gedərik”. Atamla birlikdə bayrağı otağımızda asdıq. Sonra dərindən köks ötürüb belə dedi: “Ürəyimə damıb ki, bizim bu evdə sonuncu yayımızdır, növbəti xidmət yerlərim işğaldan azad olunacaq torpaqlarda olacaq. Bir gün şəhid olsam, evdə böyük oğul sənsən, qardaşların və anan sənə əmanət. Hər zaman başıdik gəzərsiz, şəhid övladı olduğunuz üçün fəxr edərsiz. Sizə güvənirəm, əminəm ki, arzuladığım kimi oğul olarsız”. Atam mənə telefon istifadə etməyə icazə vermirdi. Əslində, bir telefonum var idi, amma zəruri hallarda ondan istifadəyə icazə var idi. Həmişə arzulayırdım ki, öz şəxsi telefonum, öz nömrəm olsun, kimlərəsə zəng vurum, kimlərinsə telefonunda mənim nömrəm mənim adımla olsun, yaxud başqalarının nömrəsi mənim telefonumda olsun. Atam demişdi ki, vaxtı çatanda bunların hamısı olacaq. Bu sözündən çox müddət keçmədi. Müharibə başlamışdı. Atam tez-tez zəng vurub danışırdı bizimlə. Oktyabrın 15-i zəng vurduğunda anama dedi ki, “Murada aldığımız telefonu ver, qoy istifadə etsin”. Anam da, mən də çaşıb qalmışdıq. Həmin gün sevinə-sevinə telefonumu əlimə aldım. İlk qeyd etdiyim nömrə də elə atamın nömrəsi oldu. Döyüşdən etdiyi sonrakı zəngləri atam məhz mənim telefonuma edirdi. Elə telefonuma gələn ilk zəng də atamdan oldu. Demək olar ki, hər gün zəng vururdu. Bəzi günlər dostlarımla olanda da atam mənə zəng vururdu. Mən o bir neçə günü çox sevincli halda idim. Ən əsası da atamın nömrəsindən zəng gələndə sevincdən uçmaq istəyirdim... Atamın ömrünün son günləri olduğunu heç ağlıma gətirmirdim. Atam şəhid olandan sonra başa düşdüm ki, o şəhadət yolunda olduğunu hiss edibmiş... Mənim ondan istədiyim son arzum telefon olduğu üçün buna icazə verib ki, mən ondan narazı olmayım. Atam bütün arzularımı yerinə yetirdi. Razı olmadı ki, biz başqa uşaqlara həsədlə baxaq. Nə istəmişdim, hamısını yerinə yetirdi. Ancaq mənim ondan narazılığım bu oldu ki, daha mənim telefonuma atamın nömrəsindən zəng gəlmir... Mən bu yolu seçmişəm, axıra qədər gedəcəyəm. Bacısı - Ceyran xanım Taleh çox tərbiyəli, ədəbli, gözəl xasiyyəti olan bir qardaş olub. Mən ondan böyük olduğuma görə körpəliyində qucağımda böyüyüb. Ona sanki bir ana əvəzi olmuşam. Anamız işləyərdi, onu mən saxlayardım. Elə də çox böyük deyildim mən də...Yadıma gəlir, bir gün Talehi qucağımda saxlaya bilmədim, əlimdən düşdü. Çox ağladı, ayağı sınmışdı. Özümü çox pis hiss etmişdim, hətta ağlamışdım ki, mən səbəb olmuşam. Özümü bağışlaya bilmirdim. Sonra böyüdü, heç onun yadına gəlmirdi belə şey, amma mənim yadımdan heç çıxmırdı, indi də çıxmayıb... Çox xatirələrimiz olub. Danışmaqla qurtarmaz... O, həmişə mənim xətrimi çox istəyərdi, hər gələndə axtarardı, tez-tez zəng vurardı. Başqa kənddə olmağıma baxmayaraq məni yaddan çıxartmırdı. Mənim kiçik qızımı çox istəyirdi. Deyirdi, Fatimə mənim qızımdır. Bir bacı kimi həmişə ondan razı olmuşam. Sonuncu dəfə qohumlardan birinin toyunda birlikdə idik. Şəkil çəkdirdik bacı-qardaş. Dedim, “Hərbidən çıxsan, yaxşı olar, təhlükəli işdir, sənin ailən, uşaqların var”. Dedi: “Bacı, mən bu yolu seçmişəm, axıra qədər gedəcəyəm”. Bir gün onunla görüşməyə fürsət olsaydı, sadəcə ona bunu deyərdim ki, “Taleh biz səni çox istəyirik”. Heç vaxt gözləməzdim, ağlıma gəlməzdi ki… Qardaşı – Vüsal İsmayılov Ailədə 4 uşaq olmuşuq. Taleh bizim ən kiçiyimiz olub. Sevimlimiz, istəklimiz olub. Hörmətini saxlayan, yerini bilən bir qardaş idi. İstədiyi hər şeyə nail olar və dediyi hər bir sözün üstündə durardı. Biz ondan böyük olmuşuq deyə daim bizə hörmətlə yanaşar, böyük-kiçik münasibətlərinə diqqət edərdi. Çox yaxşı uşaq idi. Uşaqlıqdan bizim gözümüzün önündə olub həmişə. Çoxlu uşaqlıq xatirələrimiz var. Ailəlikcə xoş günlərimiz olub. Kasıblıqla böyümüşük, çətin günlərimiz də az olmayıb. Sonuncu görüşümüz ortancıl qardaşımın toyunda olub. Hamımız birlikdə idik. Sonra Taleh təzə evinə köçmüşdü deyə onların evində yığıncaq etdik. O məclisdən də çoxlu xatirə şəkillərimiz var. Səhəri gün mən Bakıya–iş yerimə gəlmişəm. Taleh də hərbi hissəyə gedib. Daha biz bir-birimizi görə bilməmişik. Amma telefonla tez-tez əlaqəmiz olurdu. Son dəfə şəhid olmamışdan 2 gün qabaq danışdıq, hal-əhval tutduq. Çox danışmaq imkanı yox idi. Heç vaxt gözləməzdim, ağlıma gəlməzdi ki, Taleh kimi bir qardaşı belə vaxtsız itirə bilərik. Onun qəlbimizdə yeri tamam başqa idi. Təkcə bizim üçün deyil, hər yerdə hörmətli, izzətli, sevilən bir oğul idi. Əslində, o özü bunu qazanmışdı. Öz səmimiyyəti, mehribanlığı ilə .. Ürəyimizdə sözümüz çoxdur. Deməklə, danışmaqla bitməz. Allah bütün şəhid qardaşlara rəhmət etsin. Ruhları şad olsun. Dostunu, qardaşını özündən üstün tutardı Qardaşı – Vüqar İsmayılov Taleh çox cəsarətli və mərd qardaş idi. Təmiz ürəkliliyi ilə hər kəsdən seçilirdi. Əlində olan sonuncu tikəsini özü ac qalsa belə, yoldaşına verən biri idi. Dostunu, qardaşını özündən üstün tutardı həmişə. Hər vaxt bir yerdə olsaydıq, əlini çiynimə qoyub deyərdi ki, sən mənim üçün tək qardaş yox, həm də ən yaxın dostsan. Mən Rusiyada olduğuma görə, son illərdə onunla canlı görüşümüz olmadı. Amma tez-tez zəngləşirdik. İki il əvvəl kənddə toyum oldu, Taleh də o vaxt hərbi hissədən birbaşa toya gəlmişdi. Qol-qanad açıb rəqs elədiyi, necə sevincli olduğu indi də gözümün önündən getmir. Müharibə başlayandan internet əlaqəsi və telefon danışıqları kəsildiyi üçün Taleh ilə danışa bilmədim. Ən son danışığımız elə müharibədən bir həftə öncə olmuşdu. O, həmişə deyirdi ki, “Sizi çox istəyirəm, özünüzdən muğayat olun, hər şey yaxşı olacaq, torpaqları işğaldan azad edib qələbəmizi qeyd edəcəyik”. Yuxularıma tez-tez gəlir, uşaqlıq illərindəki kimi əl-ələ tutub gəzirik. Bir dəfə də yuxumda mənə deyirdi: “İstəməzdim belə olsun, hələ çox xəyallarım, arzularım vardı...” Taleh təzə evinə köçdüyü gün hamımızı yığmışdı öz ətrafına, çox sevincli idi. Gülərüzü heç yadımdan çıxmır. Onun gülüşündə də bir dünya vardı, o gülüşü heç nəyə dəyişmək olmazdı. Həmən gün uşaqlıq illərindən danışdıq, ailə albomumuza baxdıq. Atamızın maşınını həyətdən qaçırıb icazəsiz sürdüyümüz günləri xatırlayıb xeyli zarafatlaşdıq. Mənə maşın sürməyi də Taleh öyrədib. Bir də Talehin uşaqlıqdan sevdiyi bir neçə yemək var idi ki, Taleh ancaq o yeməkləri nuşi-canlıqla yeyərdi. İndi hər dəfə onun nuşi-canlıqla yediyi yeməkləri öz qarşımda görəndə boğazım qəhərlənir... Belə cavan yaşda, belə tezliklə ayrılacağımızı heç ağlıma gətirməzdim. Onun yoxluğu ilə heç cür barışa bilmirəm. Hələ də inanmağım gəlmir. Bütün bu olanları eşitdiyimə, gördüyümə hələ də təəccüb edirəm. Talehin ayrılığı məni çox incitdi, ağrısı bir ömür bitməyəcək. Qardaş itkisi, həm də Taleh kimi bir qardaşın itkisi çox çətindir. Allah bütün şəhid yaxınlarına səbir versin. Övladları hər tərəfdə atalarının qoxusunu axtarır Qayınanası – İsmayılova Gülnarə müəllimə Taleh haqqında nə qədər danışsam, nə dəsəm, azdır. Bütün müsbət keyfiyyətlərin bir insanda cəmlənməsi yalnız seçilmişlərə aid olan bir fərqlilikdir. Onu tanıyanlar onun necə mehriban, səmimi, ürəyiaçıq olduğunu bilirdi. Ailəsinə bağlı, hər kəsə qarşı xoş niyyətli, dostcanlı olması onun spesifik xüsusiyyətləri idi. Həmişə özündən çox başqa insanları, ətrafındakıları düşünürdü. Ondan həmişə razı qalmışam. Sonuncu dəfə sentyabr ayında 3 günlük kəndə gəlmişdi. Uşaqlarına söz vermişdi, “Sentyabrda sizi ilk dərs günü məktəbə ata aparacaq”. Hər dəfə verdiyi sözü tuturdu. Bu dəfə də özünü çatdırdı. Uşaqları məktəbə apardı. Hər cümləsində şükür edirdi ki, uşaqlara verdiyim sözü tuta bildim. Ailəsi ilə birgə süfrədə olduğu üçün, verilən bütün nemətlər üçün şükür edirdi. 44 günlük Vətən Müharibəsində Taleh ön xətdə idi. Ona görə çox narahat idik. Biz zəng vurmurduq, özü demişdi ki, imkan olan kimi zəng vuracağam. Sonuncu dəfə ona,- “Özündən muğayat ol”,- dedim, o isə,- “Şəhid olan yoldaşlardan artıq deyiləm ki”,- demişdi. Hər dəfə uşaqlarla danışanda zarafatla deyirdim, “Atadan soruşun, görün, “şüşəni təmizləyirlərmi”? Fikrimdə Şuşanı tutmuşdum. O da uşaqlara deyirdi ki, “Deyin, şüşə azca palçıqlı qalıb, təmizlənəcək”. Ən son danışığında isə demişdi ki, “Nənəyə deyin, şüşəni təmizlədik”. Hamımız başa düşdük ki, artıq Şuşa şəhəri işğaldan azad olunub. Taleh son danışığında çox sevincli idi. Düzünü desəm, onun iş rejimini düşünəndə həmişə çox pis olurdum. Müharibənin nə vaxtsa başlayacağını ağlıma gətirmək istəmirdim. O isə hər zaman tezliklə müharibənin başlanmasını gözləyirdi.Deyirdi ki, “Müharibəni öz övladlarımıza saxlamamalıyıq. Mən razı olmaram, yaşlanıb evdə oturum, övladlarım gedib döyüşsün. Özümüz bu işi bitirməliyik”. İndi övladları hər tərəfdə atalarının qoxusunu axtarır. Onların gözlərindəki sevinc yox olub. Nəvələri belə görmək çox əzablıdır mənim üçün... Bilirəm ki, onun yeri Cənnətdir. Allah məqamını uca etsin. Yoldaşım həm mənə, həm də uşaqlara təsəlli verib deyir ki, “Taleh general rütbəsindən də üstün bir rütbə aldı. Şəhidlik ən uca zirvədir ki, ondan üstünü yoxdur”. Mən insanlarımızın cismini-canını qoruyuram, sən də ruhunu qoru. Uşaqlıq dostu – Rəsul Mahmudov Mən elə bilirdim, Talehi tanımışam, amma o, şəhid olandan sonra gördüm ki, onun mənəvi dəyərləri mən bildiyimdən də üstün idi. Biz uşaqlıq vaxtından birlikdəyik, dostluq edirik, bir sinifdə oxumuşuq. Bir neçə yerdə demişəm, uşaqlıq-gənclik illərində dostlarla birgə olanda çox istəyirdik, Talehi əsəbləşdirək, bacara bilmirdik. O qədər sakit, o qədər aram idi ki, onu əsəbləşdirmək mümkün deyil idi. Yəni Taleh bu qədər güclü insan idi. Hislərini, qəzəbini idarə edə bilirdi. Uşaqlıqdan çətinliklərlə böyüyən biri idi. Hər nə çətinliyi, sirri olardısa, mənimlə bölüşərdi. Zaman keçdikcə, böyüdükcə daha da yaxın olmuşduq. Hətta mənə deyərdi ki, doğma qardaşım qədər mənə yaxınsan. Bu sözünü heç vaxt unutmuram... Məktəbi bitirdikdən sonra mən dini təhsil almaq üçün xaricə getdim, o isə hərbi xidmətə getdi. Düzdür, bu müddətdə yaxın əlaqəmiz olmasa da, uzaqdan əlaqə saxlayırdıq. 2016-cı ildə görüşdük, bizə gəlmişdi. Oturduq, xeyli söhbət etdik. Onun belə bir ifadəsini xatırlayıram. Dedi ki, “Mən insanlarımızın cismini-canını qoruyuram, sən də ruhunu qoru”. Hər danışığında, söhbətlərində mənəviyyatı hiss etmək olurdu. Bir də Vətənə olan bağlılığı aydın şəkildə görünürdü. Bütün bunlarla yanaşı, çox saf-təmiz bir qəlbə sahib idi. Heç kimi incitmək istəməzdi. Allah əziz qardaşımıza rəhmət etsin. Kaş ki bu Aprel döyüşləri dayanmayaydı Yaxın qohumu – Könül İsmayılova Şəhidlik elə bir zirvədir ki, onu hər kəs fəth edə bilməz. Allah ən sevdiyi bəndəsini bu məqama yetişdirir. 44 günlük Vətən müharibəsində bir daha şahid olduq. Qalib olmaq üçün silaha əl atan Vətən müharibəsinin hər bir şəhidi tarix yazdı. Tarix yazan şəhidlərdən biri də Lənkəran rayonu Boladi kəndində böyüyüb boya-başa çatan Taleh İsmayılovdur. Qısa ömür yaşayan şəhidimiz mənə çox yaxın qohumlardan biri idi. Ağlıma belə gəlməzdi ki, bir gün o həyatda olmadan onun haqqında xatirələr yazacağam. Taleh, sən elə bir zirvəyə yüksəldin ki, səndən nə desəm, nə yazsam, azdır. Bütün şəhidlərimizin keçdiyi həyat yolu sanki bir-birlərini izləyir. Taleh də belə oğullardan biridir. “Öncə Vətən”,- dedi, hər şeyindən, ailəsindən, canından keçdi. Bu qəhrəman şəhidimiz qayğıkeş, sakit, təmkinli və mehriban biri idi. Nə yaxşı ki mən bu insanı yaxından tanımışam. Şəhidimizin seçdiyi yol qəhrəmanlıq yolu idi. 7 il idi ki, hərbi xidmətdə idi. Bir gün Taleh qardaşımızla yol-yoldaşı oldum. Onda şahid oldum ki, bu insan, doğurdan da, Vətən üçün doğulmuşdu. Taleh yol boyu iştirak etdiyi “Aprel döyüşləri”ndən sevə-sevə danışırdı. Düşməni necə məhv etdiklərini, onlara necə zərbələr endirdiklərindən söhbət açırdı. “Kaş ki, bu Aprel döyüşləri dayanmayaydı, biz qısa müddətdə torpaqlarımızı işğaldan azad edərdik. İndi bizim ordumuz daha güclü, daha yenilməzdir” - deyirdi. Ümumiyyətlə, Taleh evə məzuniyyətə gəldikdə də evdə qalmaq istəməzdi. Fikri-zikri xidmət etdiyi hərbi hissədə idi. Hər zaman deyirdi ki, “Mən şəhid olacağam, torpaq bizim qeyrətimiz, namusumuzdur. Bu yolda ölmək bizə şərəfdir”. Bizim bu evdən çıxan 2-ci Şəhid idi Taleh … Sultanova Ülviyyə Rahib qızı (Ağcabədi rayon Kürdlər kəndi) 2017-ci ildə tanıdıq Şəhid Talehi və ailəsini. Hərbi xidmətini Ağcabədidə davam etdirirdi. Ailəsini də yanına gətirmişdi və bu şanslı ailə biz idik ki, qalmaq üçün bizim evi seçdilər. Biz Bakıda yaşayırdıq. Evdən çıxan günü atam Talehə dedi ki, bu ev sizindir artıq. Yəni öz doğmamız kimi idilər bizə. O qədər gözəl ailəsi var idi ki... Hələ Gülayla onun sevgisi... Dillərə dastan deyərdim... Bizim evdə qaldıqları müddətdə bütün kəndin hörmətini qazandı, o qədər gözəl xatirələrlə yadda qaldı ki, Şəhid Taleh... Bakıda idim, bir “vatsap” qrupu vardı, bir müəllimə orada yazdı ki, bir dostumun yoldaşı şəhid olub, amma qız bilmir, necə deyim? Orada çox üzüldüm, amma heç inanmazdım ki, sən demə, bu şəhid Taleh imiş. Sonradan kənddən zəng gəldi, dedilər: “Sizin evdə qalan Taleh Şəhid olub”. İlk olaraq inanmadıq, daha doğrusu, inanmaq istəmədik. Bir söz var, sanki bədəndə qanımız dondu. Atama xəbər verəndə o da inanmadı, dedi: “Talehlə iki gün qabaq zəng vurub hal-əhval tutmuşdum, əsgər qardaşımı soruşmuşdu”. Atam bir neçə kənddəki dostlarına zəng vurduqdan sonra bu acı xəbərin doğru olduğuna əmin olduq. Lənkərana yas mərasiminə qatılmaq üçün yola düşdülər. Bu sözləri yazarkən belə keçirdiyim hisləri ifadə edə bilmərəm... Beləliklə, Talehin şəhid olması kəndə yayıldı, hər kəs ondan danışırdı, adı kimi taleyi də dillərə dastan oldu. O qədər gözəl qəlbli bir insan idi ki, xalam oğlunun velosipedi xarab olurmuş, gətirirmiş, həmişə Taleh düzəldirmiş, baxmayaraq işdən yorğun gəlirmiş, çox vaxt da zamanı olmurdu öz işlərini görməyə, amma ondan yardım istəyənləri heç vaxt qaytarmazdı. Bir dəfə velosipedi nə qədər çalışıbsa, düzəldə bilməyib və heç tərəddüd etmədən velosipedi maşına qoyub aparıb Hindarx qəsəbəsinə, ustaya düzəltdirib, gətirib... Bir də bunu qeyd edim, şəhid olduqdan sora kənddəki evimizə gəldik, amma evə Talehin yoldaşı Gülaysız girmədik. Gözlədik, özü gəldi, qapını özü açdı. İçəri girdiyimdə gördüyüm mənzərə məni göz yaşlarına boğdu. Evin divarında Talehin sağlığında öz əlləri ilə asdığı üçrəngli bayraq var idi. Vətən sevgisi o qədər güclü idi ki, hər işində hiss etdirirdi...Taleh haqqında çox danışmaq olar, amma ona zaman yetməz. Taleh evdən yox, eldən getdi... Bizim bu evdən çıxan 2-ci Şəhid idi Taleh … 1-ci Qarabağ müharibəsi zamanı əmim Sultanov Akif Bulud oğlu şəhid olmuşdu və Talehlə Akifi birləşdirən bir taleh yenə vardı, hər ikisi minaya düşərək şəhid olmuşdu. Çox acıdı bu sözləri yazmaq... Artıq evə gəldiyimiz zaman hər yerdə o izləri görürük… Evimizin ilk və son kirayəsi elə Talehgilin ailəsi oldu. O evdə bir ailənin, 3 şəhid övladının atası ilə bağlı əziz xatirələri var. O xatirələr toxunulmaz qalsın deyə onlardan sonra kimisə almadıq o evə. Qoy Talehin ailəsi, övladları bilsin ki, onların Ağcabədidə Kürdlər kəndində də bir evləri var. O, bütün talışların fəxridir... Cəbhə yoldaşı - Şabanov Hikmət Belə deyim, mən 2016-cı ildən Talehi tanıyırdım. Xidmətimin ilk günündən həmişə yanımda olub, dəstək olub mənə, hər şeyə köməklik edib, yol göstərirdi. Çox yaxşı münasibətimiz var idi. Ümumiyyətlə, Taleh ilə münasibəti pis olan bir hərbiçi yoldaşı yox idi. Hamı ilə canla-başla, mehribanlıqla davranardı. Çox səmimi idi. Aprel döyüşlərində birlikdə idik, birgə vuruşurduq. Çox mərd biri idi, hər şeydən başı çıxırdı. Bütün işlərimizi qabağa salırdı, sürücülərin dayağı idi, kimin nə çətinliyi olurdu, Talehi çağırırdı. Çox istəyirdim xətrini, hətta onun kimi olmağa çalışırdım. İşində mükəmməl idi. Heç yorulmazdı xidmətdən. Həmişə bir işim düşəndə dərhal yerindəcə həll edirdi, həm də təmənnasız. Heç bir qarşılıq gözləmədən edirdi. Deyərdi ki, sadəcə “sağ ol” sözü bəsimdi, heç nə lazım deyil. Mənim bildiyim Taleh tam fərqli bir insan idi. Tərxis olduqdan sonra bir müddət keçdi, onu görməyə yanına getdim. Özümdən asılı olmayaraq mülki həyatda belə Talehi görmək istəyirdim. Gözüm və qəlbim ona çox isinişmişdi. Başa düşürdüm ki, onun kimi saf, təmiz insanlara hər yerdə ehtiyac var. Nə yazıq ki, hər yerdə Taleh kimi insanlar yoxdur. 2020-ci ilin sentyabr ayında döyüşlər hələ başlamamış yazdım ona... Yenə də mənim qeydimə qalırdı, mənimlə maraqlanırdı. Tapşırdım ki, özündən muğayat olsun, möhkəm olsun. Mənə dedi: “Sən də özünə yaxşı bax”... Sonra eşitdim, şəhid olub, çox pis oldum. Şəhidlik hər adama nəsib olmur. Taleh mənim üçün bir qəhrəmandı, nəinki mənim üçün, o, bütün talışların fəxridir. O, bütün Azərbaycanın fəxridir. Onun kimi mərd, təmiz, saf birini tanıdığım üçün çox xoşbəxtəm. O, hər zaman bizim qəlbimizdə yaşayacaq. Xatirələri, xasiyyəti, insanlığı bizim həyatımızda özünü daim göstərəcək. Ölsək, vətən sağ olsun İş yoldaşı - Elmir Gəncə Talehlə Gəncədə bir yerdə “Nur” firmasında işləmişik. Çox yaxşı bir yoldaş, qardaş kimi qardaş olub. Həmişə dar günümdə yanımda olan biri idi. Təkcə şad günlərin, xoş günlərin dostu deyildi. İbadətinə çox önəm verirdi. Ailəsi üçün hər şeyi gözə alacaq biri idi. Onda olan Vətən sevgisi də tamam başqa idi. Tez-tez danışırdıq, yazışırdıq. Axırıncı dəfə onunla danışanda, “Ölsək, vətən sağ olsun”, demişdi. Döyüşlər gedən vaxt da mütəmadi zəngləşirdik. Nə vaxt zəng edirdim, deyirdi: “Hər şey yaxşı olacaq, düşmənə qan uddururuq”. Ölümündən 3 gün qabaq danışmışdım Talehlə, hərbi hissədən Bakıya nəsə aparırdı. Bir həftə sonra şəhid olduğunu eşitdim. Hamımız üçün Taleh kimi bir insanı itirmək çox çətindir. Allah rəhmət etsin. Allah ailəsinə, övladlarına kömək olsun. Bilirəm ki, onlar da Talehin adını yüksək tutacaqlar. Görsəydi ki, hansısa əsgər darıxır... Əsgəri - Maarif Taleh elə bir insan idi ki, onun haqqında yalnız gözəl sözlər demək olar. Əsgərlərini sevirdi, bayram günlərində əsgərlərinə yarım saat da olsa, vaxt ayırardı. Hər zaman öz cibinin pulu ilə əsgərlərə lazım olan hər şeyi alardı. Görsəydi ki, hansısa əsgər darıxır, telefonunu verərdi ki, ailəsi ilə danışsın. Hərtərəfli əsgərinin yanında olan bir komandir idi. Yadıma gəlir, onunla növbəyə birlikdə çıxmışdım, hava çox soyuq idi. Gəlib mənə dedi ki, “Sən get, içəridə - kazarmada qal, mən özüm buradayam”. Əvvəlcə getmək istəmədim. Çox israr etdikdən sonra getdim. Hər zaman bizləri maşın yumağa aparardı ki, darıxmayaq. Nə vaxt onunla maşın yumağa gedərdik, günümüz çox xoş keçərdi. Bir sözlə, Taleh kimi hərbiçi olmayıb, olmayacaq da... Elə ona görə də, çox böyük zirvəyə ucaldı, çünki elə onun yeri uca zirvələr idi. Qarabağı da alsaydıq, onda yaşamağa haqqımız olardı Talehin əsgəri Taleh çox gözəl qəlbli bir insan idi, yaxşı yoldaş idi. Mən onu tanıdığım üçün fəxr edirəm. Amma onun kimi gözəl qardaşı itirmək mənim üçün ağır bir dərddir. Çünki o qədər gözəl ürəyi var idi ki, pislik etməyi bacarmazdı. Onunla çox gözəl günlərimiz keçib, nə qədər yazsam da, bitməz. Aprel döyüşlərində də bir yerdə idik. Taleh öhdəliyində olan əsgərlərlə hər zaman xoş rəftar edirdi. Mən onun əsgəri olmuşam, amma bizim aramızda qardaşlıq münasibəti olub. Xidmət müddəti bitəndən sonra söz verdim ki, onunla bu münasibətim daimi olacaq. Hər zaman axtaracağam, dostluğumuzu necə lazımdır, davam etdirəcəyəm. Elə də oldu. Mülki həyata qayıdandan sonra Taleh haqqında ailəmə də danışdım, ona mənəvi borclu olduğumu dedim. Ailəmlə tanış etdim, qonağımız oldu və gözəl xasiyyətli biri olduğunu ailəmiz də gördü. Bir müddət sonra mən polisdə xidmət etməyə başladım. Demək olar ki, hər gün zəng edib danşırdıq. Köhnə günləri, birgə xidmət etdiyimiz xatirələri yad edirdik, deyirdik, gülürdük... Xidmətdə olduğumuz günlərdən elə gün olub ki, gecəni səhərə qədər ancaq onunla ikimiz söhbət etmişik, bir də baxmışıq ki, səhər açılıb. Xatırladığım sözlərindən biri bu idi ki, hər zaman deyirdi: “Bir tək Qarabağı da alsaydıq, onda yaşamağa haqqımız olardı”. Elə dediyi kimi də etdi. Qarabağı aldı, amma canını fəda etdi. Tez-tez dediyi digər bir söz də bu idi: “Vətən sağ olsun.” Çox darıxıram onun üçün... Ramin MAXE Çox yaxşı, mərifətli, tərbiyəli biri idi Taleh. Kimə nə kömək lazım olsaydı, harada və necə olmağından asılı olmayaraq dərhal köməyə tələsərdi. Son dəfə müharibə vaxtı yolda qalmışdım. Maşınımın təkəri partlamışdı. Birdən gördüm, Taleh gəlib çıxdı. Ön cəbhədən qayıdırdı. Heç ona zəng vurmamışdım, özü təsadüfən gəlib məni o vəziyyətdə gördü. Sanki Allah Talehə harada bir köməyə ehtiyacı olan var idisə, orada olmağı nəsib edirdi. Tez maşınından düşüb köməklik etməyə başladı, əslində, bütün işi özü gördü, məni qoymadı, bir iş görüm. Əslində, təkcə mənə qarşı belə deyildi, hamıya eyni davranışı sərgiləyərdi. Yəni yolda, tanımadığı bir adam da köməksiz olsaydı, düşüb köməklik edərdi. İnan, hər yadıma düşəndə çox pis oluram. Çox üzülürəm. Taleh yaşamağa layiq bir oğul idi. Çox darıxıram onun üçün... Gözəl insan, gözəl dost, hətta qardaşdan da üstün idi... İndi də Talehin xidməti maşınını hərbi hissənin həyətində görəndə özümü pis hiss edirəm... Toyunda “gəlin maşını” mənim maşınım olacaq İş yoldaşı – Leytenant Nəsibov Taleh mənim tabeliyimdə olan müddətdən artıq xidmətçi olub. Mən xidmətə gələndə Taleh artıq divizyonda idi və bütün işləri mükəmməl bilən bir hərbiçi idi. Talehdən başqa hərbi hissədəki texnikadan yaxşı başı çıxan ikinci bir adam yox idi. Mən divizyona gələndə Talehin mənə çox yardımı oldu. Təzə zabit idim, təcrübəm az idi. Ancaq Taleh sağ olsun, mənə hər şeyi öyrətdi. Təkcə hərbi ilə bağlı problemlərimi deyil, mülki problemlərimi də həll etməyə çalışardı. Yadda qalan günlərimiz çox olub onunla. Onunla iki illik xidmət dövrümüz danışmaqla bitməz... Çox mehriban, ürəyiaçıq, səmimi bir insan idi. Eyni zamanda da nizam-intizamlı, tapşırıqları məsuliyyətlə yerinə yetirən biri idi. Sonuncu dəfə şəhid olmamışdan bir gün qabaq danışdım onunla. Həmişəki kimi deyib gülürdü. Mənə deyirdi ki, sənin toyunda “gəlin maşını” mənim maşınım olacaq. Həmin vaxtı danışanda da dedi ki, “Komandir, evlənmədin ki, sənin toyunda gələk iştirak edək”. Qismət olmadı... Düzdür, şəhidlik böyük bir zirvədir. Taleh o zirvəyə yüksəldi, amma biz onun itkisinə hazır deyildik. Onun çox arzuları var idi. Xüsusən də, ailəsi ilə, övladları ilə bağlı arzuları çox idi. Taleh mənim manqa komandirim olub Əsgər - Orucov Taleh söz ilə ifadə edilə bilməyəcək qədər yaxşı və gözəl insan idi. Nur ürəkli biri idi. Fikrimcə, övladları çox xoşbəxtdirlər ki, onların Taleh kimi igid və eyni zamanda gözəl qəlbli ataları olub. Şəxsən mənim üçün çox dəyərli biri olub və hər zaman da olacaq. Allah rəhmət etsin. Şəhidlər, onsuz da, ölmür, həmişə qəlbimizdədirlər. Taleh mənim manqa komandirim olub. Heç vaxt özünü bizdən üstün tutmayıb. Dostcasına, qardaşcasına münasibətimiz olub onunla. Yenə deyirəm, oğlanları onunla fəxr etməlidirlər ki, o cür gözəl bir insanın övladlarıdırlar. Biz də hamımız onunla fəxr edirik. Dar günlərdə bildiyi, tanıdığı hamının yanında olub Gizir - Babayev Nicat Taleh çox gülərüz, çox mehriban və yaxşı yoldaş idi. Taleh ilə “N” saylı hərbi hissədə təxminən 4 il birlikdə işlədik. Çox yaxşı münasibətimiz vardı. Sonra mənim Beyləqan rayonunda olan kəşfiyyat taboruna təyinatım çıxdı, ora getdim, amma yenə də yollarımız Taleh qardaşımla ayrılmadı. Mən yenidən həmin hərbi hissənin ərazisində müşahidə üçün yollandım. Taleh ətraf ərazidə olan şəxsi heyətə biz də daxil olmaqla yemək gətirirdi və onunla tez-tez görüşürdük, çaya dəvət edib dərdləşirdik. Günlərin bir günü maşınım yanımda deyil, qardaşımda idi. Olduğumuz ərazi kənddən uzaq olduğu üçün maşın problemimiz olurdu həmişə. İcazə almışdım, əşyalarımı hazırlamışdım və evə getməli idim, amma nə ilə gedəcəyimi bilmirdim. Səhər tezdən birtəhər kəndə düşüb, oradan evə getməyi fikirləşirdim. Talehə zəng etdim, problemi dedim, o da , -“Narahat olma, səhər gəlib, özüm səni götürəcəyəm, hər şeyi yoluna qoyarıq”,- dedi. Düşünürdüm ki, Taleh həm mənim işimi həll edəcək, həm də şəxsi heyətə yeməyi çatdıracaq. O bunu necə edəcəkdi? Bir də gördüm, Taleh öz şəxsi maşını ilə bizim əraziyə daxil oldu və salamlaşmağı, təbəssümlə görüşməyi həmişəki kimi yerində idi. Sən demə, bizim yoldaşların və digər şəxsi heyətin yemək paylarını öz maşınının “baqaj”ına yığıb paylamışdı ki, gecikmə olmasın və məni də zamanında yola çatdırsın. Oturduq maşına, yola çıxdıq, yol boyu xoş söhbətimiz heç əskik olmadı. Məni yola salmağı az deyilmiş kimi, pulumun olub-olmamasına qədər soruşdu və xoş təəssüratla ayrıldıq. Talehin yoldaşlığı, əlbəttə, tək mənimlə deyil, çox insana yol-yoldaşı olub, dar günlərdə bildiyi, tanıdığı hamının yanında olub. Talehin zəhmətinin, alın tərinin, çətinliklərə tab gətirdiyi anların şahidi mənəm və başqa yoldaşlar da var. O, mən daxil bütün yoldaşlarımızın qardaşı olub. Hamı bilsin ki, Taleh kimi yoldaş çox azdır, hər ağlımıza gəldikdə canımız yanır, amma onunla fəxr etdiyimiz də, təbii ki, göz önündədir. Taleh də daxil olmaqla bütün şəhidlərimizə və qazilərimizə hər birimiz bir vətəndaş olaraq çox şey borcluyuq, bunu unutmayaq. ...Müharibə bitsin, uşaqları da götürüb sizə gələcəyik Çavuş Mirzəyev Səbuhi Şəhid qardaşım Taleh çox vətənpərvər və ailəsinə çox bağlı bir hərbi quluqçu idi. Onun yoldaşlığı və dostluğu çox gözəl idi. Onun bizim sıralarımızdan getməsi bizi çox üzdü. Taleh qardaşımız döyüş vaxtı gəlib deyərdi ki, “Az qalıb, möhkəm olun, torpaq bizimdir”. O, işğal altında olan torpaqlarmıza getməyə çox həvəsli idi... Çox söz var, nə qədər yazsam, qurtarmaz. Allah rəhmət etsin. Şəhidlik zirvəsinə ucalıb, hamımız, hətta ailəsi, övladları da fəxr etməliyik ki, şəhidlik hər adama nəsib olmur. Şəhid olmamışdan bir gün öncə danışdım onunla. O, ailəsini – övladlarını çox sevirdi, onlarla nəfəs alırdı. Deyirdi, “Komutan, müharibə bitsin, uşaqları da götürüb sizə gələcəyik”. Qismət olmadı ... Arzuları çox idi, həyatdolu bir insan idi. Onunla etdiyimiz söhbətləri tez-tez xatırlayıram. “Prado” almaq istəyirdi özünə. Oğlanlarının hərəsinə bir ev almaq fikri var idi. Çox xatirələri var... Allah rəhmət etsin. Ruhu şad olsun. 3 oğul övladı və əllərində şəhid olmuş bir qardaşın şəkilləri Emin Əliyev - Polis işçisi Mənim Gəncədə yaşayan bir yaxın qohumum Ağcəbədi rayonunun Qiyamədinli kəndində yerləşən “N” saylı hərbi hissənin divizyonunda əsgərlik xidmətində idi. Hal-hazırda xidməti başa vurub Gəncədə yaşayır. 2019-cu ilin yay ayları idi. İş ilə əlaqədar Ağdamdan Ağcabədiyə getdim. Ağcabədidə işimi tamamlayıb geri dönəndə düşündüm ki, gəlmişəm bura qədər, Qiyamədənliyə dönək, orada xidmətdə olan Nicat adlı qohumumla görüşüm. Hava qaralırdı. Saat 8-9 radələri olardı. Kəndə giriş-çıxış komendat postunun nəzarətində idi. Maşını saxladım, düşdüm, sənədləri təqdim etdim. Dedim, bəs mən divizyona getmək istəyirəm, əsgər qohumumla görüşmək üçün... Xidmətdə hərbi polis və yerli polis əməkdaşları ilə birlikdə idi. Artıq axşam olmuşdu. Polislərdən biri mənə köməklik məqsədi ilə Talehin nömrəsini verdi ki, bu nömrə ilə əlaqə saxla, sənə köməklik edəcək. Talehin kim olduğunu bilmirdim. Polislərin tanıdığına görə zənn etdim ki, divizyonda böyük bir vəzifədə çalışır. Divizyona doğru yola düşəndə həmin nömrəyə zəng vurdum. Gördüm, çox mehriban tərzdə danışır. Hətta dəfələrlə mənə dedi, “Yoldan kənara çıxma, maşının işığını hər an yandırma, ehtiyatlı ol”. Tanımadığım birinin məni tanımadığı halda bu qədər narahat olması mənə çox təsir etmişdi. Yol boyu xeyli telefonla danışa-danışa maşının işığını yandırmadan “sağa dön”, “sola dön” deyə-deyə məni olduqları posta çatdırdı. Təpə var idi, dedi, - “Təpənin yanında gözlə, əsgərə demişəm, gəlir səninlə görüşə”. Əsgər qohumum gəldi, görüşdüm, söhbətləşdik. Həm gecə, həm də təhlükəli olduğuna görə az sonra qayıdası oldum. Mənim peşmanlığım odur ki, mən Talehin üzünü görməyə-görməyə Talehi tanıdım. Talehin adını telefonuma qeyd etdim: “Taleh Qiyamədinli zabit” Həmin o Taleh ki, gecə saat 10-da ona əziyyət verdim, məni tanımaya-tanımaya mənə kömək etmişdi. Heç bilmirdim, haralıdır... Bilmirdim, rütbəsi nədir… Bircə bildiyim o idi ki, mərd biri idi. Tanımadığı birisinə doğma adamı kimi kömək edəcək bir qəlbə sahib idi. Düşünürdüm ki, əsgər qohumumu gecə o saatda icazə ilə mənim görüşümə göndərən haradasa yüksək rütbəli zabit olar... Amma yanılmışdım… Taleh şəhid olandan sonra onu daha dərindən tanıdım. Sən demə, Taleh müddətdən artıq həqiqi hərbi qulluqçu imiş... Sağlığında bir neçə dəfə telefon əlaqəmiz olmuşdu, mənə etdiyi yaxşılığı unutmamışdım. Görüşmək nəsib olmasa da, tez-tez zəng vurub hal-əhval tuturdum. Heç “vatsap”da da öz şəklini qoymamışdı ki, üzünü görüm. Sən demə, mən onun üzünü şəhidlik portretindən görəcəyəmmiş. 44 günlük müharibə başlamışdı, bir dəfə işdən evə gedəndə telefonda statuslara baxırdım, birdən gözüm Talehin paylaşdığı statusa sataşdı. 3 oğul övladı və əllərində şəhid olmuş bir qardaşın şəkilləri. Mənim nömrəm Talehdə vardı deyə, onun paylaşdıqları videoları, şəkilləri mən də görürdüm. Haradan biləydim ki, şəhid olan Talehin özüdür. Dedim, yəqin, Talehin dostlarından biridir. Axı mən Talehin üzün görməmişdim. Müharibə bitdi. Bir neçə gün sonra yenə işdən evə gedərkən Talehə zəng vurdum ki, yenə hal-əhval tutum. Görüm necədir... Zəngimə bir uşaq cavab verdikdə bir anlıq duruxdum. Dedim, “Talehin nömrəsi deyil”? Dedi,“Bəli”. Özüm də çaşıb qalmışdım, bilmədim, nə deyim... Uşaq qayıtdı ki, “Atam şəhid olub”... Sanki yer ayrıldı girdim yerə, maşını saxladım... Ağlamaqdan başqa əlim heç nəyə çatmadı... Biz şəhid olsaq da, övladlarımız müharibə görməsin Sinif rəhbəri - Mahirə müəllimə 8-ci sinifdən 11-ci sinfə Talehin sinif rəhbəri olmuşam. Çox səmimi, sakit və mehriban bir şagird idi. Bütün şagirdlərlə və müəllimlərlə dil tapardı. Heç vaxt ondan şikayət eşitmədik. Dərslərdə nisbətən zəif olsa da, tərbiyə və əxlaqi cəhətdən çox yaxşı uşaq idi. Həm də bir az utancaq, həyalı uşaq idi. Məktəbdən sonra da kəndə gələndə bəzi tədbirlərdə görüşürdük. Onun hərb sənətini seçməsi də öz istəyi ilə oldu. Çox razı idi peşəsindən. Bir dəfə Talehdən soruşdum ki, necədir, hərb işi çətin deyil ki? Dedi: "Müəllimə, çox razıyam bu işdən, həm də Vətənə xidmət emək bizim borcumuzdur. Dövlətimiz də bizə dəyər verir". Taleh "Aprel döyüşləri"ndə də iştirak etmişdi. Onun fikri bu idi ki, biz torpaqları işğaldan azad etməsək, müharibə və döyüş balalarımıza qalacaq. Bunu açıq-aşkar hər yerdə və hər kəsə deyirdi. Deyirdi ki, eybi yoxdur, biz şəhid olsaq da, övladlarımız müharibə görməsin. Talehin şəhid xəbərini eşidəndə çox pis oldum. Evdə idim, bacım zəng vurdu, xəbər verdi. İlk olaraq, inanmadım. Çünki Talehin arxa cəbhədən ön cəbhəyə silah-sursat daşıyan yük maşını sürdüyünü bilirdim. Düşündüm ki, böyük bir maşında, ola bilər, yaralansın, amma şəhid olması mənə çox uzaq ehtimal kimi gəlirdi. Sonda öyrəndim ki, maşın minaya düşüb. Bütün kənd sakinləri bu xəbərə üzüldü. Mənim üzüntüm isə daha artıq idi. Həm keçmiş şagirdimi, həm də iş yoldaşımın övladını-kürəkənini itirdik. İndi də ailə ilə münasibətlərim var. Onların dərdinə şərik olmaq hər birimizin borcudur. Heç vaxt Taleh kimi sürücü görməmişəm Cavanşir Məmmədov Mən Talehi 2005-ci ilin fevral ayında tanımışam. Əvvəllər heç yaxın münasibətim olmamışdı. Amma aprel ayının 14-də Beyləqan rayonu Bolsulu kəndində “N” saylı hərbi hissədə 58 günlük çavuş hazırlığı kursunda onun təmiz ürəyini, etibarlı olduğunu, həqiqətən, yaxın dost, qardaş deyiləcək bir insan olduğunu gördüm. Mən bu sözləri Taleh şəhid olduğu üçün yazmıram, həqiqətən, ürəyimin sözlərini səmimi şəkildə yazıram. Bizim dostluğumuza Allah və kursdakı yoldaşlar da şahiddir. Mən artilleriya divizyonunda işləyəndə həmişə bir-birimizə kömək edərdik. Taleh çox bacarıqlı bir sürücü idi. Hətta onun komandiri deyirdi ki, “Heç vaxt Taleh kimi sürücü görməmişəm”. O, işini həmişə layiqincə və xüsusi həvəslə görürdü. Boş vaxtlarımızda oturub Talehlə uzun-uzun söhbət edərdik. Onunla danışmaqdan heç vaxt yorulmazdım. Mən Talehdən danışsam, günlər, aylar belə yetməz. O, çox səmimi bir yoldaş, gözəl insan, gözəl ailə başçısı və mehriban ata idi. Allah rəhmət etsin. Bilirəm ki, cənnətdəsən. Allah bütün şəhidlərin məqamını uca etsin. Bizim övladlarımız üçün öz gələcəyindən keçdi Humay müəllimə Hər gün olduğu kimi bu gün də o qapının önündən keçirəm. O qapının ki, keçən il bu zamanlar məxsus olduğu həyətdə futbol oynayan uşaqların səs-küyü, çay süfrəsinin kənarında əyləşib, həyat yoldaşlarından gileylənən qonşu gəlinlərin gülüşü eşidilirdi... Bu il isə... Sükuta qərq olub o qapı da, o həyət də... “Şəhid Taleh haqqında xatirələrini yaza bilərsənmi”,- deyə soruşdular. Tanımadığım biri haqda yazmağım təəccüblü görünürdü ilk baxışdan. Sual o qədər qəribə gəldi ki... Necə tanımaya bilərəm mən onu? Bütün Azərbaycan tanıyır axı onu. Onu vəsf etmək üçün onunla nə vaxtsa üz-üzə gəlib-gəlmədiyimin nə önəmi var ki? Şəhiddir, vəssalam. Mənim Vətənimin, mənim yurdumun şəhidi... Mənim övladlarımın sülh dolu gələcəyinin zəmanətçisidir o... Əlbəttə, onun haqqında xatirə yazmaq çətindir, amma tanımadığımdan deyil, bir xatirəyə, sözlərə, sətirlərə sığa bilməyəcək olduğu üçün... Qonşu idik onlarla. Şəxsən tanımadım onu... Həyat yoldaşını tanıyırdım amma... Biz qonşu qadınları bir yerə yığılanda sözümüz-söhbətimiz ailə qayğılarımızdan danışmaq, həyat yoldaşlarımızdan, övladlarımızdan gileylənmək idi. Gülay isə heç zaman həyat yoldaşı Talehdən gileylənməzdi. Üzünü görmədən adını Gülayın dilindən təkrar-təkrar eşitdiyim Talehdən... Gülay danışdıqca nağıl kimi gəlirdi mənə onların sevgisi də, həyatı da. Nə gizlədim, bəzən düşünürdüm ki, bəlkə, bir az Gülay doğru demir hər şeyi... Sözün yaxşı mənasında şişirdir sevgilərini, münasibətlərini. Necə sevə-sevə çəkirdi adını... Sanki körpə uşaq əzizləyirmiş kimi... Bəlkə də, hiss edirmiş zamansız ayrılacaqlarını... Bəlkə, doymaq istəyirmiş adından... Tanıtmaq istəyirmiş sanki şəhidini öncədən insanlara... Necə sevirdi Gülay onu... Mən ondan danışanda Gülayın gözlərindəki parıltıdan hiss edirdim onun sevgisini... Sağlığında ancaq Gülaydan, şəhidlik zirvəsini fəth etdikdən sonra isə onu tanıyan hər kəsdən eşitdim, onun necə vicdanlı, xeyirxah, saf bir ürəyə sahib olduğunu. Hətta üzünü bir dəfə görən insanlar da ondan ağızdolusu sevə-sevə danışırdılar. Üzünü heç zaman görmədiyim bu qəhrəman qonşumun şəhid olduğunu eşidəndə o qədər ağlamışdım ki... Əzizini itirən biri kimi... Gülayı düşünərək, Talehin bizə əmanət qoyub getdiyi üç məsum körpə oğlunu düşünərək... Həmin gecə durmadan yazışırdıq qızlarla... Bəlkə, yalandır deyə bir-birimizə təsəlli verirdik... Bu fikirlərlə telefonu əlimdə fırlayarkən bir elan dəydi gözümə instaqramda... Astaradan Taleh adlı bir yaralı əsgər varmış, dili tutulubmuş, kim olduğunu deyə bilmirmiş... Yaxınlarını, ailəsini axtarırdılar. Mən, əslində, bilirdim, "bizim Taleh" Lənkəran rayonundandır... Amma özümü inandırmağa çalışdım ki, bu yaralı olan odur, rayonu səhv yazıblar... Düşünmədən qızlara yazdım, qızlarla məsləhətləşdim və həmin nömrəyə ismarıc yazdım... Qızlardan Talehin şəklini istədim, aldım... Tanıya bilmək üçün... İlk dəfə onda gördüm nur üzlü şəhidimin simasını... Həyəcanla ismarıcıma cavab gözləyirdim... Amma gözlədiyim cavab gəlmədi... Telefonuma gələn ismarıcda “Biz artıq əsgərin yaxınlarını tapmışıq” yazılmışdı... Ruhum üşüdü o an içimdə... Bilirdim, Gülayın xəbəri yoxdur hələ Talehinin şəhid olduğundan... “Kim deyəcək ona bu xəbəri”, “necə deyəcəklər” suallarında boğurdum özümü... Və o suallara hər dəfə başqa cavablar tapırdım, hər an başqa bir səhnə canlandırırdım gözlərimin önündə... Hamısı da biri-birindən daha dəhşətli, daha dözülməz... Bir yuxu kimi bitdi Talehin ömrü. Mən onun xarakteri haqqında heç nə deyə bilməsəm də, onun o üç balasının davranışı, tərbiyəsi, savadı hər şeyi deyir. Belə övladlar böyütmüşdü Taleh. Bu uşaqlara baxanda onun necə biri olduğu qənaətinə gəlmək çətin deyil. Bizim üçün, bizim övladlarımız üçün öz gələcəyindən keçdi. Mən bu gün Talehdən danışarkən, ondan, onun ailəsindən, övladlarından yazarkən, onların atalı ömürlərinin, Gülayın sevgisinin yarım qaldığı üçün kədər hissi keçirməyimlə bərabər fəxr və qürur hissi də keçirirəm... Fəxr edirəm ki, vətənimin belə övladları olub, var və olacaq. Bir də sağlığında onu tanıya bilmədiyim üçün içimdə dərin bir peşmanlıq var... Dedi: “Uşaqlara da deyərsən, haqlarını halal etsinlər”. Gizir Abbasov Əfqan İdris oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi xidmət edirəm. 2005-ci ilin yanvar ayında şəhid İsmayılov Talehlə Goran təlim mərkəzində birgə həqiqi hərbi xidmətdə olmuşuq. Həmin illərdə şəhid qardaşım İsmayılov Talehlə dostluğum başlayıb. Taleh xidmət yoldaşlığından əlavə, həm də mənim üçün yaxşı bir dost olub. Taleh həmişə xidmət dövründə nəinki öz yoldaşlarına, yeni gəlmiş gənc əsgərlərə də yardımçı olmağa çalışır, onların ailə problemləri ilə maraqlanırdı, ehtiyacı olan hər kəsə istər maddi, istərsə də mənəvi köməklik edirdi. Hətta onu da qeyd edim ki, biz həmin vaxt 10 manat 40 qəpik aylıq məvacib alırdıq. Əsgərlərdən birinin anası çox ağır vəziyyətdə idi, əsgər evə getməli idi. Ancaq həmin əsgərin nə getməyə pulu, nə də məzuniyyəti var idi. Taleh qardaşım bütün məsuliyyəti öz üzərinə götürərək əsgəri hamıdan gizli 2 günlük evə göndərdi və öz aylıq məvacibini və bizlərdən (dostlardan) topladığı pulu əsgərə verərək onu evlərinə yola saldı. Şəhid qardaşımız İsmayılov Taleh həmin əsgərdən çox narahat idi, fikirləşirdi ki, birdən qayıtmaz, gedər, başına nəsə iş gələr, hətta məndən xahiş etdi ki, mən öz işlətdiyim telefonu müvəqqəti olaraq gedən əsgərə verim ki, tez-tez onunla əlaqə saxlaya bilsin. Əsgər də çox sağolsun ki, Talehi pis vəziyyətdə qoymadı, dediyi vaxtda xidmətini davam etdirmək üçün geri qayıtdı. Taleh həm də döyüş maşın komandiri və şəxsi heyət üzərində seçilmiş baş əsgər idi. O, bizləri, yaxınlarını və ailəsini qorumaq bahasına canından keçdi. İkinci Qarabağ Müharibəsi zamanı sonuncu dəfə noyabr ayının 1-i Talehlə telefon əlaqəsi yaratdım və ona ehtiyatlı olmağı, bizləri və ailəsini düşünməsini xahiş etdim, amma o mənə, -“Öncə vətən”,- dedi. Dedi ki, “Mən şəhid olsam da, özüm kimi mərd, vətənini sevən 3 oğlum var. Onlar da məni daima qəlblərində yaşadacaq, mən şəhid olsam da, daima sizin və onların yanında olacağam”. Sonra sağollaşdı. Sanki şəhid olacağını əvvəlcədən bilirdi, çünki mənimlə halallaşdı və dedi: “Uşaqlara da deyərsən, haqlarını halal etsinlər”. Dedim, sağ-salamat gəl, noyabrın 26-sı doğum gününü qeyd edərik. Çox təəssüf ki, qismət olmadı, onun doğum günü hədiyyəsi kimi Allah ona şəhidlik zirvəsini nəsib etdi. 8 noyabr tarixində səhər saatlarında mən onunla yenidən telefon əlaqəsi yaratmaq istədim, amma əlaqə qura bilmədim. Həmin gün günorta saatlarında artıq bildim ki, qardaşım şəhid olub. Daha heç nə yaza bilmirəm, ürəyim ağrayır, sanki məndən bir parça ayrılıb, mən ən doğma, ən yaxınımı itirmişəm. İndi mən iki qardaşı şəhid olmuş biriyəm Dostu - İbrahimov Müslüm (Ağcabədi Rayon Kürdlər kəndi) Taleh qardaşım, Ağcabədidə hərbi hissələrin birində qulluq edirdi. 2015-ci ildən onu tanımışam və nə yaxşı ki tanımışam. Bizim dostluğumuz yaranıb. Bu dostluq heç vaxt bitməyəcək. Onun şəhid olmasına baxmayaraq daim bizimlədir, qəlbimizdədir, daim var və daim var olacaq. Bizim dostluğumuz əbədidir. Onunla keçirdiyimiz günləri daim yad edəcəyik, xatirələrimiz daim yaşayacaq. Hər axşam oynadığım nərdtaxta o gedəndən daha açılmır, üstünü toz basıb. Heç açmağa ürəyim də gəlmir. Çünki mən ancaq Taleh bizə gələndə onunla nərd oynayardım. Birlikdə deyib-gülərdik, zarafatlaşardıq. Taleh plovu çox sevərdi. Hər dəfə evimizdə plov bişəndə uşaqlar deyərdi ki, “Taleh əmini çağıraq, gəlsin”. Hər dəfə döyüşə, ya təlimə gedəndə deyərdi ki, “Ailə-uşaq sənə əmanət”. Muradı, Yaqubu, Yusifi mənə əmanət edərdi. Ailəsini, uşaqlarını çox sevərdi. İndi o uşaqları düşünəndə Taleh kimi bir atanı itirmək onlar üçün nə qədər ağırdır, çox pis oluram. Allah rəhmət etsin əziz qardaşıma. Allah ailəsinə, uşaqlarına səbir versin. Əlimizdən bir şey gəlmir... Mənim bir qardaşım 1993-cü ildə şəhid olmuşdu, Taleh də ikinci qardaşım... indi mən iki qardaşı şəhid olmuş biriyəm. Əslində, bir qürurdur, şərəfdir. Həm də çox ağırdır... Vətən sağ olsun. Əslində, əsl əmim imiş, atamın dostu, gözlərinin sevinci, bir sözlə, qardaşı imiş Dostunun qızı - Aysun Taleh İsmayılov...Bəlkə də, onu tanımayanlar üçün Vətən yolunda qurban gedən bir şəhiddir. Amma Taleh İsmayılovun kim olduğunu bilmək üçün tanımaq lazımdır, elə mənim kimi. Mən də əvvəllər sadəcə bir hərbiçi, atamın dostu bilirdim. Əslində, əsl əmim imiş, atamın dostu, gözlərinin sevinci, bir sözlə, qardaşı imiş... Atamla nərd oynayanda atamın üzündəki təbəssümü görürdüm. Hər sevincli günündə, hər kədərli günündə atamın ilk zəng vurduğu insan onun olduğunu müşahidə edirdim. Bəli, bu, çox təbiidir, çünki insan yaxşı və pis günündə ilk ollaraq öz qardaşına zəng vurar, o da öz qardaşına zəng vururdu. Onu sevən tək atam deyildi. Bütöv ailəmiz idi. Axı hər zaman yanımızda olardı. O qədər gülərüz, sakit təbiətli bir insan idi ki, insanın ən kədərli bir günü belə olsa, bir sözü ilə elə bil, həyat dəyişirdi. Ailəsinə bağlı insan idi, həqiqətən də. Övladlarının doğum günündə Ağcabədidən Lənkərana gecəylə işdən yorğun çıxmağına baxmayaraq övladlarını təbrikə gedərdi Taleh İsmayılov. Əslində, tək övladları üçun yox, həyat yoldaşı üçün, ailəsi üçün və bütün dostları üçün də edərdi bunları... Elə bizim üçün də... Mənim öz doğum günümdə də ilk təbrikə gələn də o idi. Bayramlarda, şadlıqlarda, bir sözlə, hər anımızda. Evimizin hər yerində bir xatirəsi qalıbdır şəhidimin. Elə oyunlarda da... Nərd oyununda ilk ağıla gələn cütlük atam Müslüm və əmim Taleh olardı... Bəli indi isə hər gün görmək istədiyimiz, hər gün gözlədiyimiz insan bir gün gəlməyəcək desələr belə, heç fikirləşmək də olmur... Amma oldu... 5 illik dostluq, sevincli günlər, birliyimiz–hər biri Taleh İsmayılovun o gözəl zirvəyə, şəhidliyə ucalmağı ilə sona çatdı.... Sən demə, Vətəni hər birimizdən çox sevirmiş... Ata kimi ata, həyat yoldaşı kimi həyat yoldaşı, əmi kimi əmi, dost kimi dost, insan kimi insan olan Taleh İsmayılov. Haqqında saatlarla, günlərlə danışmaq olar. Amma ona olan sevgimi, sayğımı, bəlkə də, sözlərlə ifadə edə bilmirəm. Mənim üçün o insan ölmədi, o köçəri quş idi, elə qaranquş kimi gəlib özünü sevdirib getdi, amma bir fərqi var, qaranquş qayıdacaq, amma o bir də heç zaman qayıda bilməyəcək... Üç övlad əmanət qoyub getdi dünyadan... Gözümüzdə yaş qoydun, Qəlbimizdə dağ qoydun, Bir silinməz ad qoydun, Nur üzlü Talehim, gözəl Talehim. Yad etdikcə kövrəlirəm, gözlərim dolur... Dostu - Mirdaməd Nəbiyev 2015-2017-ci illərdə Talehlə birlikdə xidmət etmişik. 2 il az olsa da, sanki biz 20 ilin dostu idik. Taleh nəinki dost, hətta qardaşdan da artıq idi mənə. Qardaşlar bəzən bir evin içində bir-biri ilə yola getmir. Biz isə 2 ilə yaxın ailə-uşaqlı bir damın altında yaşamışıq əsl qardaş kimi. Mən evdə olmayanda ailəmi Talehə, Taleh evdə olmayanda ailəsini mənə etibar edirdi. Onunla çox xatirələrimiz olub. Yad etdikcə kövrəlirəm, gözlərim dolur. Yaza bilmirəm... Ailəsinə çox bağlı idi. Hamıyla mehriban, səmimi münasibətdə olurdu. Mənimlə isə münasibəti tamam başqa idi. Əsl dostluğa, qardaşlığa sadiq bir insan idi. Heç vaxt narazılığım olmayıb ondan. O, onsuz da, heç kimin qəlbini incidən insan deyildi. Hərdən mənimlə içki içdiyimə görə mübahisə edərdi. Özü içki içməzdi, nadürüst işlərlə heç arası yox idi. Dinə bağlı idi. Həmişə istəyərdi ki, içkini tərgidim. Bunu da məni, ailəmi düşündüyü üçün edirdi. İçkili halda maşın sürməyimi biləndə çox narahat olurdu. İndi mən Taleh şəhid olan gündən içki içmirəm və söz vermişəm, heç vaxt da içməyəcəyəm. Bilirəm ki, sağlığında onu bu əməlimlə narahat edirdim. Onu da bilirəm ki, indi onun ruhu bizi görür, daim bizimlədir və mən onun ruhunu incidə bilmərəm. Ruhun şad olsun, Şəhidim. Özünüzlə qürur duyun ki, siz ən öndə döyüşürsüz Əsgəri - Zaur Quluzadə 2015-ci ildə Şəhid Talehlə eyni hərbi hissədə xidmətdə olmuşam. Divizyona təzə gələndə komandir, zabit, gizir, çavuş heyətini tanımaq bütün əsgərlər kimi məni də maraqlandırırdı. İlk günlərdən MAXE İsmayılov Taleh haqqında bütün əsgərlər xoş sözlər deyirdi. Heç bir əsgərin qəlbini qırmamaq kimi bir xüsusiyyəti var idi. Onunla bir dəfə birlikdə növbətçi düşdük. İsmayılov divizyon növbətçisi, mən isə onun köməkçisi oldum. Şəhidimizi ilk dəfə daha yaxından həmin növbətçilik müddətində tanıdım. Gənc əsgərlərə həmin divizyonda onun qədər can yandıran ikinci bir insan yox idi. Mehribanlığı qədər həm də çox qeyrətli, cəsarətli və işini bilən biri idi. Onunla ünsiyyət qurmaq da adama ləzzət edirdi, onunla danışanda sanki öz qardaşınla danışırsanmış kimi rahat olurdu. Növbətçi olduğumuzda axşam postları yoxlamağa getdiyimiz üçün iki əsgər yeməyə çata bilmədik. Taleh “yat” komandası vaxtı gələndə bizdən soruşdu ki, “Yemək yeyə bildiniz”? Biz də narahat olmasın deyə, yalandan dedik, yemişik. Sən demə, o hiss edibmiş ki, biz yeməksiz qalmışıq. Gedib bizim üçün yemək alıb, gəlmişdi. Gətirəndə bizə verdi və dedi ki, “Əsgər ac olmamalıdır, yeyin”... Bu davranışını heç unutmuram. Onun yerinə digər biri olsaydı, ən yaxşı halda deyərdi ki, gedin, özünüzə bufetdən yemək alın, yeyin. Ümumiyyətlə, Taleh çox cəsur idi. 2016-cı ilin aprel döyüşlərində də onunla bir postda döyüşmüşük. Çox vaxt susqunluğa üstünlük verərdi. Bu sözləri dəqiq yadımdadır. Əsgərləri ürəkləndirirdi, deyirdi ki, “Siz ön cəbhədəsiz, hər kəsə burada ən öndə döyüşmək nəsib olmur. Özünüzlə qürur duyun ki, siz ən öndə döyüşürsünüz”. Taleh qardaşımız həmişə yaddaşımızdadır və həmişə də olacaq. Cənubun fəxr ediləsi oğullarından biri kimi daim anılacaq, daim qəlbimizdə yaşayacaq. Ailəsinə səbir diləyirəm. Övladları da qoy ataları ilə fəxr etsinlər. Taleh İsmayılov, həqiqətən, qürur duyulacaq, fəxr ediləcək bir atadır.

Təltiflər

"Vətən uğrunda" medalı "Döyüşdə Fərqlənməyə görə" medalı

Valeh Əkbərov

Valeh Əkbərov

Əsgər
Doğum: 22.02.1996 | Şəhidlik: 11.2020

Əkbərov Valeh Asim oğlu fevral ayının 22-si 1996-cı ildə Lənkəran rayonu Boladi kəndində dünyaya göz açmışdı. Orta təhsilini Bakı şəhəri Sabunçu rayonu 148 saylı orta məktəbində almışdır. 2013-cü ildə həmin məktəbi bitirmiş, 2014-cü ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətin ilk 3 ayını Gəncədə, sonra isə Daşkəsən və Murovdağı istiqamətlərində keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra Valeh ailəsinin dolanışığı üçün müxtəlif işlərdə işləmişdir. Bakıda Dəmiryolu stansiyasında, oteldə, 28 Mall Ticarət Mərkəzində və maşın parkında mühafizəçi kimi işləmiş, sonradan İranın Ərdəbil şəhərinə iş üçün getmişdir. Bir müddət orada gül dükanında çalışmışdır. Valeh 2020-ci ilin oktyabr ayında səfərbərliklə bağlı orduya çağırılmışdır. Oktyabr-noyabr aylarında Füzuli və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Noyabr ayının ilk günlərində elə Füzuli rayonu ərazisində minamyot partlayışı nəticəsində şəhadətə qovuşmışdur. Noyabr ayının 5-i yaşadığı Boladi kəndində torpağa tapşırılmışdır. Ailəli idi, bir oğlu var. Valeh Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bir ata üçün ən xoş duyğudur övladı haqda gözəl sözlər eşitmək... Atası – Əkbərov Asim Valeh haqqında danışmaq çox çətindir. Biz mələk xasiyyətli bir övladımızı itirdik. Qol-qanadımızı itirdik. Həddindən artıq sakit təbiətli, sözəbaxan, ata-ananın qədrini bilən, hörmətini gözləyən bir uşaq idi. Elə məktəbdə də, ictimai yerlərdə də, qonşuluqda da, iş yerlərində də çox gözəl və nümunəvi davranış göstərib həmişə. Həmişə başımızı uca edib, indi daha da uca etdi. Valeh özü necə zirvəyə yüksəldisə, bizi də zirvəyə qaldırdı. İndi onunla hamı qürur duyur, biz daha çox qürur duyuruq. Həmişə deyərdi ki, “Ata, özünü darıxdırma, hər şey yaxşı olar, yaxşı işim olsun, kasıblıqdan qurtararam sizi”... Döyüş zamanı da zəng vurardı, deyərdi, “Hər şey yaxşıdır, darıxmayın”. Səsində də heç bir həyəcan, ya darıxmaq hiss etmirdik. Çox rahat idi, telefonda deyib-gülürdü, zarafat edirdi. Adam elə zənn edirdi ki, o, döyüşdən yox, istirahət mərkəzindən zəng vurur. O qədər aram və sakit idi. Mən Bakıda öz iş yerimdən başqa elə də çox yeri tanımırdım. Valeh məni çox insanlarla tanış edirdi, çox yerləri göstərirdi. Həmin günü tez-tez xatırlayıram. Məni öz iş yeri və iş yoldaşları ilə tanış etdi. Hamı Valehdən razılıq edirdi. Onun necə yaxşı bir yoldaş olduğundan danışırdılar. Bir ata üçün ən xoş duyğudur övladı haqda gözəl sözlər eşitmək. Kin-küdurəti, ayrı-seçkiliyi sevməzdi. Hər zaman bir olmağı, birləşməyi, cəm olmağı istəyərdi. Elə ailədə də süfrə başında da istəyərdi ki, hamımız birlikdə mehriban olaq. Eləcə də iş yerində iş yoldaşları da bu mehriban xasiyyətindən danışardılar. Qəlbində Allah sevgisi var idi. Son illərdə namaza başlamasına baxmayaraq onun əzəldən əyri yollara getməsi olmayıb. Siqaret, içki və başqa mənfi vərdişləri nəinki yox idi, heç vaxt xoşu gəlməzdi. Ən çox işlətdiyi sözlərdən biri “səbir elə” idi Anası – Əkbərova Xədicə Bütün övladlar analarını sevirlər, amma Valehin mənə sevgisi başqa idi. Elə mənim də ona sevgim tamam başqa idi. Onun kimi bir oğulu itirmək adamı çox yandırır. Təkcə mənə yox, hər kəsə hörmətlə yanaşardı, mülayim və nəzakətlə davaranardı. Məktəbdə oxuyanda da sinif yoldaşları, müəllimləri həmişə ondan razılıq edərdilər. Hətta Daşkəsəndə hərbi xidmətdə olanda da nümunəvi xidmətinə görə tərifnamələri gəlmişdi. Komandirləri onun xətrini çox istəyərdilər. Nə vaxt məni məyus görsə idi, ilk növbədə mənim könlümü alardı. İşdən evə gələndə ilk mənim yanıma gələrdi, hal-əhvalımı öyrənərdi, sonra gedərdi öz otağına. Hətta evli idi, uşağı da dünyaya gəlmişdi, Valeh yenə əvvəl mənim yanıma gələrdi, sonra gedərdi ailəsinin, uşağının yanına. Dinə, Qurana bağlı idi deyə öyrəndiyi məsləhətlərə riayət edirdi. Ən çox işlətdiyi sözlərdən biri “səbir elə” idi. Hər yerdə hamını səbirli olmağa çağırırdı. Biz hərdən təəccüb edirdik ki, Valeh şəhərdə sərbəst böyüyən bir uşaq idi, hər cür mühitdən olan uşaqlar var idi, amma o heç vaxt əyri yollara meyl etmədi. Biz ona nəyisə qadağa qoyaq, harasa getməyinə icazə verməməyimiz yadıma gəlmir. Özü düşünüb yaxşını-pisi görüb, ayırd edib seçirdi. Rayonda yaşamağı arzulayırdı. Deyirdi ki, Bakı çox səs-küylüdür, sakitçilik yaxşıdır. Bayrağa çox sevgisi var idi. Təqribən 5-6 il bundan qabaq Bakıdakı həyətimizdə hündür bir su çəni var idi. Valeh özü çıxdı onu rəngləməyə. Bir də baxdıq ki, Valeh o su çənini üç rəngli bayraq formasında rəngləyib. Özümüz də o vaxt onun bu sevgisinə təəccüb etmişdik. Qonşular da yadımdadır, deyirdilər, necə vətənpərvər bir oğuldur... Daha bilmədik ki, bir neçə il sonra Valeh sevdiyi o üç rəngli bayraq uğrunda canını fəda edəcək. Ən çox nigaranlığım, istəyim bu idi ki, kaş şəhid olan vaxtı onun yanında olaydım. Heç olmasa, son nəfəsində onu sinəmə sıxa biləydim... Bilmədim, oğlum necə şəhid oldu, necə canını tapşırdı, son anlarında nə istədi, kimi çağırdı, nə sözlər dedi?.. Valeh heç vaxt bizi incitmədi, bizi kasıblıqdan çıxarmaq idi bütün arzu-istəyi. Bu qısa ömrünü də elə bu məqsəd üçün yaşayırdı ki, biz yaxşı yaşayaq, başı uca gəzək, kiminsə yanında xəcalət çəkməyək. Yaşamağı, çalışmağı necə ki, bizim başımızın ucalığı üçün idi, elə ölümü-şəhidliyi ilə də bizim başımızı uca etdi. Bir sevindirici hal var ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətənimiz işğaldan azad olundu. Qorxumdan kiməsə danışmadım bu yuxunu Həyat yoldaşı – Cəmilə Əkbərova Valeh haqqında nə qədər danışsam, bitməz. Ailəcanlı, ailə dəyərlərinə çox sadiq bir həyat yoldaşı idi. Sakit və mülayim təbiətli idi. İnsan olaraq əvəzolunmaz bir insan idi. Ona həmişə deyirdim ki, sən insan simasında bir mələksən. Heç kimi incitməzdi, qəlbinə toxunmazdı heç kəsin... Ata-anasını da çox sevirdi, onların qayğısına qalardı... Heç nəyə tələsməzdi, hər bir işi səbirlə görməyi xoşlayardı. Nəsə biz bir işə tələssəydik, onun ancaq dilində bu kəlmə var idi: “Səbir elə”. Səliqə-səhmana çox fikir verirdi. Dağınıqlıq və səliqəsizlikdən heç xoşu gəlməzdi. Nəyəsə qadağa qoymazdı, amma harasa tək getməyimə icazə vermirdi. Deyirdi, “Hara gedirsənsə, anagillə, ya bacı ilə birlikdə get”. Onunla yadda qalan çox günlərimiz, çox xatirələrimiz var. Uşağın doğum günü, ad günlərimizi həmişə maraqlı və yaddaqalan keçirərdik. Ümumiyyətlə, Valehlə keçən hər gün maraqlı və şirin idi. Çox gözəl günlər yaşatdı bizə... Son telefon zəngi oktyabrın 31-i oldu. Səsində heç bir həyəcanı, qorxu hissi və ya qəmginlik hiss olunmurdu. Deyirdi, “Məndən həftələrlə zəng gəlməsə belə, narahat olma, oğluma yaxşı bax, ata-anamla həmişə sizi mehriban görmüşəm, çalışın, həmişə belə davam edin”. O, bütün bu tapşırıqları elə zarafatla, deyib-gülərək deyirdi ki, mən o vaxt fərqinə varmırdım. Bütün bunları ancaq şəhidlik xəbəri gələndən sonra xatırlamışam. Mənim doğum günümə aldığı bir hədiyyə var idi, onu yadigar saxlamışam. Ümumiyyətlə, Valehlə bağlı xatirəsi olan çoxlu dəyərli hədiyyələr var. Şəhid olmamışdan bir neçə gün qabaq yuxuda gördüm. Gördüm, çətinliklə addımlayır, sanki nəsə ağır bir yükü varmış kimi... Amma mənə heç nə yoxmuş kimi görünmək istəyir, dik durmağa çalışır... Sonda bunu dedi ki, “Cəmilə, deyəsən, bizdə alınmaz”... Yuxunun bu hissəsində ayıldım. Qorxduğum üçün kiməsə danışmadım bu yuxunu. 1-2 gün sonra yaralı xəbəri gəldi, sonra da şəhid olduğu deyildi. Dinə bağlı biri idi, namaz qılırdı, ayələri-hədisləri öyrənirdi. İnternetdən Hacı Şahinin, Hacı Ramilin söhbətlərini yükləmişdi. İşə gedəndə, işdən gələndə qulaq asardı. Ümumiyyətlə, qəlb qırmırdı bu adam, onu incitsələr də, o heç kimi incitmirdi. Onun yerinə mən narahat olurdum ki, axı niyə heç nə demirsən? Mənə də heç bir cavab vermirdi, sadəcə gülürdü, heç nə olmamış kimi davranırdı... Ən çox arzuladığı şey maşın almaq idi. Sürücülüyü də oxumuşdu. Maşın sürməyi çox xoşlayırdı. Bir də oğlumuzu oxutdurmaq, ali təhsilli görmək istəyirdi. Yeniyetmələrin, məktəblilərin əlində telefon görəndə deyirdi, “Sizin əlinizdə kitab olmalıdır, telefon yox”. Xoşlamazdı, hətta öz kiçik qardaşına da qoymurdu, telefon işlətsin. Nə qədər çətin olsa da, şəhidlik bir zirvədir. Valeh bizim üçün həmişə o zirvədə olacaq. Yeganə təsəllimiz budur ki, Valeh öz qısa və gözəl həyatına layiq bir zirvəyə ucaldı. Biz də çalışacağıq ki, onun uca adına layiq olaq. Valehlə bərabər olduğumuz o günlərimizə geri dönə biləydik Bacısı – Fidan Dadaşova Valeh çox gözəl, əvəzolunmaz bir qardaş idi. Tez-tez hədiyyələr alardı, bizi gəzməyə aparardı. Biz sevinəndə, bizi sevincli görəndə o, bizdən çox sevinərdi. Nəinki bizi, ümumiyyətlə, insanları sevindirməyi çox xoşlayardı. Anama hədsiz bağlı idi. Onun işləməyinə, əziyyət çəkməyinə heç vaxt razı olmazdı. Valeh kiçik yaşlarından işləməyə başlayırdı ki, təki anam işləməsin, əziyyət çəkməsin. Arzuları, hədəfləri böyük idi. Həyatsevərliyi onun gələcək planlarından hiss olunurdu. Deyirdi, “Hər şey yaxşı olacaq, evimizi təmir edib bitirim, bizneslə məşğul olacağam, hamınıza köməklik edəcəyəm”. Çox təəssüf, bütün arzuları ürəyində qaldı. Qardaşım haqqında danışmaq çox çətindir mənim üçün... 2020-ci ilin avqust ayı idi, Valeh kəndə gəlmişdi. Biz də həmən gecə onlara getdik. Çox dəyişmişdi. Sürücülük vəsiqəsi almışdı, çox sevinirdi. 1-2 saat birlikdə zaman keçirdik, deyib-güldük. Sonuncu görüşümüz olacağını haradan bilə bilərdim? Həmən gün Valeh mənə bir neçə dəfə təkrar-təkrar dedi ki, tez-tez gəlin, sabah da gəlin... Qapıda bizi ötürəndə, maşına minərkən yenə dedi ki, tez-tez gəlin. Bilsəydim ki, qardaşımı bir də görməyəcəyəm, onun dediyinə əməl edib tez-tez onu görməyə gələrdim. Maşının arxasınca baxmağı da heç yadımdan çıxmır... Qısa müddətdən sonra eşitdim ki, Valeh artıq cəbhəyə getmək üçün yollanıb. Döyüşdə olanda tez-tez zəng vururdu. Bir gün də yoldaşıma zəng vurub demişdi ki, “Fidanı uşaqlarla yuxumda görmüşəm, hər şey yaxşıdır, inşallah”? Bunu da heç unutmuram. Döyüşdə də bizdən nigaran qalırdı. Bir gün möcüzə olsa, onu bir neçə saatlıq görə bilsəm, nə deyəcəyimi, nə edəcəyimi bilmirəm. Kaş əvvəlki günlərimizə qayıda biləydik. Bayraq asdığımız o evimizə, su çəninə bayraq rəngi boyanmış həyətimizə, Valehlə bərabər olduğumuz o günlərimizə geri dönə biləydik. Hansı ki, o həyətdə, o evdə bir qəhrəman böyümüşdü. Vətənini canından üstün tutan bir igid böyümüşdü o evdə. Allah igid, qəhrəman qardaşıma rəhmət etsin. İnanıram ki, onun yeri gözəldir, o cənnətdədir. Çünki Valeh cənnətini bu dünyada qazanmışdı. Bütün şəhidlərin ruhu şad olsun. Vətən sağ olsun. Bir müddət sonra qardaşımdan zəng gəlmədi Qardaşı - Taleh Əkbərov Valeh çox yaxşı qardaş idi. Həmişə qayğıma qalardı, hər işdə dəstək olardı. Qardaşlıqdan əlavə sanki bir dostum idi. Çox gözəl, mülayim xasiyyəti var idi. Heç kimin xətrinə dəyməzdi, hamıya özü kimi hörmət edərdi. Ailəmizin yaxşılığı üçün çalışardı. Heç istəməzdi, atam, anam əziyyət çəksin. Həyatdolu bir insan idi. Hər il “20 Yanvar”da Şəhidlər xiyabanına getməyi unutmazdı, şəhidləri ziyarət etməyi özünə borc bilirdi. Ötən ilin "Bayraq Günü" həyat yoldaşı ilə şəhərdə olan tədbirə qatılmışdı. Bayraqlara sarılıb xeyli xatirə şəkilləri çəkdirmişdi. Ümumiyyətlə, Valeh bayrağımızı çox sevirdi. Kəndimizə çox bağlı idi. Baxmayaraq ki, biz Bakıda yaşayırdıq, məktəbə gedirdik, Valeh həmişə kəndə gəlməyi arzulayardı. Kənddəki evimizi təmir edib birdəfəlik kəndə köçməyi planlayırdı. Elə də etdi. Bakıdakı işindən çıxdı, bütün işlərini yekunlaşdırıb rayona yaşadığımız kəndə gəldilər. Sanki bir daha qayıtmayacağını bilirdi. Ailəsi ilə bərabər Bakıdan gedəndə də mənə bərk-bərk tapşırdı ki, anagildən muğayat ol. Görüşdük, ayrıldıq. Üç gün sonra mənə rayondan zəng vurdu ki, hərbi komissarlıqdayam, döyüşlər başlayıb, mən də Vətəni qorumağa gedirəm. O gündən sonra ordu sıralarına qatıldı. Tez-tez zəng edib danışardıq. Çox rahat idi, heç bir narahatlığın olmadığını deyirdi. Bir müddət sonra qardaşımdan zəng gəlmədi. Bir həftə idi ki, ondan zəng gəlmirdi. Çox narahat olmuşduq. Noyabrın 6-sı atama zəng vurdular ki, Valeh yaralıdır. Biz səhərisi kəndə gələsi olduq. Evimizə çatanda hər kəs bizdə idi. Bir gün sonra qardaşımın şəhid olduğunu öyrəndik. Həqiqətən, çox dəhşətli günlər idi. Heç vaxt Valehin yoxluğuna inana bilmirəm. Düzdür, şəhidlik çox uca zirvədir. Qürur duyuram ki, qardaşım o uca zirvəyə ucalıb. İnanıram ki, şəhidlər ölmür. Allah bütün şəhidlərə rəhmət etsin. Vətən sağ olsun. Axşam saatlarında mənə qəribə bir nömrədən zəng gəldi İş yoldaşı , ailəvi dostu – İradə xanım Valeh balamı, ilk dəfə Bakıda, işdə tanıdım, eyni yerdə işləyirdik. Çox ağıllı, təmkinli, sakit bir uşaq idi. Vətənpərvərliyi də tez-tez görünürdü. Elinə-obasına çox bağlı idi. Bakıda yaşamasına baxmayaraq kəndini çox sevirdi. Hamının Bakıya köçməyə can atdığı bir halda Valeh deyirdi ki, doğma kəndimə Lənkərana köçmək, həmişəlik orada yaşamaq istəyirəm. Onun istəyi baş tutdu, doğma torpağına, yurduna həmişəlik köçdü, amma şəhidlik kimi bir uca məqamla. Deyərdim ki, doğulduğu o torpağı şərəfləndirdi öz üç rəngli bayraq bükülmüş şəhid tabutu ilə... Vətən müharibəsi başlamamışdan 15 gün əvvəl Valeh ailəsi ilə bərabər qonağımız olmuşdu. Çoxlu zarafatlar etdik, dedik-güldük, şəkillər çəkdirdik. Nə biləydik ki, həmin gün Valehlə son görüşümüzdür?! O, çox qeyrətli oğul idi. İşdə müharibə olacağı barədə söhbət düşəndə o, hamıdan əvvəl dinib deyirdi ki, “Mən gedəcəyəm”. Elə də oldu, heç kimə xəbər vermədən çıxıb getdi. Zəng vurduq Valehə, zəng çatmadı. Yoldaşına zəng vurub danışanda bildim ki, Valeh artıq Füzulidədir-şiddətli döyüşlərin getdiyi bir yerdə... Şəhid olmamışdan 3 gün qabaq axşam saatlarında mənə qəribə bir nömrədən zəng gəldi. Açıb səsindən tanıdım ki, Valehdir, sevincimdən şokda idim. Çünki döyüşün qızğın vaxtı əsgərlərimiz öz evlərinə, doğmalarına zəng vura bilmədiyi bir vaxtda Valehin məni yad etməsi, zəng vurması, həqiqətən, çox böyük sevinc idi. Yoldaşımla və mənimlə danışdı. Dedi, “Hamınız üçün darıxmışam, Muradım üçün lap çox darıxıram, inşallah, mən qayıdana yeriyər, götürüb gələrik sizə, yenə əvvəlki kimi birlikdə olarıq”. Dedim, təki sən gəl, biz özümüz gələrik sənin ziyarətinə. Təəssüf ki, məzar ziyarətinə getmək nəsib oldu. Şəhid olduğu xəbəri yayılanda mən xəstəxanada idim. Əvvəlcə adını, soyadını dedilər, dedim, inşallah o olmaz. Sonra şəklini göndərdilər, çox pis oldum, sanki qolum-qanadım qırıldı. Çünki öz oğlanlarım mənim üçün necə əzizdirsə, Valeh də mənim üçün o qədər doğma və əziz idi. Həmin vaxt Valehin yoldaşına zəng vurdum ki, görüm, o nə deyir... Mənə dedi ki, “Valeh ayağından yaralıdır, evə gətirirlər”. Daha heç nə deyə bilmədim... Anladım ki, Valeh artıq şəhid olub. Allah ona ən uca Şəhid adını nəsib etdi, İmam Hüseynlə qonşu oldu o dünyada. Allah bütün şəhidlərimizi rəhmət etsin. Sanki ürəyimin bir parçasını itirdim Əmisi oğlu - Şahin Mənim bir neçə əmimoğlu var. Valeh tamam başqa cür idi. Qardaşdan artıq idi mənim üçün. Çox ürəyi təmiz uşaq idi. Heç nəyə görə inciməz, narazılıq etməzdi. Özünün, sözünün yerini bilən bir insan idi. Təkcə mən özümə görə demirəm, dediklərimi onu tanıyan hər kəsdən soruşsanız, onun necə bir oğlan olduğunu deyərlər. Hər dəfə özü zəng vurardı, axtarardı, hal-əhval tutardı. Tez-tez deyərdi, sənin qulluğunda hazıram və həqiqətən də, söz xətrinə demirdi, elə də edirdi. Mən onun kimi bir qardaşı itirdiyimə çox üzülürəm. Sanki ürəyimin bir parçasını itirdim. Həqiqətən də, ürəyimin bir parçası idi Valeh. Onu unuda bilmərəm heç zaman. Heç o unudulası oğlan da deyil. Allah bütün şəhidlərimizə rəhmət etsin. Heç vaxt yadımdan çıxmaz, onunla bir dəfə balıq tutmağa getmişdik Qonşusu - Vüsal (Bakı) Valehi uşaq yaşlarından tanıyıram. Heç vaxt yersiz danışmazdı. Ailəcanlıydı, bütün həyatını ailəsinə həsr etmişdi, əslində. Valeh hərtərəfli ibrət götürüləcək bir insan, bir dost, bir qonşu, bir qardaş idi. Valeh sözün əsl mənasında gözəl insan idi. Heç vaxt yadımdan çıxmaz, onunla bir dəfə balıq tutmağa getmişdik. Həmin gün yaxşı balıq tutduq. Dedik-güldük, əyləndik, zarafatlar etdik həmin gün. Valeh balıqlardan çox az miqdarını götürdükdən sonra tutduğu balıqların qalanını geriyə-dənizə atırdı. Niyə belə etdiyini soruşdum. Dedi ki, “Qonşu, yazığım gəlir, qoy yaşasınlar. Onlar da bir canlıdır, bizə bu qədər bəs edər”. Belə bir ürək sahibi idi Valeh. İnsanların bir-birini düşünmədiyi, bir-birinin qanını içməyə hazır olduğu bir dövrdə hətta dənizin dibindəki balığı düşünən bir insanı tanıdığım üçün çox xoşbəxt idim. İndi elə ən çox ona görə üzülürəm ki, biz adi bir insanı itirmədik, minlərlə insanın içində tək-tük rast gəlinə bilən qəlbi dünya boyda olan, saf, təmiz bir insanı itirdik. Bəşəriyyətə lazımlı olan belə insanların həyatının qısalığı, arzularının, ümidlərinin yarımçıq qalması adamı daha çox yandırır. Şəhid xəbəri gələndə öncə inanmadım, ya da inanmaq istəmədim hamı kimi... Atası ilə əlaqə saxladım, doğru olduğunu öyrəndikdə çox pis oldum. Bir müddət özümə gələ bilmədim. Onunla birgə çəkdirdiyimiz şəkillər var telefonda, tez-tez baxıram. Həyat çox qəribədir. Ailəsinə Allahdan səbir diləyirəm. Övladına isə atası kimi mərd, dürüst bir oğul olmasını Allahdan arzulayıram. 20 günün dostluğu İranlı dostu – Ağa Bəhruz Allah bütün Azərbaycan şəhidlərinə rəhmət etsin. O şəhidlərdən biri də mənim dostum Valehdir. Valeh cəmi 20 gün İranda işlədi və bu 20 günə biz onunla dostlaşdıq. Çox gülərüzlü, mehriban bir uşaq idi. Bizim onunla çox şirin xatirələrimiz var. Hətta onu öz oğlum kimi çox sevmişəm. Çox sevilməli, dürüst, abır-həyalı bir uşaq idi. Ailəsinə bağlı idi. İranda olanda nişanlı idi. Sonra bizi ailəvi öz toyuna dəvət etmişdi, mütəssifanə biz gedə bilmədik Azərbaycana. Bizə Azərbaycan yeməklərini bişirməyi öyrədərdi, bizdən də İran yeməklərinin reseptini alardı. Vətənpərvər biri idi, həm də tez-tez işğalda olan Azərbaycan torpaqlarından söz açardı. Deyərdi, “Tezliklə biz öz torpaqlarımızı azad edəcəyik”. Sonuncu dəfə onunla müharibədən qabaq zəng vurub görüntülü danışmışdım. Oğlu Muradı görməmişdim, elə telefonda gördüm. Bir xeyli danışdıq, həyətlərini mənə göstərdi. Dedim, inşallah, Azərbaycana qonaq gələrik, görüşərik. Murad üçün də bir hədiyyə borcum olsun. Ata-anasını çox sevərdi, onların zəhmətkeş olduqlarını və necə kasıblıqla böyüdüklərini deyərdi. Allah ata-anasına can sağlığı versin. İnşallah, gəlib onları da ziyarət edərik. Şəhidliyindən sonra onu bir dəfə yuxuda gördüm. Bizim burada təbii gül dükanımız var idi, Valeh də burada işləyərdi. Yuxuda gördüm, Valeh həmən güllərin içindədir, orada gəzir və arada gülləri sulayır. Bu yuxudan başa düşdüm ki, Valeh, inşallah, Cənnət bağlarındadır. Allah məqamını uca etsin. Ata-anasına, yoldaşına Allahdan səbir diləyirik. Peçenyemizi də iki nəfər bölüb yeyirdik, ehtiyat edə-edə... Cəbhə yoldaşı – Bayram Valeh çox sadə uşaq idi, heç kəslə işi olmazdı, verilən tapşırıqları yerinə yetirməyə çalışardı. Çox məsuliyyətli idi. Döyüşdə də hamıya “can” deyib, “can” eşidərdi. Hamının qayğısına qalardı, yeməyini, suyunu – hər şeyini özü ac olsa da, yoldaşlarına verərdi. Məsələn, Valeh siqaret çəkən deyildi, amma ondan əsgərlər siqaret istəyəndə çıxarıb verirdi. Deyirdim, sən siqaret çəkən deyilsən axı, deyirdi uşaqlar üçün saxlayıram, birdən kiməsə lazım olanda verə bilim. Biz qruplarla döyüşürdük. Mən əvvəl başqa qrupda idim, sonradan onunla kəşfiyyat dəstəsində görüşdük. Bir dəfə bütün qrup uşaqlarının suyu tükənmişdi, heç birimizdə su yox idi. Döyüşdə yeməyin olmamasına bir təhər dözmək olur, amma susuzluq dözülməzdir. Hamımız çarəsiz durumda idik, hərəkət etmək icazəmiz də yox idi. Bir də baxdıq ki, Valeh əlində su gətirir. O cür döyüş şəraitində suyu haradan tapdığını, necə tapdığını ya demədi, ya da mənim yadıma gəlmir. Hamımız o sudan içdik, özümüzə gəldik. İndi hələ də düşünürəm ki, Valeh o suyu haradan gətirə bilərdi?! Çünki bizim nə yuxarı çıxmağa, nə aşağı düşməyə icazəmiz yox idi. Valehin icazəsiz hərəkət etməsini təsəvvür edə bilmirəm. Son dəfə onunla birlikdə yemək yedik. Əslində, elə əksər yeməkləri iki nəfər yeyirdik. Peçenyemizi də iki nəfər bölüb yeyirdik, ehtiyat edə-edə... Elə son dəfə də ikimiz bölüşərək yedik və sonra Valehgil yuxarı tərəfdən, biz isə sağdan irəliyə hərəkət etdik. Həmin tapşırıqdan sonra Valeh qayıtmadı. Onunla böldüyümüz tikələrin bir qismi ondan mənə xatirə qaldı... Onun ölümünə heç cür razı deyildim. Bilirdim, ailəlidir, bir uşağı var. Hətta öz ölümümə razı olardım, onun ölümünü istəməzdim. Şəhidlik böyük bir zirvədir, düzdür, amma bir ailənin başsız, övladın atasız qalması adamı çox incidir. Həyasından başını qaldırıb adama baxmazdı, nəinki danışmaq... Qonşusu - Nüşabə xanım Valeh zəhmətkeş, mərifətli, özünün-sözünün yerini bilən, ən əsası da həyalı idi. Uşaqlıqdan zəhmətə qatlaşan olub. Heç bir təhlükədən qorxmazdı. Toyunda işıq generatorunda yanğın çıxdı, özü bəy olmasına baxmayaraq özünü yanan generatora çatdıran ilk şəxs idi. Sözlərini bir o qədər də xatırlamıram. Əslində, onun heç danışmaqla da arası yox idi. Həyasından başını qaldırıb adama baxmazdı, nəinki danışmaq... Mən onda dinimizin tövsiyə etdiyi, çoxumuzun arzulayıb da çata bilmədiyi xüsusiyyətləri müşahidə etmişdim. Ata-anasına hörmət etmək, ailə dəyərlərinə bağlılıq, insanların qəlbinə dəyməmək, qonşularla səmimi münasibət, zəhmətkeşlik, halal ruzi qazanmaq və.s müsbət xüsusiyyət saymaq olar. Bu cür insanlara nadir rast gəlinir indiki zamanda. Allah da öz işini gözəl bilir. Saf-təmiz bəndələrini bu çirkaba bulaşmış dünyadan tez qurtarır, həm də əvəzində cənnət bəxş etməklə... Valeh cismani cəhətdən çox zəif idi, əsgər gedəndə hamımız deyirdik ki, bu necə xidmət edəcək, silahı götürməyə gücü çatacaqmı? Düşüncəmizin əksi oldu. Valeh nümunəvi xidmətinə görə təşəkkürlər aldı. Komandirlərinin rəğbətini qazandı. Görünür, həmin qüsursuz xidmətinə görə idi ki, Vətənin dar günündə say-seçmə oğullardan biri kimi Valeh də Vətəni qorumağa çağırıldı. Döyüşdən evinə zəng vurduqda biz qonşulara da salam göndərməyi unutmurdu. Bir dəfə evinə zəng vurduqda onlarda idim. Xanımıyla danışdı. Körpə oğluna yaxşı baxmağı tapşırırdı. Yoldaşı da iradəli, mərd qadındır. Elə bilirəm ki, çətin də olsa, oğlunu atasına layiq şəkildə böyüdəcək. Biz qonşular da ömrümüzün sonuna qədər həmişə bu ailənin yanında olmağa, hər cür dəstək olmağa borcluyuq. Valeh bizim rifahımız, əmin-amanlığımız üçün canından keçib... Şəhidlik xəbəri gələndə hamımız çox sarsıldıq. Əlimizdən heç nə gəlmədi, təbii ki... "Hamımız Allahdanıq və ona tərəf qayıtmaqdayıq". Bu qayıdış yolunu kimisi günahlara bulaşmış halda zorla, könülsüz gedir, kimisi də Valeh kimi saf-təmiz ruhu ilə könüllü olaraq gedir. Səfər Valehin idi, Zəfər Allahın. Allah onu şəhid görmək istədi... Məqamı uca olsun...

Təltiflər

"Füzulinin azad olunmasına görə" medalı

Vüqar Heydərov

Vüqar Heydərov

Mayor
Doğum: 29.04.1988 | Şəhidlik: 20.09.2023

Heydərov Vüqar Rafail oğlu 29 aprel 1988-ci ildə Lənkəran rayon Boladi kəndində müəllim ailəsində anadan olmuşdur. 1994-cü ildə Boladi kənd 1 №-li tam orta məktəbin I sinfinə daxil olmuşdur. 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2005-ci ildə hərbi liseyi bitirmiş və həmin ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdur. 2009-cu ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra bir il Təlim-tədris mərkəzində hərbi xidmət keçmişdir. 2010-cu ilin 22 iyulundan şəhadətə yüksəldiyi anadək Naxçıvan Muxtar Respublikasında yerləşən müxtəlif hərbi hissələrdə bacarıqlı və peşəkar zabit olaraq çalışmışdır. Nümunəvi, intizamlı və işini layiqli şəkildə icra edən zabit kimi dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman, təşəkkürnamə ilə təltif edilmişdir. Mayor Heydərov Vüqar 2023-cü ilin sentyabr ayının 20-də saat 12:00 radələrində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.